• Mədəniyyət • Gündəm

Azərbaycan xalçaları Moskvada

321
14-09-2021, 16:06

Azərbaycan xalçaları Moskvada ilk dəfə olaraq xüsusi milli stenddə nümayiş etdirilib.

Bu barədə “Azərxalça” ASC-dən məlumat verilib.

Bildirilir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı və Azərbaycanın Rusiya Federasiyasında ticarət nümayəndəliyinin də iştirakı ilə “Azərxalça” ASC öz məhsullarını Moskva şəhərində keçiriləcək “Heimtextil Russia 2021” sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilib.

2021-ci ilin sentyabrın 14-16-da keçiriləcək Rusiyanın ev tekstili, interyer parçaları və dekor materialları sahəsi üzrə ən iri beynəlxalq “Heimtextil Russia 2021” sərgisində təkcə Rusiyadan deyil, digər ölkələrdən də şirkətlər qatılır. Sərgidə interyer və ev tekstili, xalçaçılıq, iplik istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri “Made in Azerbaijan” brendi altında vahid ölkə stendi ilə təmsil olunur. Sərgidə ənənəvi (klassik) Azərbaycan xalçaları ilə yanaşı “Azərxalça” nın son zamanlarda yerli və dünya bazarına çıxardığı yeni üslublu, modern xalçaları da nümayiş olunub. Tələbatı nəzərə alaraq Qarabağ xalçaları daha üstünlük təşkil edib.

Bu gün Azərbaycanın sərgidəki milli pavilyonun açılış mərasimi baş tutub. Mərasimdə Azərbaycanın Rusiya Federasiyasında ticarət nümayəndəsi Ruslan Əliyev və başda “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov olmaqla cəmiyyətin yaradıcı qrupu da iştirak edib.

Məlumat üçün bildirək ki, Moskva şəhərinin mərkəzində yerləşən Mərkəzi Sərgi Kompleksi “Ekspocenter” də təşkil olunan sərgiyə hər il ümumi hesabla 17 min mütəxəssis baş çəkir. Digər illərdən fərqli olaraq 2021-ci ildə “Heimtextil Russia” eyni vaxtda və bir məkanda “Interlight Russia | Intelligent building” və “Techtextil Russia” sərgiləri ilə birləşərək iştirakçıların məhsullarını – ev tekstili məhsulları, interyer parçaları, divar kağızları, boya, dekorativ işıqlandırma, ağıllı evlər üçün sistemlər, ev aksesuarları və s. nümayiş etdirmək üçün qlobal bir platforma yaradır.

Sərgi zamanı dizaynerlər və dekorativ sahə mütəxəssislərinin tekstil dizaynı və daxili dekorasiya ilə bağlı mühazirələri keçirilib. Söhbət əsasən trendlər və yeni məhsullar üzərində qurulub. Avropa və Rusiyadan olan aparıcı dekorativlər, dizaynerlər, memarlar, mühazirə salonunda təcrübələrini və ən gözə çarpan layihələrini bölüşüblər.

Sərgi zamanı evlərin və ya mənzillərin interyerlərinə deyil, eyni zamanda restoranların, klubların, barların və digər iaşə obyektlərinin, həmçinin ofislər və sənaye binalarının təchiz olunmasına da xüsusi diqqət yetirilib.

FACEBOOK ŞƏRH YAZ