• İdman • Gündəm

"Qızıl Top" mükafatına 5 əsas namizəd - SİYAHI

327
13-07-2021, 17:00

Avropa Çempionatı və Amerika Kubokunun başa çatması ilə "Qızıl Top" mükafatının əsas namizədləri müəyyənləşib.

Fransanın nüfuzlu "France Football" nəşri tərəfindən hər il təqdim olunan mükafat üçün 5 əsas namizəd var.

Leo Messi

"Barselona" ilə müqaviləsinin müddəti başa çatan Messi, Amerika Kubokunu qazanmasaydı, o qədər də ciddi rəqib olmazdı. Lakin 34 yaşlı hücumçu 28 il sonra Argentina millisinin kubok həsrətinə son verməkdə böyük rol oynadı. Bundan əlavə, Leo, 2020-21 mövsümündə də "Barselona"da ən yaxşı formasını ortaya qoyub.

Jorjinyo

29 yaşlı yarımmüdafiəçi bu mövsüm "Çelsi" ilə Çempionlar Liqasını, İtaliya millisi ilə isə AVRO-2020-ni qazanıb. Bu səbəblərə görə, Jorjinyo bu ilin ən yaxşısı adına əsas namizədlərdən biridir.

Harri Keyn

Nəinki bu mövsüm, karyerası boyunca kubok qazanmamasına baxmayaraq, Harri Keyn də "Qızıl Top"a namizədlər arasındadır. 27 yaşlı hücumçu, geridə qoyduğumuz mövsüm İngiltərə Premyer Liqasını bombardir olaraq tamamlayıb (23 qol). Avropa çempionatı finalında Kyellini və Bonuççi səddini keçməkdə çətinlik çəksə də, Keyn turnirin ən yaxşılarından biridir.

Robert Levandovski

Levandovski Polşa millisi ilə AVRO-2020-də yetərincə diqqət çəkməyi bacarmadı. Lakin ulduz futbolçu çempion olan "Bavariya"nın heyətində 29 oyuna 41 qol vuraraq Bundesliqada mövsüm ərzində ən çox qol rekordunu qırdı.

Corcio Kyellini

Corcio Kyellininin Leonardo Bonuççi ilə birgə müdafiədə çəkdiyi səddi keçmək istənilən futbolçuya çətinlik yaşatdı. Təbii ki, 36 yaşlı müdafiəçi olmasaydı, İtaliyanın Avropa çempionu olmağı da şübhə altında qalardı.

Qeyd edək ki, müdafiəçilər arasında "Qızıl Top"u sonuncu dəfə 2006-cı ildə İtaliya millisini Dünya Kuboku finalına daşıyan Fabio Kannavaro qazanıb.

Xatırladaq ki, pandemiya səbəbindən 2020-ci il üzrə "Qızıl Top" mükafatı təqdim olunmamışdı.

FACEBOOK ŞƏRH YAZ