• Dünya • Gündəm

Qarabağ" Avropa Liqasında "Vilyarreal"a uduzub

161
30-10-2020, 00:00

Avropa Liqasında qrup mərhələsinin II turu start götürüb.
 
BAKU.NEWS xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirib.

Qitə miqyaslı turnirlərdə mübarizəni davam etdirən yeganə təmsilçimiz İspaniyanın “Vilyarreal” klubu ilə qarşılaşıb. Bu, İ qrupunda çıxış edən Qurban Qurbanovun yetirmələrinin ilk ev oyunu olub.
 
Lakin Ağdam klubu ölkədə hərbi vəziyyət elan olunduğu üçün görüşü qardaş Türkiyədə keçirib. İstanbuldakı “Başakşəhər” Fatih Terim stadionunda təşkil olunan qarşılaşmada bütün qollar ikinci hissəyə təsadüf edib.
 
“Qarabağ” Ovusu Kvabenanın qolu ilə hesabı açsa da, qonaqlar dərhal hesabda tarazlıq yaradıb. Ardınca daha iki qol vuran ispaniyalılar qrupda ikinci qələbəsini qazanıb. Hər üç qola oyuna sonradan daxil olan futbolçular imza atıb.

Ötən həftə Təl-Əviv “Makkabi”sinə 0:1 hesabı ilə uduzan Qurbanovun yetirmələri isə yenə meydandan xalsız ayrılıb.

Qeyd edək ki, qrupun digər oyunu da Türkiyədə keçirilib. Yerli “Sivasspor” öz meydanında Təl-Əviv “Makkabi”sini qəbul edib. Bu matçda da qonaqlar qələbə qazanıb.

FACEBOOK ŞƏRH YAZ