• Mədəniyyət • Gündəm

Görkəmli bəstəkar Cahangir Cahangirovun doğum günüdür

2 220
20-07-2020, 09:26

Xor və instrumental əsərləri operaları, bir-birindən gözəl mahnıları həmişə sevə-sevə dinlənilən görkəmli bəstəkar, Xalq artisti Cahangir Cahangirovun doğum günüdür.

BAKU.NEWS xəbər verir ki, C.Cahangirov 1921-ci ildə Bakının Balaxanı qəsəbəsində anadan olub.

1949-cu ildə “Arazın o tayında” vokal simfonik poemasını yaradıb və bu əsərə görə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülüb. 1950-ci ildə bu əsər Moskvanın Sütunlu Salonunda və Leninqradda ifa olunub, lent yazısı isə Ümumittifaq Radiosunun Qızıl fonduna daxil edilib.

1957-ci ildə Xalq yazıçısı Mirzə İbrahimovun eyni adlı əsəri əsasında bəstələdiyi “Azad” operasında istismar olunan bir xalqın ağır işgəncələrlə dolu həyat tərzi, azadlıq yolunda mübarizəsi əks etdirilib.

Cahangir Cahangirovun böyük həcmli, mürəkkəb formalı görkəmli əsərləri ilə yanaşı, musiqi xəzinəmizi zənginləşdirən çoxlu mahnıları da vardır. Onun “Ana”, “Aylı gecələr”, “Bakı”, “Dan ulduzu, bir də mən”, “Ay qız”, “Ala göz” və s. mahnıları dillər əzbəridir.

İstedadlı bəstəkarın bəzi gözəl mahnıları məhz teatr tamaşalarından, ekrandan “ayrılaraq” xalq arasında yayılıb. Bu mənada “Yenilməz batalyon” filmindən “Teymurun mahnısı”nı, “Koroğlu” filmindən “Xanəndə qızın mahnısı”nı, “Dəli Kür” filmindən “Ana kür” və “Bayatılar” mahnılarını xatırlatmaq olar. Bu mahnılarda lirik ifadə çox güclüdür.

Cahangir Cahangirov 1992-ci il martın 25-də dünyasını dəyişib və Fəxri xiyabanda dəfn olunub.

FACEBOOK ŞƏRH YAZ