• Cəmiyyət • Sosial • Gündəm • Hərbi

"Əsgərə xatirə kitabı" layihəsi çərçivəsində onlayin görüş keçirilib - FOTOLAR

753
26-06-2020, 09:37

Bakı ilə cəbhə xəttinin video təmasında təsirli anlar yaşandı

BAKU.NEWS xəbər verir ki, artıq bir neçə ildir ki, "Əsgərə xatirə kitabı" layihəsi xoş məramlı missiyası həyata keçirilməkdədir.

Bu layihənin əsas qayəsi əsgərlərə mənəvi, pisixoloji dəstək, onların asudə vaxtının səmərəli təşkili, xidmətdə fərqlənmiş zabitlərin rəğbətləndirilməsi, həmçinin qazılərə və şəhid ailələrinə maddi və mənəvi dəstək olmaqdı. Müdafiə Nazirliyi ilə birgə həyata keçirilən "Əsgərə Xatirə Kitabı" layihəsi çərçivəsində cəbhə xəttində ictimaiyyət nümayəndələrinin iştiraki ilə görüşlər təşkil etmək ənənə halını alıb. Bir sözlə bu layihə Bakı ilə cəbhə xətti arasında mənəvi körpü rolunu oynayır.

Bakı şəhəri 2 saylı texniki hümanitar elmlər liseyinin direktor müavini, tanınmış ictimai fəal, təhsil eksperti Nuranə xanım Şixəliyevanın lahiyə rəhbəri olduğu "Əsgərə Xatirə Kitabı" 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə hər il təşkil etdiyi görüşün formatını bu dəfə dəyişmək məcburiyyətində qaldı.

Hər kəsə bəllidir ki, bütün dünyanı bürümüş Koronavirus bəlası ölkəmizdən də yan keçmədiyi üçün Azərbaycanda rəsmi qadağalar tətbiq edilib. Məhz bu qadağalar səbəbindən layihə çərçivəsində bu dəfə ki, görüş video görüş formatında baş tutdu.

Bakı ilə cəbhə xətti arasında təşkil edilmiş canlı video görüşdə Milli Məclisin deputatları Arzu Nağıyev, Cəbi Quliyev, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyin sədri Mehdi Mehdiyev, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın və "Virtual Qarabağ" İKT Gənclər İctimai Birliyin sədri Nurəddin Mehdiyev, N saylı hərbi hissə komandirinin müavini polkovnik Əbilov Elşad, gənc sahibkar, ictimai fəal Vüsal Nərimanov, şəhid atası Huseynov Ələkbər, hərbi qulluqçu Üzeyir Nəcəfov, layihə rəhbəri Nuranə Şixəliyeva və digərləri iştirak edirdi.

Video görüşü giriş sözü ilə açan layihə rəhbəri Nuranə Şixəliyeva görüş iştirakçılarını və xalqımızı Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 102-ci il dönümü münasibəti ilə təbrik edərək, Vətənin müdafiəsində dayanan əsgər və zabitlərə xoş arzularını çatdırdı.

Çıxış edən digər iştirakçılar döyüşən ordumuza hər zaman mənəvi dəstəyin, qazilərimizə həyat eşqi aşılamağın, Vətən üçün qəhrəman oğullar böyütmüş şəhid analarının yanında olmağın vacıbliyindən danışdılar.

Cəbrə bölgəsində əhaliyə xidmət edən dövlət məmurunun, hərbi qulluqçuların, şəhid ailələrinin və qazilərin paytaxt Bakı ilə video təması iştirakçılarda təsirli anlar yaşatdı. Həmçinin həmin onlayn görüşdə bir ümüd işığı da yanırdı. Tezliklə başımızın üzərini almış amansız koronavirus bəlasının, həm də düşmənin işğal siyasətinin sonu gələcəyinə olan ümüd... Hər bir iştirakçı məhz bu ümüdlə video görüşü başa vurdu.
Sonda Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Video görüş iştirakçılarını Fəxri Diplomla təltif etdi.
"Əsgərə Xatirə Kitabı" layihəsinin komandası adından şəhid ailələrinə və qazilərə bayram sovqatı, həmçinin hərbi qulluqçulara təşəkkür plaketləri təqdim edilib.

Təki qəlblər yaxın olsun! Təki hər bir görüşü ürək istəsin. Belə olan halda, həmin görüş mütləq baş tutur. Canlı olmasa da, virtual baş tutur. Necə ki, əzmkar insan, qəlbi hər zaman Vətənin səngərində dayanan oğulların yanında olan Nuranə xanım Şixəliyevanın təşkilatçılığı ilə, belə bir video görüş baş tutdu.

FACEBOOK ŞƏRH YAZ