• İdman • Gündəm • Müsahibə

Azər Həsənsoy: "Operativ Qərargah "operativ" adını doğrultmur"

589
20-01-2021, 19:03

Müsahibimiz Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının Prezidenti, Əməkdar İdman Xadimi Azər Həsənsoydur.

- Azər müəllim  öncə  Assosiasiya  barədə  qısa məlumat  verərdiniz.

A.Həsənsoy: Təşəkkür edirəm. Azərbaycan  Döyüş Federasiyaları  Assosiasiyası 1998 -ci ildə 4 federasiya, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi tərəfindən yaradılmışdır. İlk illər ciddi fəaliyyətləri olsa da sonralar bir qədər  zəifləmişdir. Daha sonra bir çox müraciətləri və mövcud durumu nəzərə alaraq Assosiasiyanı  təkrar  dövlət qeydiyyatından keçirdik və hazırda 13 federasiya və təşkilat Assosiasiyanın üzvləridirlər.  

Son illər bir sıra böyük layihələr həyata keçirmişik. Bunlardan ən möhtəşəmi  2019-cu il  24-26 dekabr tarixlərində   “Prezident Kuboku” Beynəlxalq döyüş Sənətləri Festivalı idi. Bundan öncə də bir dəfə  bu festivalı təşkil etmişdik. Amma 2019-cu il keçirilən  festivalda 9 döyüş növü üzrə 12 ölkədən 400- ə qədər   iştirakçı olmuşdur. Nəzərə alsaq ki bu tip festifal  ölkəmizdə ilk dəfə idi ki keçirilirdi,  düşünürəm bunu böyük uğur hesab etmək olar.

Asosiasiyda üzvlük federasiyalara fəaliyətində heç bir məhdudiyyət qoymur, üzvlük haqqı tələb olunmur ,əksinə Assosiasiya   üzvlərinin tədbirlərində iştirak və köməklik edir.

- Siz Assosiasiyaya  üzv təşkilatlarla birlikdə  Operativ Qərargaha müraciət etmisiniz. Səbəb nə idi?

A.Həsənsoy: Məlumdur ki, pandemiya ilə əlaqədar ölkəmizdə idman zallarının fəaliyyəti artıq 11 aydır ki qadağan edilib. Qeyri Olimpiya növləri üzrə məşqçilər üçün bu qadağa təbii ki ciddi sosial çətinliklər yaratmışdır. Amma  bununla belə biz qaydalara əməl edilməsi üçün böyük təbliğat və izahat işləri aparmışıq ki, hamı məhdudiyyətlərə əməl etsin. Başlanğıcda ümüd edirdik ki, bu məhdudiyyətlər müvəqqətidir və ötən ilin yay aylarında aradan qaldırılacaq. İmkan daxilin yardımlaşmaqla az da olsa çətinlikləri zəiflətməyə çalışmışıq. Lakin yayda  bu baş vermədi, söhbətlər gedirdi ki payızda zalların fəaliyyətinə icazə veriləcək. O da olmadı. Son olaraq yanvar ayının 18 –də Operativ qəragahın qərarı isə bizi tam məyus etdi və  biz artıq Federasiya rəhbəri olaraq məşqçilərə, idmançılara nə deyəcəyimizi bilmədik. Çünki deyəcək bir söz qalmayıb. Görünür Operativ Qərargahda idman ictimaiyyətinin durumu barədə məlumatı olan heç kim yoxdur və ümumiyyətlə bu problem onları  maraqlandırmır da. Baxın qeyri Olimpiya növləri üzrə məşqçilərin demək olar ki hamısı məşq keçmək üçün  zalları icarəyə götürürlər. Bu aylar ərzində elə zal sahibləri var ki onlar  məşqçiləri  zaldan çıxartmışlar çünki,  fəaliyyət olmadığı üçün icarə haqqı verə bilmirlər.  Fəaliyyət olanda da  bir  qrupda 15 -25 idmançı yığılır. İcarə haqıı və digər xərcləri çıxanda məşqçilərə minimal əmək haqqı civarında pul qalır.  Bir çox məşqçilərin bir neçə evladı var və ailəsi ancaq məşqlərdən əldə edilən o minimum  pulla dolanır. Artıq 11 aydır  bu məşqçinin evinə 1manat daxil olmursa bu məşqçi nə etməlidir? Necə yaşamalıdır? Yəqin ki hər kəs çətinliyin “dərəcəsini “ başa düşər. Bir neçə dəfə təkliflər vermişik ki, böyük zallarda kontakt olmadan məqləri keçmək mümkündür, ən azından bu şərtlərlə məşqlərə  icazə verin. Dediyim kimi OQ-ın idman ailəsini heç düşünmək fikri yoxdur yəni, qərargah “operativ” adını doğrultmadı. Bu isə nəticədə böyük bir sosial problem yaradıb. Tezliklə problem aradan qaldırılmasa vəziyyət  daha da çətinləşəcək.  

Qaldı idman tərəfinə. Artıq may ayından etibarən keçiriləcək Dünya və Avropa Çempionatlarına dəvətlər almışıq. 11 ay fəaliyyətimizin olmaması nəticəsində isə, İllər boyu zəhmətlə yetişdirdiyimiz idmançları demək olar ki itirmişik.

Azərbaycan bu il, eləcə də gələn il  bu yarışlarda necə nəticə verəcək? Əlavə edim ki, elə qonşularımız olan ölkələrin heç birində bu müddət ərzində  idman zalları tam bağlanmayıb. Ona görə  biz Operativ Qərargaha rəsmi müraciət etdik. Ümüd edirik ki tezliklər  bu ciddi problem həllini tapar.

FACEBOOK ŞƏRH YAZ