• Qarabağ • Gündəm

Sabah Bakıda Xocalı yürüşü olacaq

196
25-02-2019, 10:45

Soyqırımın 27-ci ildönümü ilə bağlı yürüş də daxil, digər kütləvi ziyarətlər təşkil ediləcək...
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımının 27 ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının da iştirakı ilə törədilən soyqırımla əlaqədar hər il olduğu kimi bu il də Bakıda Xocalı şəhidlərinin xatirəsinə ucaldılan “Ana harayı” abidəsinə ziyarətlər təşkil olunacaq.
Azərbaycan hökuməti Xocalı soyqırımının 27 illiyində yüz minlərlə insanın iştirakı ilə izdihamlı yürüş keçirməyi planlaşdırır. Bununla bağlı ciddi hazırlıqlar gedir.
Məlumat üçün bildirək ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Hazırda Xocali soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama və Şotlandiya tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda “Xocalı soyqırımı” və “Xocalı faciəsi” kimi, digər ölkələrdə isə “Xocalı qətliamı” kimi anılır.

FACEBOOK ŞƏRH YAZ