• İqtisadiyyat • Gündəm

SOCAR II rübün göstəricilərini açıqladı

264
15-07-2020, 18:03

SOCAR 2020-ci ilin II rübündə qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb.

Şirkətdən BAKU.NEWS-a bildirilib ki, 2020-ci ilin ikinci rübündə SOCAR-ın birbaşa istismar etdiyi yataqlarda 1,8 milyon ton neft, 1,8 milyard kubmetr qaz hasil olunub.

Ölkə üzrə isə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% artaraq, 9,4 milyard kubmetr, neft hasilatı 8,6 milyon ton təşkil edib. SOCAR-ın qazma işlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə azalmış, 15 min metrdən artıq olub. Bu azalma Covid-19 pandemiyası nəticəsində dünyada neftə olan tələbatın aşağı düşməsi və OPEC+ razılaşması çərçivəsində hasilatın müvəqqəti məhdudlaşdırılması ilə əlaqədardır. Hasilat əsasən rentabelliyi aşağı olan qurudakı yataqlarda məhdudlaşdırılıb və müvafiq olaraq aparılan qazma əməliyyatların həcmi də azaldılıb.

İkinci rübdə SOCAR tərəfindən 1,5 milyon tona yaxın neft, 804 milyon kubmetrə yaxın təbii qaz emal olunub. Neftin emal dərinliyi isə 94,93% təşkil edib.

Şirkət tərəfindən xarici bazarlara 5 milyon tondan artıq xam neft ixrac olunub. Ölkədən qaz ixracı ümumilikdə 3 milyard kubmetr həcminə yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,5% çoxdur. Bilavasitə SOCAR tərəfindən isə 138 milyon kubmetr təbii qaz ixrac olunub. Neft emalı və neft-kimya məhsullarının ixracı aprel-iyun aylarında təqribən 671 min ton təşkil edib.

Cari ilin ikinci rübündə ölkə daxilində qazın faktiki istehlak səviyyəsi artaraq 2,2 milyard kubmetrdən çox olub. Qeyd edək ki, artım əhali kateqoriyası hesabına baş vermişdir. Belə ki, ölkə daxilində əhali tərəfindən istehlak edilən qazın həcmi 20,5% artıb, sənaye və enerji sektoru üzrə qazın istehlak səviyyəsində isə azalma qeydə alınıb.

FACEBOOK ŞƏRH YAZ