• Köşə • Gündəm

"Böyük qələbəyə kölgə salmaq milli xəyanətdir" - Qüdrət Nuriyev

1 738
8-04-2021, 12:02

30 illik həsrətdən sonra xalqımızın zəfər sevincinə zəhər qatmaq cəhdləri qınanmalıdır!

Azərbaycanın işğal edilmiş ərazilərində qoşunların təmas xəttində təcavüzkar Ermənistan tərəfindən 2016-cı ilin aprelin əvvəllərində törədilən təxribata qəhrəman ordu hissələrimizin cavab verməsi nəticəsində işğal altında olan 2000 hektara yaxın ərazimizin, o cümlədən mühüm əhəmiyyətli Lələtəpə və Talış yüksəkliklərinin, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin düşmən işğalından azad edilməsi xəbərinin bütün Azərbaycan bayram etdi.

Qələbə xəbərinə həsrət qalmış xalqımızın vətənpərvər kəsimi bir qarış torpağın belə azadlığını qürur hissi ilə qarşıladı. Heç kimə sirr deyilki, həmin dövrdə Ordumuzun daxilində cinayətkar və xəyanətkar şəxslərin bağışlanmaz hərəkətləri nəticəsində igid əsgərlərimizin daha böyük ərazilərimizin işğaldan azad etməsinə imkan vermədi.

Bundan bir il sonra ölkəmizin hərbi rəhbərliyi və hüquq-mühafizə orqanları haqqlı olaraq daxildəki xəyanətkar ünsürlərə qarşı əməliyyata başladı. Bu əməliyyatların nəticəsində bir çox hərbiçi həbs olunaraq, istintaqa cəlb olundu.

Dörd il sonra isə müzəffər Ordumuz yenidən zəfər yürüşünə start verdi. Ordumuzun maddi-texniki bazası möhkəmləndiyindən, döyüşən əsgər və zabitlərin mənəvi-pisixoloji hazırlığı yüksəldiyindən, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli mövqeyi xalqımızda böyük qələbəyə inam hissi yaratmışdı. Qələbəyə inananlar heç də yanılmadı... 27 sentyabrda başlanan döyüş əməliyyatları nəticəsində xalqımız demək olar ki, hər gün cəbhədən şad xəbərlər eşidirdi. Vətənpərvər oğullar elə ilk gündən könüllü döyüş bölgələrinə göndərilmək üçün aidiyyatı qurumların qarşısında növbə gözləyirdilər. Oğlunun döyüşdə şəhid olma xəbərini eşidən atanın, ananın ilk sözü - "Vətən sağ olsun" olurdu. Arxa cəbhədəki Vətənsevər insanlar son manatlarını belə sevə-sevə Orduya bağışlayırdı. Bəli, 44 gün ərzində milli ruh və milli birlik bir an olsun belə arxa plana keçmədi. Müzəffər Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanımızın qətiyyətli siyasəti ilə yanaşı, milli birliyimizin də payı böyük qələbəmizdə az olmadı.

Təəssüf olsun ki, 44 günlük Vətən savaşı Qarabağımızın azadlığı ilə bitəndən sonra, bəzi üzdəniraq vətənşüvənlər böyük qələbəmizə kölgə salmağa cəhd etdilər.

Müxtəlif əsassız iddialarla xalqımızın qələbə sevincinə zəhər qatmaq üçün sanki yarışa girmişdilər. İndi isə bəzi dırnaqarası Vətən və dövlət sevənlər sosial şəbəkələrdə, internet kanallarında 4 il əvvəl baş vermiş hərbi xəyanətə haqq qazandırmaqla, bizlərə qələbə sevinci yaşadan yüksək rütbəli hərbiçilərimizin fəaliyyətinə kölgə salmağa çalışırlar.

Hətta şəhid olmuş zabitlərimizin adlarını belə öz çirkin məqsədləri üçün istifadə edirlər. Bu hərəkətlər müzəffər Ordumuzu xalqımızın gözündən salmaq cəhdlərindən başqa bir şey deyil.

Heç şübhəsiz ki, bu insanlar öz məkrli niyyətlərinə nail ola bilməyəcəklər. Bu xalq öz qəhrəmanlarını yaxşı tanıyır və sevir. Xəyanətkarlara isə nifrət edir.  

Baş tacımız, qeyrət qalamız Şuşamızın igid əsgərlərimizn qəhrəmanlığı ilə düşmən işğalından azad olunmasının bu gün 5 ayı tamam olur. Bu beş ayda cənab Prezidentimiz iki dəfə ailə üzvləri ilə birlikdə Şuşaya səfər etdi və Şuşanın yenidən qurulması üçün müvafiq tapşırıqlar verdi. 30 ildən sonra Şuşada Novruz tonqalı alovlandı. Digər azad olmuş rayonlarımızın bərpası üçün dövlət orqanları tərəfindən müvafiq işlər görülür. Yurd yerlərindən məcburi köçkün düşmüş insanlarımız həsrətlə doğma torpaqlara geri dönəcəkləri günü gözləyirlər.

Xalqımızın sevincinə zəhər qatmağa cəhd edənlər Azərbaycanımızı sevməyən qüvvələrin sifarişini yerinə yetirməklə, nə boyda günah və milli xəyanət etdiklərinin fərqindədirlərmi?

Ölkəmizdə qəsdən və ya təsadüfi yol verilən cinayətləri törətmiş şəxslərin əməlləri dövlətimizin hümanist siyasəti nəticəsində bağışlana bilər. Ancaq, milli xəyanəti nə xalqımız, nə də dövlətimiz heç zaman bağışlamır.

Qüdrət Nuriyev 

Azərbaycan Alpaqut Federasiyasının
Prezidenti 

FACEBOOK ŞƏRH YAZ