• Köşə • Gündəm

"Səyahətlərim arasında ən gözəl və unudulmazı Şuşa səfərim oldu" - FOTOLAR

1 658
14-01-2021, 09:14

Bu yaxınlarda Şuşada səfərdə olan “Discovery Azerbaijan” jurnalının redaktoru, Azərbaycan Turizm Blogerləri Assosiasiyasının İdarə Heyətinin üzvü Rəna Kərimova öz təəssüratlarını BAKU.NEWS-a bölüşüb.

O bu səyahətin ən gözəli və unudulmaz olduğunu bildirib.

"Hələ uşaq yaşlarımdan, səyahətin s-sından anlayışım olmayan vaxtlarımdan Şuşa adı mənim üçün dəyərli idi. Bu şəhərdə doğulmamışam, heç bu şəhəri görməmişəm, amma getməyi, görməyi ən çox arzuladığım bir məkana çevrilmişdi. Sonra uzun illər işğal altında olması, illər əzrində həsrət qalmağım bu arzumu reallaşması çətin görünən xəyala çevirdi. Amma bu gün o xəyal reallaşdı, arzularımın şəhərinə ayaq basdım".

Həmişə məndən soruşanda ki, “ən gözəl, unudulmaz səfəriniz hara olub”, bu suala cavab tapmağa çətinlik çəkirdim. Amma indi əminliklə deyə bilərəm ki, həm bu günə qədər olan səyahətlərim, həm də bu gündən sonra olacaq səyahətlərim arasında ən özəli, ən gözəli, ən unudulmazı Qarabağ, Şuşa səfərimdir. Hətta əminəm ki, bu sualı hansı səyahətsevərə, hansı travel bloggerə versək, cavab Qarabağ olacaq. Çünki dünyanın harasına getsək də, heç bir yerdə bu qədər duyğunu bir anda yaşaya bilmərik. Saniyələrə belə o qədər duyğu sığdırdım ki: sevinc, qürur, hətta üzüntü...

Dağıdılmış, viran qoyulmuş evlərimizə baxıb necə üzülməyəsən? Nə xatirələr qalıb o evlərdə, nə həyatlar yarıda qalıb o evlərdə, hansı çətinliklərlə o evləri, o yurdları tərk etməyə məcbur olub Şuşalılar...

Şuşanın küçələrində gəzdikcə gözümün önünə gətirməyə çalışırdım Şuşamızın bizli günlərini, xoşbəxt günlərini.

Qayıdım Şuşanı gördüyüm o ilk ana...

Səfərimiz hava qaralan vaxta düşdüyünə görə gecəni kəndlərdən birində qalıb səhər sübh şəfəqləri ilə yola düşmək qərara alınır. Füzuli-Şuşa yolu hələ salınıb bitmədiyinə görə çətin yollarla, meşənin içi ilə gedirik. Nə narahat maşın, nə dar cığırların verdiyi diskomfortu hiss etmirik və budur, uzaqdan əzəmətli, nəhəng qayalar görünür. Şuşa şəhərinin salındığı o sıldırım qayalar, ətəyində də Daşaltının evləri... “Biri məni yuxudan oyatsın, mən doğrudanmı Şuşaya gedirəm?” düşüncəsi ilə göz yaşlarımı silirəm. Sevindiyimdən ağlayıram, fərəhdən ağlayıram ki, biz qayıtdıq, Şuşa! Maşını saxladıb düşmək, altdan yuxarı o qayalara doğru qaça-qaça çıxmaq, “Səni azad görmək hisslərin ən gözəlidir, Şuşam” deyib var gücümlə qışqırmaq keçir könlümdən... Amma təbii ki, təhlükəsizlik məqsədi ilə hərbiçilərimizin tapşırığından kənara çıxmaq olmaz.

Bakıya döndükdən sonra bir neçə nəfərdən eşitdiyim “Şuşada həmişəlik yaşamaq istəyərdinmi?” sualına cavabı Şuşaya ayaq basar-basmaz özüm özümə vermişdim. Şuşa o qədər gözəl şəhərdir ki, məncə, orada yaşamaq istəməyən olmaz. Nəzərə alsaq ki, addımbaşı gördüklərimiz ancaq dağıdılmış evlər, viran qalmış yurdlar idi, bununla belə bütün bunlar Şuşanın təbii gözəlliyinə xələl gətirə bilməmişdi. Dumanlı dağların qoynunda qala şəhər olan Şuşanın əzəmətli, vüqarlı bir havası var.

Yeni salınacaq olan Füzuli-Şuşa yolu ilə gəldiyimizdən Şuşanın girişində Laçın yolu ayağımızın altında qalır. Laçın dəhlizi yoluna boylandıqdan sonra Şuşa dağlarından baxanda ayaqlarımızın altında qalan Xankəndini seyr edirik. Hərbçilərimiz dumanlar şəhəri Şuşadan baxdıqda çox vaxt Xankəndinin aydın görünmədiyini deyirlər. Amma o gün səma o qədər aydın idi ki, Xankəndində hərəkət edən maşınları belə izləyə bildik. Təbii ki, həm nisgil, həm də inamla izlədik. Hazırda az qala 5 addımlığımızda olan Xankəndinə gedə bilməməyin nisgilini, üzüntüsünü yaşadıq. Bir tərəfdən də yaxın vaxtlarda Xankəndinə də gedə biləcəyimizə olan ümidi, inamı yaşadıq...

Növbəti getdiyimiz yer məscid oldu. Şuşanın simvolu, göz bəbəyi olan Yuxarı Gövhər ağa məscidi. İllərdir videolarda, şəkillərdə gördüyümüz o qoşa minarəni görmək o qədər inanılmaz hisslər idi ki, insan təsvir etməyə söz tapmır.

Bakıdan yaxınlarım Şuşadan, Yuxarı Gövhər ağa məscidinin həyətindən torpaq istəmişdilər, əlimlə, dırnaqlarımla o torpağı qazıyıb götürdüm. Niyə bellə yox, əlimlə qazıyıram deyənlər də oldu. Amma axı biz bu torpağın həsrətini illərlə çəkmişik. Biz bu torpaq uğrunda neçə-neçə canlar şəhid vermişik. Bu torpağı dırnaqlarla qazıyaraq götürmək özü bir şərəf idi o an mənim üçün...

Şuşaya özümlə kələğayı da aparmışdım, çünki Şuşamız  illərdir kələğayılı qız-gəlinlərinə həsrət qalmışdı.

Məsciddən sonra Cıdır düzünə yol alırıq. Ötən il Paşinyanın yallı getdiyi, hər birimizin o görüntülərə baxıb ürəyimizin yaralandığı o yer... Maşından düşər-düşməz üçrəngli bayrağımıza sarılıb Cıdır düzündə o tərəf bu tərəfə qaçıram. Ayağımın altı daşlı, qayalı, sıdırımlı yerlər. Yol yoldaşlarımızın “yıxılarsan, ehtiyatlı ol” sözlərini belə duymazdan gələrək qaça-qaça hər qarışına ayaq basmaq istəyirəm. Qollarımı geniş açaraq sanki Cıdır düzünü bağrıma basmaq istəyirəm. Paşinyanın bizə acıq verib yallı getdiyi yerlərdə qanad açıb uçuram sanki...
Sonra yenidən şəhər mərkəzinə qayıdırıq, Şuşanın yeganə marketindən alış-veriş edirik.

İlahi, bu, necə gözəl yuxudur, Şuşada marketdən alış-veriş etmək. Çeşid baxımından gördüyüm ən zəif market olsa da, adi suların, vaflilərin şəklini belə həvəslə çəkirəm ki, bizim Şuşada marketimiz var. Tezliklə bizim Şuşada hər şeyimiz olacaq, restoranlarımız, kinoteatrlarımız, əyləncə mərkəzlərimiz... Şuşada ilk günümüzə Şuşa yazısı yazılan təpəyə getməklə yekun vururuq. Bir keçi cəldliyi ilə Azərbaycan və Türkiyə bayraqlarının qoşa dalğalandığı o təpəyə dırmaşıb uca səslə qışqırmağa başlayıram: “Şuşa, sən azadsan!”
Bu 3 kəlimənin hər hecasından həzz alaraq qışqırıram.

Odun sobasının istisində gecəni Şuşada keçiririk. Şuşada qaldığım ilk gecədə gördüyüm yuxunu yadımda saxlamağa çalışsam da, yorğunluq öz sözünü deyir...

Növbəti gün Şuşalı bir səhərə gözlərimi açmağın verdiyi xoşbəxtliyi iliklərimə qədər hiss edirəm.

İkinci günümüzdə isə ilk olaraq yolumuzu Şuşa qalasından salırıq. Qala divarlarında dalğalanan üçrəngli bayrağımızın gözəl görüntüsü köksümüzü qabardır. 1751-ci ildə tikilən Qala divarlarının bəzi hissələri də çox  təəssüf ki, müəyyən qədər erməni vandalizmindən öz nəsibini alıb. Amma bununla belə çox gözəldir əzəmətli Şuşa qalası. Xarıbülbül nişanı da Qala divarının qarşısında öz yerini alıb artıq.



Daha sonra Şuşa türməsinə yollanırıq. Keçmiş SSRİ-də ən ağır cinayətkarlar bu türmədə saxlanırmış.

Sıldırım qayaların arasında tikilmiş türmə məhbuslar qaça bilməsin deyə belə bir çətin ərazidə salınmışdı.

Xan qızı Natəvanın 1848-ci ildə tikdirdiyi Şuşa həbsxanası hələ Rusiya İmperiyası zamanında  da ən dəhşətli məhbəslərdən hesab olunurdu. 350 nəfərin cəza çəkməsi üçün nəzərdə tutulan həbsxanada Şuşanın erməni işğalında olduğu dövrlərdə isə azərbaycanlı əsirlər saxlanıb. Dilqəm Əsgərov və Şahbaz Quliyevin əsirliyinə də şahidlik edib bu türmə. Hazırda isə zibilxanaya çevrilib sanki, bütün kameralar dağılmış, viran vəziyyətdə və hər yer üfunət qoxuyur...

Türmənin dar kameralarından işıqlığa çıxıb Şuşanın o gözəl havasını bol-bol ciyərlərimizə çəkirik.

Zaman gəlib çatır, ayrılmaq vaxtıdır Şuşadan. Amma bu ayrılıq müvəqqətidir, mən yenidən sənin sıldırım qayalarına, dağlarına qonaq gələcəm, əziz Şuşa!

Odur ki, növbəti görüşümüzdə görüşənədək, hələlik!





FACEBOOK ŞƏRH YAZ