• Köşə • Gündəm

“Bişem-mişey var?” - Biri-birimizə verdiyimiz 13 sarsaq sual - SİYAHI

589
22-05-2021, 22:48

BAKU.NEWS Azərbaycanlıların bir-birinə verdiyi ən mənasız və zəhlətökən sualları təqdim edir. 

Nə qulluq edim? – Oradan iki kisə un al, mümkünsə. Yəqin cavabı gözləmirdiniz. Çünki, heç kim belə bir cavab verməz.

Nə yazıq ki, sualı verən də bunu bilir və elə buna görə verir. Buna el arasında hamam suyu ilə dost tutmaq deyirlər.

Əslində, bu jestlə dost tutmaq da mümkün deyil. Çünki sualın ritorik, daha doğrusu saxta olduğunu hər kəs bilir. 

Niyə tərpənmirsən? – Gec ailə qurnalara deyirlər. Və buradakı “tərpənmirsən” ifadəsi, əslində, məsələyə təhqiramiz dərəcədə laqeydliyin göstəricisidir. Bu qədər laqeyd olduğun bir məsələni niyə soruşursan? Həm də bəlkə sualı verdiyin adamın cinsi oriyentasiyası fərqlidir? Yaxud, səhhətində problem var? Ən vacibi, bu onun şəxsi, hətta intim işi deyilmi? Ailə nə qədər sosial institut olsa da ailədaxili münasibətlərin gizli, həssas, munis tərəfləri daha çoxdur. Sərhədi itirməmək nəzakət əlamətidir. 

Nə qədər maaş alırsan? – 5 min yevro! Paxıllığın tutdu? Bu sual o qədər qeyri-etikdir ki, hətta onunla bağlı el məsəli də var. Seksist olsa da qeyd edək: Qadından yaşı, kişidən maaşı soruşmazlar.

Bişey-mişey var? – Dünyaya gələcək övlad haqda deyilir.

Bişem-mişey! Yəqin rüşeymi soruşurlar. “Bişey-mişey” ifadəsinin özü də rüşeym sözünə oxşayır. Təsəvvür elə, kişisənsə, qadının, qadınsansa öz bətnində baş verməkdə olan, yaxud baş verməsi nəzərdə tutulan prosesi soruşmaq! Ağıla bax! Dərrakəyə bax! Adamın heç özü bilmir nə var, nə yox. Kiminsə dünyaya uşaq gətirmək istəyi və ya istəksizliyi o qədər özəldir ki, bu barədə düşünmək belə ayıbdır. Nəinki açıq-açığına sual vermək.

Qeysəriyyə ilə doğuldu, yoxsa təbii yolla? - Gərək, bu suallarla məşğul olan xüsusi instansiya olsun. Təxminən məhkəmə-fason bir şey. Sarsaq suallara görə müraciət edib təzminat tələb edəsən. Ya da cavab verirsən: “Qeysəriyyə ilə!” Adam susmaz: “Deyirlər, qeysəriyyə ilə doğulan uşağın sonralar dərisində xəstəlik yaranır”. Allah sən saxla! Hələ bu yaxşıdır.

Dalınca, “fiqura saxlayır” deyib dodaq büzənlə də ola bilər. 
Korona tutmuşdun? – Günün aktual sualı. Hətta dalınca belə deyənlər də olur: “Tutmusan, boynuna almırsan! Hahaha!”. Nə deyəsən? Qardaş, TƏBİB-də işləyirsən yoxsa Operativ Qərargahda? Şübhəlisənsə, uzaq gəz, qorun. Əgər bu sualla mənim və ətrafdakıların qeydinə qaldığına əmin olsam, narahat olmaram, bilirəm ki, belə deyil. Səninki sadəcə bir “çuşka” əyləncəsidir. Bir az mədəni ol. 

Ayrı nə var nə yox? – Nə sualı verən bilir nə soruşur, nə də sualı alan. Ayrı nə olasıdır? Ən mürəkkəb vəziyyəti belə iki-üç dəqiqədə izah eləmək mümkündür. Niyyətin nədir? Sözün yoxdursa, bir az susa da bilərsən. Bəzən sükut ən yaxşı ünsiyyətdir. 

Sevgilin var? – Yuh bə! Evli adama verilirsə: Yuh bə! Yuh bə! Yaşlı və evli adama verilirsə: Yuh bə! Yuh bə! Yuh bə! 

Üzünü niyə qırxmırsan? – Sevgilim belə xoşlayır. Deyir, hardan təmas edirsən, qıdıqlayır, həzz verir. Razı qaldın? Heç düşünmürsən, mənə bu cür görünmək xoş ola bilər. İstəyirəm saqqallı olum. Qadağandır? 

Saçını niyə kəsdirmirsən? – Gey olacağam yaxınlarda. Ciddi fikrimdir. Planlamışam. Hələ diqqətlə baxsan qulağımda sırğa da var. Yan, tökül.

Çak-çuk olur? – Rüşvətə mental dəstəyi nümayiş etdirən sualdır. Statistik azərbaycanlı iş yerində, vəzifə başında mütləq qanunun gözündən yayınan qazanc əldə etməlidir.

Buna nəinki haqq qazandırır, hətta vacib sayırıq. Belə ifadələri hamımız eşitmişik: Filan qədər maaş alır, amma çak-çuku da olur! Çak-çuk deyəndə nadir hallarda halal yolla əldə edilmiş qazanc nəzərdə tutulur. 

Öz burnundur? - Yox qonşunun! Lap plastik əməliyyat olunsa belə adamın öz burnu olur da. Harasa burun yağıb? Şükür Allaha, qəza-zad keçirib, burnumu itirməmişəm və kimdənsə mənə burun nəqli olmayıb. İkincisi, lap sualı düz vermisən, mənimlə bu sözü soruşacaq qədər yaxın deyilsən axı? Bir balaca etika! Olarmı? 

Haralısan? – Naxçıvanlı! Əslimiz, “yeraz”dır amma. Belə cavab verin. Əmin olun, düz gedəcəklər. 

Bonus: 

Bir gün kimsə Molla Nəsrəddinə deyir: 

- Bir qazan dolma aparırlar? 
Molla cavab verir: - Mənə nə?! 
Adam deyir: - Qazanı sizə aparırlar? 
Molla cavab verir: - Sənə nə?!

/Kulis.az/

FACEBOOK ŞƏRH YAZ