• Gündəm • Cəmiyyət • Sosial

Yol Polisi növbəti maarifləndirici tədbirini keçirib

121
17-04-2019, 14:50

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin təşkilatçılığı ilə Binəqədi rayonunda yerləşən 246 nömrəli orta məktəbdə yol hərəkəti qaydalarının məktəblilər arasında təbliğinin gücləndirilməsinə həsr olunan növbəti maarifləndirici tədbir keçirilib.

Baku.News xəbər verir ki, tədbirdə qeyd olunub ki,yol nəqliyyat hadisələri zamanı uşaqların xəsarət alması, həlak olması Dövlət Yol Polisi İdarəsinin rəhbərliyini ciddi narahat edir və qarşıda duran əsas məqsədlərdən biri də yol nəqliyyat hadisələri zamanı uşaqların zərər çəkməsinin minimuma endirilməsidir. Bu baxımdan Dövlət Proqramının icrası ilə bağlı mühüm məsələlər müzakirə olunub və qərarlar qəbul edilib.

Sonra çıxış edən Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Mərdan Əliyev diqqətə çatdırıb ki, uşaqların piyada keçidlərindən istifadə etməsi geniş şəkildə təbliğ edilməlidir. Yol polisi bu istiqamətdə geniş işlər görür. Binəqədi rayon ərazisində uşaqların avtomobillə vurulması halları xeyli azalıb. Mərdan Əliyev onu da bildirib ki, uşaqlar yol hərəkəti qaydalarını öyrəndikcə onlar böyüklər arasında da təbliğatçı funksiyasını yerinə yetirir.

Şagirdlərlə görüşdə çıxış edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov rəhbərliyin göstərişi ilə orta məktəblərdə maarifləndirici tədbirlərin mütəmadi qaydada keçirildiyini bildirib. Qeyd edib ki, belə görüşlərin əsas məqsədi şagirdlərə yol hərəkəti qaydaları haqqında dolğun məlumat verməkdir. V.Əsədov bildirib ki, son illər paytaxtda və respublikanın ayrı-ayrı bölgələrində yol polislərinin keçirdikləri belə maarifləndirici tədbirlər səmərəli nəticələr verir. Məktəb yaşlı uşaqların qəzalar zamanı nəqliyyat vasitələri tərəfindən vurulması halı minimuma enib. Görüşdə şagirdlərə yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasının ağır fəsadlarına dair sosial videoçarxlar nümayiş etdirilib.

Məktəbin direktoru Almaz Bayramova yol hərəkəti qaydalarının şagirdlər arasında təbliği işinə göstərdikləri dəstəyə görə polis əməkdaşlarına təşəkkür edib.

Tədbirdə uşaqların suallari cavablandırıb və fəal olanlara hədiyyələr paylanılıb. Ümumilikdə Binəqədi rayon Yol Polisi Şöbəsi tədbirdə iştirak edən uşaqlara hədiyyələr təqdim edib.

Xəbərin müəllifi: Səbuhi Vaqifoğlu

FACEBOOK ŞƏRH YAZ