• Siyasət • Qarabağ • Gündəm • Hərbi

Deputat Cəbi Quliyev: "Üzərimizə düşən əsas vəzifə dezinformasiya və təxribatlara qarşı birgə mübarizə aparmaqdır"

2 950
17-07-2020, 18:12

Ermənistan-Azərbaycan sərhədində baş vermiş son hadisələrlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin deputatı Cəbi Quliyev BAKU.NEWS-a müsahibə verib.

Həmin müsahibəni Sizə təqdim edirik:

İnformasiyanın hamı üçün bu qədər əlçatan olduğu bir zamanda müharibə şəraitində yaşayan ölkə üçün informasiya axını nə dərəcədə həyati önəmə sahibdir?

Tarixən müharibələrin gedişatına ciddi təsir edən məqamlardan biri məhz informasiya məsələsi olmuşdur. Müasir dövrümüzdə isə artıq informasiya müharibəsi termini lüğətlərə də daxil olmuşdur. Bu gün müxtəlif sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilmiş və gündəlik həyatımızda bir çox məlumatı aldığımız bir vasitə rolunu oynamağa başlayıb.

Sosial şəbəkələr cəmiyyətə təsiri, sizcə, hansı səviyyədədir?

Əminliklə demək olar ki, sosial şəbəkələrin cəmiyyətə təsiri bu gün digər kütləvi informasiya vasitələrindən daha üstün mövqedədir. Cəmiyyətimiz son dövrlərdə bunun  bir neçə dəfə şahidi oldu. İstər 2016-cı ildəki aprel döyüşlərində, istərsə də son günlər cəbhədə gedən proseslərdə artıq biz də ənənəvi müharibə ilə yanaşı informasiya müharibəsinin  bir başa içində olduq.

Son günlər cəbhədə yaranan gərginliklə əlaqədar olaraq, xüsusən, dezinformasiya həddindən artıq çoxdur. Bu informasiya müharibəsi ilə necə mübarizə aparmalıyıq?

12 iyuldan başlanan hərbi proseslər dövründə də istər xarici qüvvələrin təsiri ilə daxildə olan anti-milli ünsürlər, istərsə də mənfur düşmən öz informasiya müharibəsindən geri qalmır. Müxtəlif yollarla, xüsusilə, sosial şəbəkələrdə dezinformasiyalar yaymağa cəhd edən, cəmiyyətimiz də çaşqınlıq yaratmağa çalışan düşmənlə mübarizə aparmaq hər bir Azərbaycan vətəndaşının əsas vəzifə borcudur.

Sizcə, gənclərin bu mübarizədəki rolu nə olmalıdır?

İnformasiya müharibəsində əsas yük elə xalqımızın gələcəyi sayılan gənclərin üzərinə düşür. Əminəm ki, Azərbaycan gəncliyi daim üzərinə düşən vəzifələri laiqincə yerinə yetirdiyi kimi bu gün davam edən informasiya müharibəsində də aktiv iştirak edəcəkdir.  Düşmənin yaymağa çalışdığı dezinformasiya ilə mübarizə aparacaq. Mən burdan bütün xalqımızı bu mübarizəyə qoşulmağa səsləyirəm. Gəncliyimizin isə bu işin ön cərgələrində olacağına əminəm.

Ordumuza və cəmiyyətimizə hansı çağırışı etmək istəyərdiniz?

Azərbaycanın günü-gündən artan beynəlxalq nüfuzu, möhkəmlənən iqtisadiyyatı,  güclənən ordusu , hər gün sıx bağlanan xalq iqtidar birliyi düşmənlərimiz üçün daim göz dağıdır. Bu gün düşməninin qarşısını Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü, şanlı Azərbaycan ordusu laiqli şəkildə alır. Bizim üzərimizə düşən əsas vəzifə isə dezinformasiya və təxribatlara qarşı birgə mübarizə aparmaq, milli birliyimizi bütün dünyaya çatdırmaqdan ibarət olmalıdır.

FACEBOOK ŞƏRH YAZ