• Cəmiyyət • Gündəm • Koronavirus

AzTV kanal rəhbərliyini ittiham edənlərə cavab verdi - RƏSMİ

216
3-07-2020, 13:10

AZTV sosial şəbəkələrdə həmçinin bəzi KİV-lərdə müzakirə olunan xəbərlərə münasibət bildirib.

“Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətindən BAKU.NEWS-a daxil olan məlumatda deyilir:

“Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin iki əməkdaşı son iki gündə koronavirusdan vəfat edib. Allahdan hər iki əməkdaşımıza rəhmət diləyir, ailələrinə başsağlığı veririk.

Bu, yalnız 3000 əməkdaşı olan AzTV ailəsi üçün deyil, ölkəmiz, jurnalistikamız üçün itkidir. Çünki həm Samir Nemətzadə, həm də Etibar Babayev illərin rejissoru, televiziya mütəxəssisi idi.

Ard-arda baş verən ölüm hallarından sonra bəzi şəxslərin, sosial şəbəkə istifadəçilərinin QSC rəhbərliyini qınamasına, dezinfeksiya tədbirləri görməklə bağlı çağırışlarına cavab olaraq bir neçə vacib məqamı qeyd etmək istəyirik:

QSC-nin həyəti və iş otaqları, studiyalar həftədə ən azı 1-2 dəfə xüsusi maşınlar, aparatlarla dezinfeksiya olunur;

Polis əməkdaşları qapıdan QSC ərazisinə daxil olan işçilərin hərarətini ölçür və hərarəti yüksək olan əməkdaşlar dərhal geri qaytarılır;

Şirkət daxilində hər kəs maskadan istifadə edir, maarifləndirmə işləri aparılır və s.

Bundan əlavə, QSC-nin nəzdində üç televiziya kanalı fəaliyyət göstərir və onların işini minimal şərtlər daxilində belə təmin etmək üçün kənar çəkilişlər, qonaqların dəvət olunması mütləqdir. Bu səbəbdən hazırda 3000 əməkdaşdan yalnız 1000 nəfəri iş başındadır. Lakin Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi ilə bağlı 02.07.2020-ci il tarixli qərarından sonra işçi sayı bir qədər də azaldılıb.

Bir sözlə, əməkdaşların QSC daxilində virusdan qorunması üçün lazım olan bütün tədbirlər həyata keçirilir, bundan sonra da ediləcək.

Onu da vurğulamaq istərdik ki, koronavirus tək Azərbaycanın və ya AzTV-nin bəlası deyil. Bu, dünyanı bürüyən qlobal bəladır. Hər gün virusa yoluxan 600-ə yaxın vətəndaşımız və ya vəfat edən 10-a yaxın soydaşımız da hansısa idarənin, qurumun əməkdaşıdır. Bu səbəbdən belə həssas mövzu ilə bağlı hansısa quruma və ya idarəyə qarşı “koronavirus ittihamı” irəli sürənlərin qərəzli olduğunu hesab edirik.

AzTV olaraq bütün vətəndaşlarımızdan xahiş edirik ki, indiki məqamda həmrəylik və məsuliyyət sərgiləyək, koronavirusdan həyatını itirmiş bütün vətəndaşlarımızın ruhuna hörmətlə yanaşaq və yaşananları oyun bilməyək.

FACEBOOK ŞƏRH YAZ