• Mədəniyyət • Şou-biznes • Gündəm

“Röyanın ata-anası, yiyəsi yoxdur?” – Xalq artisti

443
6-05-2020, 10:59

Son günlər ölkədəki islahatlar cəmiyyətin diqqətini özünə yönəldib. Bir çoxlarının labüd hesab etdiyi dəyişikliklər islahat və yeniliklərə gözləntiləri daha da artırıb. 

BAKU.NEWS xəbər verir ki, Yenisabah.az Xalq artisti, tanınmış rejissor Şeyx Əbdül Mahmudbəyovla bu və digər mövzularda söhbətləşib.

– Əbdül müəllim, bu gün Azərbaycan musiqisinə münasibətdən, milli musiqimizin müasir vəziyyətindən razısınızmı? Sizcə, bu sahədə də islahatlara ehtiyac varmı? 

- Bu gün efirlərdə saqqallı, saçlı, cırıqşalvar, döyməli gədələr təzə dəb yaradıblar, danışa-danışa mahnı oxuyurlar. Meyxana ritmini qoyub danışırlar, ağızlarına gələn sözləri deyirlər. Hamısı olub müğənni. Onlar cəhənnəm, etsinlər, amma bizim klassik mahnılarımız, xalq mahnılarımız var, onların hamısını ediblər üç badam, bir qoz. Səsləri yoxdur, niyə onlar imtahandan keçmirlər? 
Axı 90 faizinin qabiliyyəti, ritmləri, musiqi təhsilləri yoxdur. Nitq mədəniyyətindən anlayışları yoxdur. Səsləri yoxdur, götürüb mahnıları öz istədikləri kimi aranjeman edirlər. Bu aranjemançıları qadağan etmək lazımdır. Xalqın min illərdir var olan, sevilən mahnılarını niyə aranjeman edib pis günə qoyursunuz? 

- Siz televiziyaların, bütövlükdə yazılı və elektron medianın vəziyyəti barədə dəfələrlə tənqidi fikirlər səsləndirminiz. Sizcə, media sahəsində hansı dəyişikliklərə ehtiyac var? 

- Mən bütün televiziya aparıcılarından xahiş edirəm, əgər planladıqları verilişə dəvət etdikiləri qonaq xalqın tarixi, milli-mənəvi dəyərləri, maarifləndirilməsi ilə bağlı söhbət etməyəcəksə, çağırmasınlar. Nə olar musiqiçi olanda? Oxusun, iki, üç kəlmə də dünya musiqisinin tarixindən, dünyada bizə məxsus olan yeddi ritmdən, milli musiqimizdən danışsın. 
Peyğəmbərimiz deyib ki, yamana yaxşı deməyin. Belə olduqda mənəviyyat, əxlaq pozulur. Hansısa saqqallı, yaxası açıq, dar şalvarlı, dünən çıxan bir gədə efirdə deyir ki, “dahi sənətkarımız, ustadımız” filan. Bu nədir? Bu bəy tərifi, epitetlər nəyə lazımdır? Bu təriflərlə hara gedirik biz? Onları bu qədər tərif edirlərsə, bəs onda bizim həqiqi ustadlarımıza, sağ qalan beş, üç nəfər sənətkarlarımıza nə deyək? 
Mən o adamların düşməni deyiləm, sadəcə deyirəm ki, dahi, ustad səviyyəsinə çatmaq üçün çox geniş savad almaq, maariflənmək gərəkdir. Yalnız bundan sonra həmin adamlara ustad deyilə bilər. Bunların çoxsunun adi efir mədəniyyətləri yoxdur. Yaxası-başı açıq çıxırlar efirə. 

- Sizi konkret olaraq hansı problem və çatışmazlıqlar narahat edir? 

- Mən dövlət televiziyasına da iradımı bildirəcəyəm. Orada Xədicə adlı bir xanım jurnalist var (red. Xədicə Sənanqızı), hər gün efirə xarici dildə oxuyan ifaçıları dəvət edir. Bu nə deməkdir, elə almanca, ingiliscə, fransızca oxuyurlar, mən xarici dildə mahnıya qulaq asmaq istəsəm, gedib orijinallarına qulaq asaram. Onlar kimdir axı, əgər xalqın sənətkarlarıdırsa, zəhmət çəksinlər öz dillərində oxusunlar. 
Dünən efirdə prezidentin çıxışına baxdım, fərəh hissi duydum. Dünyanın 140 ölkəsi oturub bizim prezidentimizə tərif deyir və bizim prezidentimiz ana dilində danışır, hamı da bizim dilimizi eşidir. Son vaxtlar fikir verirəm, elə bil bizim xalqda cılızlaşma gedir 140-150 sm boyları var çıxıb efirdə ingiliscə oxuyurlar, bu nə təbliğatdır, axırımız hara gedir?! Başlarını da elə tərpədirlər guya musiqini hiss edirlər. 
Mən bütün ziyalılara, sənət adamlarına müraciət edirəm, belə şəxslərin efirə çıxmağına qadağa qoyulsun, bu tip aparıcılar efirlərdən yığışdırılsın. Bura Azərbaycan dövlətidir, kanal da Azərbaycan telekanalıdır, özü də Azərbaycan xalqına xidmət edir. Nəyimizə lazımdır ingilisin, fransızın mahnısı? O gün baxıram, iki nəfər hörmətli şəxs televiziyada oturublar, biri o birini tərifləyir. O da deyir ki, əşşi muğam nədir, muğam oxumağa nə var ki, çətini mahnı oxumaqdır. Bu nə düşüncədir? Bu necə yanaşmadır? Bu xalqın ziyalıları niyə dillənmir? Barışmaq razılaşmaq əlamətidir, əgər səsini çıxarmırsansa, deməli, bu çirkabla razılaşırsan. 
Prezident səhərdən axşama kimi deyir ki, ay millət, danışın, deyin, sizə arxa durum, haqqınızı tələb edin. Biz kimdən qorxuruq? Əgər mən xalqımın dəyərlərini, əxlaqını, sənətini müdafiə edirəmsə kimdən qorxmalıyam? Mən 77 yaşlı ağsaqqal insanam, sənətçiyəm, bəs mən deməyim kim desin? Bəzi eybəcər, cinə, şeytana oxşayanlar sosial şəbəkələrdə bizi ittiham edirlər, qələt edib, başlarını daşa döyürlər. Biz onlara nə deyirik ki? Hər yerindən duran oxuyan olar? Çıxıb efirdə “çıkkıdı-çıko” salıblar. Haqqı qorxmadan demək lazımdır, bu stereotiplər qaldı ötən əsrdə. Düzü deyin, haqqınızı tələb edin. 
Mən milləti haqqa, mənəviyyata, əxlaqa səsləyirəmsə burada təhlükəli bir şey yoxdur. Bizim əxlaqımızla alver edənlər getdi daha. Ölkə başçısı da çıxışında bildirdi ki, o dövrlər getdi, kimsə vəzifədə oturan qohumuna, dostuna arxayın olursa, çox böyük səhv edir. Gəlin, mübarizə aparaq. 

- Son günlər ən çox müzakirə olunan məsələlərdən biri də Xalq artisti Röya ilə həmkarları Natavan Həbibi və Səidə Sultan arasında gedən mübarizədir. Belə demək mümkündürsə, hər üç xanım soyunmaqları ilə fəxr edirlər. Sənət adamlarının şəxsi həyatı, açıq-saçıq geyimi ilə gündəmə gəlməsinə necə baxırsınız?

- Röya xanımla mən, Zamiq 2016-cı ildə “Badamlı”nı reklam edirdik. Həmin videoçarxdxa bir kadr var, Röya oturub, həmin kadrda bütün tuman-köynəyi görünür. Həmişə düşünürəm ki, bu qadının atası, anası, bir yiyəsi yoxdur? Niyə demirlər ki, “ay qızım, sənətçisən, get sənətinlə məşğul ol?”. Allah ona sənət də verib, özünəməxsus oxu tərzi də var. Sənət var, amma qızım, abrına, ismətinə də fikir ver. Bu gün artıq əxlaqsızlıq müqayisəsi gedir. 
Bu deyir ideya mənə, digəri deyir mənə məxsusdur. Mən Röya xanıma səslənmək istəyirəm, onun verilişlərdəki çıxışlarına, kliplərinə baxıram. Röya, mənim balam, dünyada ən böyük sərvət mənəvi, əxlaqi sərvətdir. Böyrünü, başını, yanını açmaqla olmaz, heç Allah da ona gözəllik verməyib ki, deyəsən Afroditadır. Sən başını aşağı sal, sənətinlə məşğul ol. İndiyə kimi neyləmisən, özün bilərsən, amma sən artıq Xalq artistisən. Sən xalqın adını daşıyırsan, mənimlə birgə “paqon” yoldaşısan. İkimiz də Xalq artistiyik, mən səndən xalq ağsaqqalı kimi, ata olaraq xahiş edirəm ki, belə şeyləri yığışdır, ayıbdır. Sənətinlə hörmət qazan. 
Bunlar hamısı pis nümunədir. Onların 15-20 yaşları olsa deyərəm ki, uşaqdırlar, amma hərəsinin 30-35 yaşları var, anadırlar. Bunların əmisi, dayısı, ağsaqqalı, ağbirçəyi yoxdur? Əgər yoxdursa, xalqın adından mən deyirəm. Gözümüzün qabağında Zeynəb Xanlarova, Flora Kərimova, Şövkət Ələkbərova faktoru var, bütün dünyada şöhrətləri var, onlar yanlarını açırdılar? 

- Şeyx, siz məmur özbaşınalığına qarşı davamlı mübarizə aparan nadir sənət adamlarından sayılırsınız. İcra başçılarının həbsi kontekstindən ölkədə cərəyan edən hadisləri necə qiymətləndirirsiniz? 

- Bu islahatlar bütün Azərbaycan xalqının içində qövr edən tikanları çıxarır. Prezident elə bil bizim ruhumuza istirahət verir. Elə bil bizim içimizdə illərdir yığılıb qalan haqsızlıq, ədalətsizliklərin səbəbkarlarını təmizləyir. Bu insanlar layiq olduqları cəzanı almalıdırlar, çıxarıb işdən atmaqla iş bitməməlidir. Bir adam 15-20 il milyonları yeyib, xaricdə, orda-burda banklara pulu qoyub, indi çıxardıb atdırlar bayıra. Bunlar ifşa olunmalıdır, xalq onları görməlidir. 
Qəribədir, neçə vaxtdır icra başçıları işdən çıxarılır, amma yenə də qorxmurlar. Prezident də çıxışında dedi ki, bunlar kiməsə arxayın olublar, yuxarı vəzifədə oturan tanışlarına arxayın olublar, ona görə qanunu, dövləti, dövlətçiliyi saymırlar. Məsləhət görürəm ki, onların yerinə təyin edilən adamlar mütləq yoxlanılsın, görək bu adama xalqı etibar etmək olarmı? Kadrların təyinatını edən adamlar yoxlanılmalıdır əvvəlcə, görək onlar kimləri təyin ediblər. Bu məsələlər kompleks şəklində həll olunmalıdır. Bir güllə bahar olmur. 
Mən rahat oldum ki, artıq bu dəfə Prezident bizə bu bəlanın kompleks şəklində həll ediləcəyini mesaj verdi, bizi inandırdı. Bu nədir, birləşiblər, bir tayfa burda hakimiyyətdədir, bir tayfa, qohum əqrəba digər tərəfdə. Bu qızını ona verir qohum olur, o oğlunu bunun qızı ilə evləndirir qohum olur. Bu nə deməkdir? Bəs xalq yoxdur? Kimi hara vəzifəyə qoyursansa üzünü hakimi-mütləq kimi aparır. Təəssüf ki, ziyalılar bu məsələlərə münasibət bildirmirlər. 

- Sizcə, ziyalıların, tanınmış adamların ictimai-siyasi proseslərə müdaxilə etməmələrinin səbəbi nədir? 

- Çünki hamısının məsələlərdə müəyyən marağı var. Bəzisi qorxur, ehtiyat edir, bəzisinin uşağı kiminsə yanında işləyir, ona görə dillənmir. Bu iyrənc əxlaq, iyrənc düşüncə bizi məhv edir. Bütün bu murdarlıqların düsturunu prezident çıxışında verdi. Hətta bildirdi ki, siyasi əqidələrinə görə insanlar təqib edilməsin. İndi gəlin biz də iş görək, prezident təkbaşına bunu edə bilməz axı, o da xalqa arxalanır. 
İndiyə kimi xalqı parçalamışdılar, hərəsi bir yeri “işğal” edib oturmuşdular, amma bu gün belə deyil. İndi hanı bəs ağsaqqallar? Azərbaycanda Ağsaqqallar Şurası deyilən müqəddəs bir təşkilat var, mənim dostum Fəttah Heydərov ora rəhbərlik edir. Fəttah müəllim, nə iş görürsünüz? Niyə susub oturmusunuz? Nədir fəaliyyətiniz? Əgər işləmirsinizsə, yaşlı, əsəbisinizsə yerinizi təhvil verin işləyənlərə. Və bu kimi digər ictimai təşkilatlar da həmçinin, hərəsi bir təşkilat alıb oturub orada kef edir özü üçün. 

FACEBOOK ŞƏRH YAZ