• Cəmiyyət • Gündəm

Aleksandr Ata Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq

153
11-06-2021, 15:15

Tanınmış din xadimi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu, Rus Pravoslav Kilsəsinin Şuralararası İdarəsinin üzvü Aleksandr Gennadyeviç İşeinin (Aleksandr Ata) dəfn olunacağı yer müəyyənləşib.

BAKU.NEWS Report-a istiandla bildirir ki, mərhum Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Belə ki, mərhum Aleksandr İşeinlə iyunun 13-də vida mərasimi keçiriləcək və vida mərasimindən sonra o, dəfn ediləcək.

Qeyd edək ki, Aleksandr İşein iyunun 10-da uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Xatırladaq ki, Aleksandr İşein 1952-ci il iyunun 13-də Rusiyanın Yaroslavl şəhərində anadan olub. Moskva Ruhani Seminariyasını bitirdikdən sonra o, uzun müddət Şimali Qafqazda din xadimi kimi fəaliyyət göstərib.

1992-ci ildən Azərbaycanda dini fəaliyyətini davam etdirən Aleksandr İşein 1995-ci ildə ölkəmizdəki pravoslav prixodlarının rəhbəri vəzifəsinə təyin olunub, Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun qərarı ilə 1998-ci ildə Bakı və Xəzəryanı Yeparxiyanın, 2011-ci ildə Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu seçilib, daha sonra arxiyepiskop dini rütbəsinə layiq görülüb.

Arxiyepiskop Aleksandrın din xadimi kimi səmərəli fəaliyyəti yüksək qiymətləndirilib və o, 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni və 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

FACEBOOK ŞƏRH YAZ