• Maliyyə • Gündəm

“Banklar dollarla təmin edilməlidir ki, insanlar problem olmadığını görsün”

308
10-03-2020, 12:36

Dünya bazarında "Azeri Light" (CIF) markalı neft kəskin ucuzlaşıb. Azərbaycan neftinin 1 barrelinin qiyməti 10,54 dollar azalaraq 36,62 dollar təşkil edib. Qonşu ölkələrlə iqtisadi əlaqələr məhdudlaşdırılıb, İranla sərhəd bağlanıb. Əhali isə manatın yenidən devalvasiyaya uğrayacağının gözləntisi içəisində banklarda manatını dollar dəyişməyə çalışır.

“Bizim hökumət susur və gözləyir”


Bu barədə Modern.az-a danışan iqtisadçı Samir Əliyev bildirib ki, artıq qonşu dövlətlər problemin dərinliyinə vararaq hərəkətə keçib:


“Dünən qeyri-iş günü olmasına rəğmən, Qazaxıstanda Prezidentin sədrliyilə iqtisadi müşavirə keçirilib. Qazaxıstan hökuməti və Mərkəzi Bankı da açıqlama verərək zəruri qərarların qəbulu üçün Baş Nazirin rəhbərliyi altında qərargahın yaradıldığını bildiriblər. Hökumət artıq 2020-ci ilin büdcəsinə dəyişikliyə başlayıb. Aprelin əvvəlində dəyişilməsi nəzərdə tutulan büdcədə prioritet olmayan bir sıra xərclər, o cümlədən bahalı mebel, nəqliyyat vasitəsi alışı, seminarların, forumların keçirilməsinin məhdudlaşdırılması planlaşdırılır.

Rusiyanın Mərkəzi Bankı və Maliyyə Nazirliyi açıqlama verərək, bazardan valyuta alışını dayandırdıqlarını, ehtiyac olarsa valyuta satışını bərpa edəcəklərini qeyd ediblər. Rusiya tərəfi bildirib ki, bazardan dollar alışını dayandırır. Onlar bazardan daha çox dollar alırdılar ki, rubl bahalaşamasın. Bizim hökumət isə susur və gözləyir”.


Hələ də anti-böhran tədbirlərimiz yoxdur


S.Əliyev bildirib ki, Azərbaycan hökuməti qonşu ölkələrdəki kimi kitik məqamlarda proseslərə müdaxilə etməli, əhalini sakitləşdirməldir:


“2015-ci ildə bütün dünya iqtisadiyyatında böhran, neft ölkələrində gərginlik hökm sürdüyü bir vaxtda rəsmilər efirlərdən əhalini məlumatlandırırdılar. Bizim hökumət isə susurdu. Bizdə cəmiyyətin ümidi “Facebook” sosial şəbəkəsinə, orda gedən müzakirələrə, ekspertlərin açıqlamalarına qaldı. Ekspertlər də geniş təbəqəni əhatə etdiyindən, hərəsinin öz maraqları var. İnsanlar bilmir ki, kimin marağı safdır, kim doğrudan da insanları düşünür, kimlər nəyə xidmət edir və s. Buna görə də insanlar çaş-baş qalmışdı. Bəziləri deyirdi ki, “devalvasiya olacaq”, bəziləri deyirdi “devalvasiya olmayacaq”. Bizdə hökumət səviyyəsində müzakirələr getmədi. Hökumət dedi “devalvasiya olmayacaq”, ekspertlər dedi “olacaq”. Nəticədə bir gecənin içində devalvasiya baş verdi, özü də bir ildə 2 dəfə. Bununla da əhalinin hökumətə inamı qırıldı.

Artıq iki qonşu dövlətin hökuməti qeyri-iş günündə məsələyə reaksiya verməsinə baxmayaraq. Azərbaycan hökuməti susur. Ümid edək ki, bu gün nəsə açıqlamalar olacaq.

Bizdə Maliyyə Sabitliyi Şurası məsələlərə çevik münasibət göstərməlidir. Ən azı dünən açıqlamalar olmalı idi. Bayram günü olması, bankların məhdud sayda filiallarının işləməsi insanların panikaya düşməsinə səbəb oldu. İşləyən filiallarda uzun növbələr yaranmışdı. Əhali sürətlə əmanətlərini geri çəkməyə, manatını dollara çevirməyə çalışırdı. Ümid edək ki, bu gün məsələ müəyyən qədər tənzimlənəcək.

Hökumət mətbuatla, müstəqil ekspertlərlə, cəmiyyətlə koordinasiyalı şəkildə işləməli, insanları sakitləşdirən fikir bildirməli və konkret addımlar atmalıdır. İnsanlar hökumətin “bizdə dollar problemi yoxdur” fikirlərini əyani olaraq banklarda görməlidir. Əgər vətəndaş banka gedir və manatını dollara çevirə bilmirsə, onda panika yaranır. Bu gün əvvəlki günlərlə müqayisədə banklar daha çox dollarla təmin edilməlidir ki, insanlar problem olmadığını görsün. Çünki bu, psixoloji məsələdir”.


“Büdcəyə yenidən baxılmalıdır”


Ekspert həmçinin dövlət büdcəsinə yenidən baxılmalı olduğuna diqqət çəkib:



“Azərbaycan büdcəsində neftin 1 barreli 55 dollardan götürülüb. Neftin qiyməti 40 dollardan aşağı düşən kimi problemlər yaşanır. Hazırkı vəziyyət uzun müddət davam edərsə, bu, milli valyutamız üçün çətinlik yaradacaq. Hökumət aydınlıq gətirməlidir ki, çətin məqamda büdcəyə dəyişiklik nəzərdə tuturmu, tədiyyə balansı mənfiyə gedir, amma bizdə heç bir addım atılmır. Hökumət nə etmək istəyir? Bu sualların cavabı yoxdur. Amma proses davamlı olarasa, büdcəyə yenidən baxılmalıdır. Bizdə isə qeyri-müəyyənlik davam edir”.



Azərbaycanı gözləyən üçüncü böhran: qıtlıq, bahalaşma...



İqtisadçının sözlərinə görə artıq bu, Azərbaycanı gözləyən üçüncü böhran təhlükəsidir:



“Hökumət anti-böhran tədbirləri hazırlamalıdır. Hələ 2015-ci ildə dedilər “bizdə böhran yoxdur” və heç bir tədbir görülmədi. Yəni faktiki olaraq bizdə böhranın olması qəbul edilmədi və sadəcə manatın devalvasiyası kimi qiymətləndirdilər. Amma faktiki olaraq bankların üçdə biri bağlandı, iri şirkətlər fəaliyyətini dayndırdı, qiymətlər iki dəfədən çox bahalaşdı. Hələ indi-indi 2015-ci il böhranının nəticələri aradan qalxırdı ki, yeni böhran dalğası ilə üz-üzəyik. Düzdür 2015-ci il böhranından sonra yol xəritələri qəbul edildi. Amma onlar da əvvəlkilərlə müqayisədə mütərəqqi sənəd idi. Amma yol xəritələrinin özündə köklü islahatları ehtiva etmir. Hətta mükəmməl olan yol xəritələrinin icrası belə, natamamdır.



2008-ci ildə qlobal maliyyə böhranından 12 il keçir. Azərbaycan 12 ildə üçüncü dəfə eyni vəziyyətə düşür. 2008-ci ildə sadəcə şansımız gətirdi neft müəyyən müddətdən sonra yenidən bahalaşdı. Hökumət heç bir addım atmadan gözlədi və bəxti gətirdi. 2015-ci ildə həmin siyasəti yürütdülər. Amma iş işdən keçəndən, Mərkəzi Bankın 11 milyard valyuta ehtiyatları xərclənəndən, ölkədən xeyli həcmdə valyuta gedəndən sonra məcburən iki dəfə devalvasiyaya getdilər. İndi də həmin olanlardan nəticə çıxarılmayaraq, proseslər təkrarlanır. Edilənlər isə kosmetik islahatlardır. Getdikcə büdcənin yükü, dövlət şirkətlərinin sayı artır. Dəfələrlə demişik ki, dövlət iqtisadiyyatdan çəkilməlidir. Bizdə isə iqtisadiyyat dövlətin əlində cəmlənib və faktiki olaraq bizneslə məşğuldur. Dünyada qəbul edilmiş qaydalara görə, dövlət ən pis sahibkar, ən pis biznesmendir. Bunu özəl sektora vermək lazımdır. Tutaq ki, neft qiymətləri yüksəlmədi, bəs nəticələr necə olacaq? İllərlə yığılmış valyuta ehtiyatları xərclənəcək və sonrası da məlum deyil. Bu dəfəki böhran 2015-ci il böhranından da qorxuludur. Çünki budəfəki böhran təkcə neftin ucuzlaşamsından, insan səhhətindən ibarət deyil. Koronavirus təhlükəsinə görə ölkələrarası əlaqələr məhdudlaşdırılıb, sərhədlər bağlanıb. Bu, həm də ölkələrarası iqtisadi əlaqələrin pozulmasıdır. Biz Rusiya, Türkiyə deyilik, biz idxaldan asılı ölkəyik. Çinlə. İranla əlaqələrimizin kəsilməsi məhsul qıtlığına gətirib çıxara bilər. Bir tərəfdən neft ucuzlaşır, mal qıtlığı yaranır, bu isə qiymət artımına səbəb olur. Bu, Azərbaycan üçün ikiqat təhlükədir. Bu, nə 2008-ci il böhranı deyil, nə də 2015-ci il böhranı. İkisindən də təhlükəlidir. Ona görə də təcili şəkildə addımlar atılmalı, anti-böhran tədbirləri tətbiq olunmalıdır”.


Manat yenidən ucuzlaşsa, hökumət altından çıxa bilməyəcək


Manatın məzənnəsinə gəldikdə, S.Əliyev deyib ki, hökumət indiki məqamda maksimum şəkildə məzənnəni qoruyub saxlamağa çalışacaq:


“Manatın devalvasiyası neft qiymətilərindən asılıdır. İndiki halda dəqiq şəkildə “devavasiya olacaq” yaxud “devalvasiya olmayacaq” demək olmaz. Çünki hər şey proseslərin gedişindən asılıdır. Amma hökumət devalvasiyaya getməməyə meyllidir. Çünki fəsadlarını analyır və 2015-ci il devalvasiyasının fəsadlarını görümüşük. Hökumət bilir ki, yenidən devalvasiyaya getsə, bunun altından çıxa bilməyəcək”.

FACEBOOK ŞƏRH YAZ