• Elm • Gündəm

Yerə ən yaxın qara dəlik tapılıb

211
7-05-2020, 15:18

Astronomlar, göy sferinin cənub yarımkürəsində adi gözlə görünən, üçqat ulduz sisteminə daxil olan, qara dəliklərə ən real namizəd tapıblar. Bu barədə “Astronomy and Astrophysics” jurnalında elmi məqalə dərc olunub.

Son vaxtlara qədər Yerə ən yaxın məlum olan qara dəlik, Təkbuynuz  bürcündə, bizdən üç min işıq ili məsafəsində yerləşən, rentgen mənbəyi olan qoşa A0620-00 ulduz sisteminin komponentlərindən biri hesab olunurdu. Lakin Avropa Cənub Rəsədxanasından Tomas Riviniusun rəhbərlik etdiyi astronomlar qrupu Günəşdən min işıq ili məsafəsində olan HR 6819 üçqat ulduz sistemində bizə daha yaxın  qara dəlik tapıldığı haqqında məlumat veriblər. Bu ulduz sistemi aydın aysız gecədə göyün cənub yarımkürəsində yerləşən Teleskop bürcündə adi gözlə görünür.

Bu kəşf, Çilidəki La Silla Rəsədxanasında 2,2 metrlik teleskopunda quraşdırılmış FEROS spektroqrafı vasitəsilə HR 6819 ulduz sistemini tədqiqi zamanı edilmişdir. HR 6819 ulduz sistemi B3 III spektral sinfinə mənsub ulduzdan və onun ətrafında dairəvi orbit boyunca hərəkət edən görünməyən komponentdən ibarət sıx qoşa sistemdir. Bu sistem ətrafında geniş orbit boyunca Be ulduzu hərəkət edir. Sıx qoşa sistemin periodu 40 gündür. Şüa sürəti əyrisinin yarımamplitudunun 61.3 km/san olduğunu bilərək, görünən komponentin kütləsinin minimal qiyməti üçün 6.3 günəş kütləsi, görünməyən komponentin kütləsi üçün isə 4.2 günəş kütləsi alınmışdır. Görünməyən komponentin kütləsi üçün alınmış 4.2 günəş kütləsi qara dəliklər üçün xarakterik olduğu üçün bu komponentin qara dəlik olduğu hesab edilir.

Qeyd edək ki, güclü cazibə qüvvəsi səbəbindən hətta fotonun belə tərk edə bilmədiyi məkan olaraq qara dəliklərin mövcudluğu yüz ildən çox əvvəl ümumi nisbilik nəzəriyyəsi çərçivəsində proqnozlaşdırılırmışdır.

Uzun müddətdir ki, astronomların əlində qara dəliklərin mövcudluğunu sübut edən yalnız dolayı faktlar var idi: Güclü cazibə qüvvələrinin mövcudluğu, uzaq qalaktikalarda relyativist jetlərin aşkarlanması və qoşa ulduz sistemlərində parlaq akkresiya disklərinin müşahidə olunması.

Yalnız bu yaxınlarda, astronomik müşahidələrin aparılması və onlardan alınan nəticələrin işlənməsi üsullarının təkmilləşməsi nəticəsində astronomlar fəal M87 qalaktikasının nüvəsində qara dəliyin olduğunu birbaşa sübut etdilər. Bir neçə dəfə qara dəliklərin birləşməsi zamanı əmələ gələn qravitasiya dalğaları qeyd olundu. Həmçinin bizim qalaktikanın mərkəzində yerləşən ifrat kütləli qara dəliyin güclü qravitasiya sahəsində ulduzların hərəkətinin nisbilik nəzəriyyəsinə uyğunluğu müəyyən edildi.

FACEBOOK ŞƏRH YAZ