• Gündəm • Hərbi

Azərbaycan Ordusunun yaranmasının 102-ci ildönümüdür

303
26-06-2020, 00:01

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 102 il ötür.

BAKU.NEWS-un məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yaranıb. Bunun ardınca orduya çağırış haqqında fərman verilib.

Həmin il avqustun 1-də Hərbi Nazirlik təsis edilib və Xosrov bəy Sultanov hərbi nazir təyin olunub. 1918-ci il dekabrın 25-də isə peşəkar hərbçi, çar ordusunda şərəfli yol keçmiş general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini, Həbib bəy Səlimov isə Baş Qərargah rəisi təyin ediliblər.

Qısa müddətdə 30 minlik ordu formalaşdırılıb. Milli Ordu Osmanlı imperiyasının Qafqaz İslam Ordusu ilə birlikdə 1918-ci il sentyabrın 15-də Bakını erməni-bolşevik işğalından azad edib və sentyabrın 17-də Azərbaycan milli hökuməti Gəncədən Bakıya köçüb.

Bütün bu nailiyyətlər orduya rəhbərlik edən yüksək rütbəli zabitlər - İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov və digərlərinin əməyi sayəsində əldə olunub. Azərbaycan 1920-ci ilin aprelində bolşevik Rusiyası tərəfindən işğal edildikdən və Xalq Cümhuriyyətinin süqutundan sonra bolşevik hökuməti Milli Ordunu ləğv edib. Ordunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnib, komandirlərin böyük hissəsi repressiyaya məruz qalıb və öldürülüb.

Qeyd edək ki, Müdafiə naziri Zakir Həsənov Azərbaycan Ordusunun yaradılmasının 102 illiyi münasibətilə şəxsi heyəti təbrik edib:

"Bu bayram günündə Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, Vətən uğrunda sağlamlığını itirən hərbçilərimizə, onların ailə üzvlərinə, veteranlarımıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Əminliklə bildirirəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və Nizamnamələrə daim sadiq qalaraq yeni qələbələr qazanmaq üçün siz döyüş və mənəvi-psixoloji hazırlığınızı, səy və bacarıqlarınızı daha da artıraraq Ali Baş Komandanın döyüş əmrini yerinə yetirəcəksiniz", deyə nazir vurğulayıb.

FACEBOOK ŞƏRH YAZ