• Mədəniyyət • Gündəm

Əhmədiyyə Cəbrayılovun 100 illiyi qeyd ediləcək

2 946
11-08-2020, 16:54

Prezident İlham Əliyev Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

2020-ci ilin sentyabr ayında Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi tamam olur.

Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçmişdir. 1941-ci ildə müharibənin başlanması ilə ölkənin müdafiəsi üçün könüllü surətdə cəbhəyə yollanan Əhmədiyyə Cəbrayılov daha sonralar Fransa Müqavimət hərəkatında fəal iştirak etmişdir. Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilmişdir. Fransa dövlətinin orden və medalları ilə təltif edilmiş həmvətənimizin, eyni zamanda, Müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirilmişdir. Əhmədiyyə Cəbrayılovun Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğlu Mikayıl Cəbrayılov Azərbaycanın ilk Milli Qəhrəmanlarındandır.

Xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun igidlikləri işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olan Azərbaycan Ordusunun mətin əsgəri üçün fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsidir.

BAKU.NEWS xəbər verir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

FACEBOOK ŞƏRH YAZ