• Gündəm • Siyasət

Prezident keçmiş naziri rektor təyin edib - TƏRCÜMEYİ-HAL

449
3-04-2019, 13:18

Prezident İlham Əliyev Heydər Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Baku.News -un məlumatına görə, sərəncamla Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.

Qeyd edək ki, H.Əsədov 1959-cu il oktyabrın 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.

1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.

1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilib, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifələrində çalışıb.

2013-ci ilin oktyabrın 22-dən 2018-ci ilin aprelin 21-dək Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsində işləyib.

2011-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir.

Ailəlidir. Üç övladı var.

FACEBOOK ŞƏRH YAZ