• Cəmiyyət • Gündəm

Ordu - qürur mənbəyimiz: Xalqımız güc birliyimizdir! - FOTOLAR

814
22-06-2021, 12:07

“Virtual Qarabag” İnformasiya və Texnologiyalar Mərkəzinin akt zalında “Əsgərə xatirə” layihəsinin növbəti tədbiri keçirilib.

BAKU.NEWS bildirir ki, tədbirdə layihənin rəhbəri Nuranə Şıxaliyeva, TÜRKBİRKON-nun baş direktoru Hakan Aktürk, millət vəkili Vüqar İsgəndərov, “Virtual Qarabağ İKT-nın rəhbəri, tanınmış ictimai xadim Nurəddin Mehdiyev, Diamed Klinikasının Bakı və Sumqayıt şəhərləri üzrə fəaliyyət göstərən şöbələrinin icraedicisi, fəxri üzv, doktor Mahirə Əhmədova, fəxri üzv, doktor Afət Abbasova, fəxri üzv, psixoloq Aytən Ələkbərova, ATU-nun dosent müəllimi, fəxri üzv Firəngiz Quliyeva, layihənin icraçı direktoru Məltəm Arifqızı, sahibkar, fəxri üzv Sıxəliyev Şıxəli, XTQ zabiti, Vətən müharibəsi qazisi, Bayraq ordeni ilə təltif olunmuş qazi Yaşar Bağırov, XTQ kəşfiyyatçısı, Vətən müharibəsi qəhrəmanı, şəhid polkovnik-leytenant, Şuşanın, Cəbrayılın azad olunması və Vətən uğrunda medalları ilə təltif olunmuş Ramiz Cəfərovun qız övladı Nigar xanım və həyat yoldaşı Sitarə xanım iştirak ediblər.

Qeyd edək ki, layihəyə Alpaqut Federasiyasının birinci vitse-prezidenti, tanınmış ictimai xadim Nuranə Şıxaliyeva rəhbərlik edir və növbəti tədbir 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Gününə həsr edilib.

Tədbiri giriş sözü ilə açan “Əsgərə xatirə” layihəsinin rəhbəri Nuranə Şıxaliyeva ilk öncə Vətən müharibəsində suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz ruhlarını bir dəqiqəlik sükutla yad olunmalarını təklif etdi.

Layihə rəhbəri daha sonra qeyd edib ki, Müzəffər Ali Baş Komandan, xalqımızın qalib Sərkərdəsi cənab İlham Əliyevin rəhbərliyi altında vahid şəkildə birləşən Azərbaycan xalqı “Dəmir yumruq” birliyi ilə düşmənə ağır zərbələr endirərək, onun üzərində möhtəşəm və tarixi zəfər qazandı. Tariximizə Vətən müharibəsi olaraq düşmüş bu şanlı qələbə dünyaya səs saldı, qəhrəmanlıq dastanı yazdı. Bu gün hər bir azərbaycanlı şanlı qalibiyyət sevincinə görə məhz öz Liderinə, Müzəffər Sərkərdəsinə cənab Ali Baş Komandan İlham Əliyevə, eləcə də Onun rəhbərliyi altında düşmənə qarşı şərəfə, igidcəsinə mübarizə aparmış, Qarabağımızı azad etmiş şəhidlərimizə, qazilərimizə borcludur.

Nuranə Şıxaliyeva eyni zamanda qeyd etdi ki, 44 günlük haqq savaşında qardaş Türkiyə dövləti ardıcıl olaraq Azərbaycana öz dəstəyini göstərdi, eyni zamanda, həmin dəstək indi də davam etdirilməkdədir. “Azərbaycan və Türkiyənin dövlət başçıları – Prezident İlham Əliyev cənabları və Prezident Rəcəb Tayyib Ərdoğan cənablarının tarixi Şuşa Bəyannaməsini imzalamaları zamanı vurğuladıqları “Azərbaycan və Türkiyənin qardaşlığı əbədidir” fikirləri isə böyük Türk Dünyasının, eləcə də regionumuzun müqəddəratına öz nəhəg töhfələrini vermiş olacaq”, vurğulayan Nuranə Şıxaliyeva “Əsgərə xatirə” layihəsinin iştirakçılarından olan TÜRKBİRKON-nun baş direktoru Hakan bəy Aktürkü aralarında görməkdən şərəf hissi duyduğunu bildirib və qeyd edib ki, bu qardaşlıq tellərinin möhkəm dayaqlara söykənməsinin bariz göstəricisidir.

O, tədbir iştirakçılarını Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edərək edərək bildirib ki, “Əsgərə xatirə” layihəsi 6 illik fəaliyyəti dövründə öz fəallığını daim nümayiş etdirib və bu qürurverici məram bundan sonra da davamlı olaraq həyata keçiriləcək.

Sonra söz TÜRKBİRKON-nun baş direktoru Hakan Aktürkə verildi. Türkiyəli qonaq, öz növbəsində, Vətən müharibəsində qazanılan qələbə münasibəti ilə həm Azərbaycanı, həm də Türkiyəni təbrik edib və vurğulayıb ki, məhz “Dəmir yumruq” birliyi sayəsində haqq və ədalət öz yerini tutub, Azərbaycan xalqı böyük qalibiyyət və qəhrəmanlıq dasstanı yazaraq bütün dünyaya gücünü, qüdrətini nümayiş etdirib. Onun sözlərinə görə, qazanılan zəfər hər iki qardaş ölkənin liderləri – cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın iradələri, cəsarətləri, fədakarlıqları, ən əsası isə xalqın vəhdəti sayəsində dünyaya səs salıb.

Çıxış edən millət vəkili Vüqar İsgəndərov vurğulayıb ki, “Əsgərə xatirə” layihəsinin həyata keçirilməsi kifayət qədər mühüm bir hadisədir və bu, ilk növbədə, şəhid ailələrinə, qazilərimizə, Vətən müharibəsi qəhrəmanlarımıza göstərilən diqqət və qayğının təzahürüdür. “Dövlətin qüdrəti onun ordusunun qüdrəti ilə ölçülür. Güclü ordu müstəqil dövlətçilik, sabitlik və inkişaf deməkdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, müzəffər Ordumuzun şücaəti nəticəsində topraqlarımız işğaldan azad olunub, Azərbaycan Vətən Müharibəsində böyük Zəfər qazanıb. 44 günlük müharibədə tarix yazan rəşadətli ordumuz, qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın haqq mübarizəsində sarsılmazlığını, qələbə əzmini, hərb meydanında yüksək döyüş məharətini bütün dünyaya nümayiş etdirib.

Vətən müharibəsində əldə edilən tarixi zəfərimizin nəticəsidir ki, artıq Azərbaycan dövləti istər regionda, istərsə də beynəlxalq aləmdə öz yerini daha da möhkəmləndirib. O da əbəs deyil ki, iyunun 15-də Şuşada iki qardaş ölkələrin – Azərbaycannın və Türikiyənin dövlət başçıları tərəfindən imzalanan tarixi Bəyannaməsi bu birliyin daha sarsılmaz dayaqlara söykənməsinin bariz sübutudur”, deyən millət vəkili vurğulayıb ki, bu gün sərhədlərimiz göz bəbəyi kimi qorunur və xalqımızın Lideri, Sərkərdəsi, cənab Prezident İlham Əliyevin qətiyyəti sayəsində azad edilmiş torpaqlarımızda inşaat və quruculuq işləri sürətlənir, Qarabağımız cənnətmənaka çevrilir.

Vüqar İsgəndərov 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə hər kəsi təbrik edərək uğurlar və yeni-yeni qələbələr arzuladı.

Sonra söz “Virtual Qarabag” İnformasiya və Texnologiyalar Mərkəzinin direktoru Nurəddin Mehdiyevə verildi. İTM-in rəhbəri qeyd etdi ki, bu gün yaşanan qələbə ruhunun və qalibiyyət quhunun banisi və memarı cənab Prezident, Ali Baş Komandan İlham Əliyevdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü qalibiyyətlə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi, cənab Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. “Məhz Xalq-Ordu-Dövlətçilik vəhdətinin yaradılması, möhkəmləndirilməsi, şanlı Silahlı Qüvvələrimizin şücaətləri, qəhrəmanlıqları sayəsində mənfur işğalçılar Qarabağdan qovularaq məğlubiyyətə uğradılar. Vətən müharibəsi Azərbaycan xalqının sarsılmazlığını, qətiyyətini sübut etdi. Bu birlik isə dünyanın hərb tarixinə yeni imzalar atnmış oldu”, deyən Nurəddin Mehdiyev onu da xatırlatdı ki, həyata keçirilən layihə öz uğur simvolunu Prezident İlham Əliyev cənablarının, eləcə də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın dünyaya örnək olan humanizm və qayğı dəyərlərindən götürüb, bəhrələnib: “Qarşıda isə bizləri daha böyük uğurlar və qələbələr gözləyir. Qarabağımızın inkişafı və tərəqqisi üçün atılan hər bir addım, verilən hər bi qərar isə bu məkanın dünyanın ən cənnətməkan güşələrindən birinə çevirəcək. Təbii ki, bütün bunların reallaşması üçün Vətən oğullarımız, qızlarımız qəhrəmanlıq salnamələri yazdılar, canlarından keçdilər, qazi oldular. Mən də Silahlı Qüvvələrimiz Günü münasibəti ilə şəhid ailələri qarşısında baş əyir, qəhrəman qazilərimizə öz sonsuz minnətdarlıqlarımı çatdırıram. Həmçinin, “Əsgərə xatirə” layihəsinin uğurlu davamını arzu edirəm”.

Tədbirdə çıxış edən layihənin psixoloqu, fəxri üzvü Aytən Ələkbərova isə öz növbəsində bildirdi ki, belə bir layihədə iştirak etmək, onun fəxri üzvü olmaq çox şərəfli və qürurverici bir hissdir. “Fürsətdən istifadə edərək, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103-ci ildönümü və Vətən müharibəsində qazanılan zəfər münasibəti ilə hər kəsi təbrik edirəm, Vətənimizin müdafiəsində, torpaqlarımızın azadlığı uğrunda fədakarlıqla mübarizə aparan əsgər və zabitlərimizə can ağlığı və fəaliyyətlərində uğurlar arzulayır, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfalar diləyirəm”, deyə qeyd edən Aytən Ələkbərova tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının qəhrəmanlıqlarından söz açıb və eyni zamanda bildirib ki, Vətən müharibəsində iştirak edərək sağlamlığını itirən qazilərin, müharibə iştirakçılarının gündəlik qayğıları daim ölkə rəhbərliyinin diqqət mərkəzində olub bu gün də müvafiq dəstəklər göstərilir. “Qazilər, müharibədən tərxis olunanlar və hal-hazırda hərbi xidmətini davam etdirən hərbçilərin ailələri də diqqət mərkəzində saxlanılır, onların qayğıları ilə ciddi maraqlanır və həlli üçün səylərini əsirgəmirlər. Iştirak etdiyimiz layihənin məqsədlərindən biri də budur ki, bizlər də əlimizdə olan bütün imkanlardan istifadə edərək, daim Vətən övladlarımızın yanında olaq, onlara davamlı dəstəklərimizi göstərək”.

Çıxış edən digər tədbir iştirakçıları və qonaqlar Silahlı Qüvvələr Günü münasibəti ilə təbriklərini çatdıraraq “Əsgərə xatirə”layihəsinin rəhbərliyini və fəallarına öz minnətdarlıqlarını bilıdiriblər. Eyni zamanda, Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad olunmasından və əsgərlərimizin qəhrəmanlıqlarından fəxrlə söhbət açıblar.

Tədbirin sonunda tədbir iştirakçılarına fəxri mükafatlar təqdim olunub, xatirə fotoları çəkilib.


FACEBOOK ŞƏRH YAZ