• Mədəniyyət • Təhsil • Gündəm

Milli mətbuatın banisi Həsən bəy Zərdabinin doğum günüdür

1 776
28-06-2020, 11:51

Azərbaycan milli mətbuatının və bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabinin doğum günüdür.

BAKU.NEWS-un məlumatına görə, Həsən bəy Məlikov (Zərdabi) 1837-ci ildə keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olub. İlk təhsilini mollaxanada alıb, sonra Şamaxı qəza məktəbində oxuyub, orta təhsilini isə Tiflisdə tamamlayıb. 1861-ci ildə Moskva Universitetinə daxil olmuş Həsən bəy Zərdabi dörd il sonra həmin universitetin təbiət-riyaziyyat fakültəsini bitirib.

Bir müddət Tiflisdə qulluq edəndən sonra Quba məhkəməsində işləyən Zərdabi daha sonra Bakıya gələrək burada rusca orta məktəbdə təbiətdən dərs deməyə başlayıb.

Doğma ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy qəzet çap etmək üçün hökumətə müraciət edir. Bununla əlaqədar böyük mütəfəkkir İstambuldan hürufat gətizdirib və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci il iyulun 22-də Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə müvəffəq olur. Bu mətbu orqanla Azərbaycan milli mətbuatının əsası qoyulub.

1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən "Əkinçi" ayda iki dəfə 300-400 tirajla nəşr olunub. Bu illər ərzində qəzetin 56 nömrəsi çıxıb.

Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan bir sıra maarifpərvər, demokratik naşirlər Şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında görüblər. Onlar öz sözlərini dolayı yolla olsa belə, bu qəzet vasitəsi ilə xalqa çatdıra biliblər.

1877-ci il sentyabrın 29-da "Əkinçi" öz nəşrini dayandırmağa məcbur olub.

1880-cı ildən başlayaraq Həsən bəy doğma kəndi Zərdabda yaşamağa başlayıb.

Həyatının son illərində Bakı şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq edib.

İflic xəstəliyinə tutulmuş H.B.Zərdabi 1907-ci ildə vəfat edib. Məzarı hazırda Fəxri Xiyabandadır.

Respublika Prezidentinin sərəncamına uyğun olaraq ölkədə görkəmli maarifçinin yubileyi təntənə ilə qeyd olunub.

FACEBOOK ŞƏRH YAZ