• Elm • Gündəm

Azərbaycan Əsilli Alimlərin Assosiasiyası yaradılır

302
6-02-2020, 13:01

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuş – AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru Aytən Mustafazadə, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru Nazim İmanov, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova və AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyliyə yubiley medallarını təqdim edib.

Tədbiri giriş sözü ilə açan akademik Ramiz Mehdiyev iclasda AMEA-nın İctimai Elmlər Bölməsinin və Naxçıvan Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətlərini əks etdirən hesabatlarının dinləniləcəyini bildirib.

Sonra AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın İctimai Elmlər Bölməsinin hesabat məruzəsini təqdim edib. Akademik diqqətə çatdırıb ki, hesabat ilində bölməyə daxil olan elmi müəssisələrin fəaliyyətlərində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, dövlət proqramları və strategiyaları, AMEA rəhbərinin sərəncamları, AMEA-nın Ümumi Yığın­cağının və Rəyasət Heyətinin qərarları əsas götürülüb, ölkə başçısının imzaladığı “2019-cu ilin Azərbaycan Respub­lika­sın­­da “Nəsi­mi ili” elan edilməsi haqqında”, “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin ke­çiril­məsi haqqında”, “Cəlil Məmmədquluzadənin 150 illiyinin qeyd edilməsi haqqında” və bir çox digər sərəncamlara əsa­sən, AMEA-nın İctimai Elmlər Bölməsinin institutlarında çoxsaylı tədbirlər həyata keçi­ril­ib.

2019-cu ildə bölmənin elmi müəssisələrində 8 elmi istiqamətin 33 problemi üzrə 132 mövzu, 305 iş, 272 mərhələnin üzərində elmi tədqiqat işlərinin aparıldığını, 45 mövzu, 127 iş, 212 mərhələnin tamam­landığını bildirən akademik İsa Həbibbəyli görülən işlər haqqında ətraflı məlumat verib.

Bölmənin nəşriyyat fəaliyyətindən söhbət açan natiq bölmə əməkdaşlarının 2185 əsərinin işıq üzü gördüyünü bildirərək onlardan 9-u xaricdə olmaqla 148-i kitab və monoqrafiya, 391-i xaricdə olmaqla 1296 məqalə, 58-i xaricdə olmaqla 302 tezis olduğunu qeyd edib. Nəzərə çatdırıb ki, 54 məqalə impakt faktorlu jurnalda nəşr edilib, elmi işçilərin əsərlərinə 876 dəfə istinad olunub.

Elmi kadrların hazırlanması haqqında ətraflı məlumat verən məruzəçi hazırda bölmədə 76 doktorant və 259 dissertantın, magistratura üzrə 11 nəfərin təhsil aldığını bildirib.

Hesabat ilində bölmənin elmi tədqiqat müəssisələrinin beynəlxalq əlaqələrindən danışan akademik İsa Həbibbəyli bildirib ki, bölmə alimləri Türkiyə, Rusiya, ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, İran, Özbəkistan, Gürcüstan, Ukrayna, Belarus, Qazaxıstan,Çin, Misir, Polşa, Bolqarıstan, Küveyt, Yaponiya, Vyetnam, Koreya, Səudiyyə Ərəbistanı və s. ölkələrin elmi mərkəzləri və beynəlxalq təşkilatları ilə əməkdaşlıq edib.

Hesabat məruzəsində qeyd edilib ki, ötən il İctimai Elmlər Bölməsinin elmi tədqiqat müəssisələri tərəfin­dən 20 beynəlxalq konfrans, 2 beynəl­xalq fo­rum, 2 beynəlxalq simpozium, 3 beynəlxalq seminar, 22 respublika konfransı, 32 elmi seminar, 8 sessiya, 12 yubiley tədbiri keçirilib.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, suallar cavablandırılıb. Müzakirələrdə AMEA Rəyasət Heyətinin üzvləri və bölməyə daxil olan elmi müəssisələrin rəhbərləri iştirak ediblər.

Rəyasət Heyətinin qərarı ilə AMEA-nın İctimai Elmlər Bölməsinin 2019-cu ildəki elmi və elmi-təş­ki­­­lati fəaliy­­­yəti haq­­qın­da hesabatı təsdiq edilib, alınan elmi nəti­cələrin AMEA-nın illik hesa­ba­tı­na daxil edilməsi qərara alınıb. Qərarda elmi tədqiqatların azərbaycançılıq məfkürəsinə əsaslanaraq aparılması, araşdırmaların müstəqil Azərbaycan dövlətinin sosial-iqtisadi və mədəni inkişafına istiqamətləndirilməsinin təmin edilməsi, bölmə alimlərinin beynəlxalq elmi proqramlara daha fəal inteqrasiyası, yerli və xarici elmi təşkilatlarla əlaqələrin daha da genişləndirilməsi və digər bu kimi məsələlər öz əksini tapıb.

Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın Naxçıvan Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında olub. Hesabat məruzəsi ilə çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev ötən il rəhbəri olduğu qurumun Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Respub­likası Na­zirlər Ka­bi­neti, Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Naxçıvan Muxtar Respubli­ka­sı Nazirlər Kabineti­, AMEA-nın prezidenti, Ümumi yığıncağı və Rə­yasət He­yə­tinin sə­rən­cam, qərar, tapşırıq və töv­siyələri, eləcə də dövlət proqramları və strategiyalarından isrəli gələn məsələlərin həllinə yönəlmiş bir sıra mühüm tədbirlərin həyata keçirdiyini nəzərə çatdırıb.

Natiq qeyd edib ki, hesabat ilində bölmədə 6 elmi istiqamətdə 6 problemi əhatə edən 7 mövzuya daxil olan 37 iş 99 mərhələdə yerinə yetirilib, 96 mərhələ üzrə tədqiqatlar tamamlanıb və 8 mühüm elmi nəticə əldə olunub.

Bölmənin nəşriyyat fəaliyyətindən bəhs edən akademik bildirib ki, 2019-cu ildə bölmə əməkdaşlarının 4-ü xaricdə olmaqla 18 monoqrafiyası, 9 kitabı, 1 kitabçası, 3 metodik vəsaiti, 75-i xaricdə olmaqla 551 elmi məqaləsi, 58-i xaricdə olmaqla 223 konfrans materialı, biri xaricdə olmaqla 7 tezisi nəşr edilib, alimlər tərəfindən dörd buklet tərtib edilib. Məqalə­lərin 93-ü xa­ric­də ol­maq­la 445-nin beynəlxalq kod­­lu nü­fuzlu elmi jur­nal­­larda, 37 elmi məqa­lənin “Web of Science”, “Scopus” və digər elmi bazalara daxil olan impakt fak­torlu jurnal­larda işıq üzü gördüyünü diqqətə çatdıran bölmə sədri bunlar­dan 10-nun Clarivate Analytics (Thomson Reuters) siyahısına daxil­ olduğunu vurğulayaraq alimlərin əsər­lərinə 340 dəfə istinad edildiyini əlavə edib.

Bölmənin beynəlxalq əlaqələrindən söhbət açan akademik İsmayıl Hacıyev alimlərin Türkiyə, Şi­mali Makedoniya, Qazaxıs­tan­, İran, Ru­siya, ABŞ, Avstraliya, Fran­­­sa, Gürcüstan və digər ölkələrin elmi mərkəzləri ilə əməkdaşlıq etdiyini bildirib. Qeyd edib ki, 2019-ci ildə AMEA-nın Naxçıvan Böl­məsi üzrə 2 respublika sə­viyyəli qrant la­yi­hə­sinin icrası başa çatıb, 2-si beynəlxalq və 1-i respublika sə­viyyəli olmaqla 3 qrant layı­hə­­si­nin icrası isə ha­zır­da da davam etdirilir.

Hesabat məruzəsində akademik İsmayıl Hacıyev bölmənin elmi müəssisələrində keçirilən konfrans və sessiyalar, bölmənin elektron por­ta­lına yerləşdirilən materiallar, əldə olunan büdcədənkənar vəsaitlər, kadr hazırlığı, elm və təhsilin inteqrasiyası sahəsində görülən işlərdən də ətraflı məlumat verib.

Məruzə dinlənildikdən sonra müzakirə olunub, suallar cavablandırılıb. Müzakirələrdən sonra AMEA-nın Naxçıvan Bölməsinin 2019-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat təsdiq edilib, qurumun gələcək fəaliyyəti ilə bağlı müvafiq tapşırıqlar verilib.

Müzakirə edilən digər məsələ xaricdə fəaliyyət göstərən Azərbaycan Əsilli Alimlərin Assosiasiyası ilə bağlı olub. Mövzu ətrafında çıxış edən AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov bildirib ki, ölkələrarası əlaqələrin sürətli inkişafı, dünyada qlobal problemlərin mövcudluğu və elmi inteqrasiyanın getdikcə daha da genişlənməsi alimlərin ortaq fəaliyyətini şərtləndirir. Hazırda dünyanın bir sıra nüfuzlu elm və təhsil mərkəzlərində müxtəlif elm sahələrini təmsil edən çoxsaylı Azərbaycan əsilli görkəmli alimlərin fəaliyyət göstərdiyini qeyd edən akademik-katib həmin alimlərlə elmi əlaqələrin qurulması, onların elmi potensialından və zəngin təcrübəsindən məqsədyönlü istifadəsi üçün kompleks tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu vurğulayıb.

Qeyd edilənləri nəzərə alaraq Rəyasət Heyəti AMEA-da xaricdə fəaliyyət göstərən Azərbaycan Əsilli Alimlərin Assosiasiyasının yaradılması haqqında qərar qəbul edib.

FACEBOOK ŞƏRH YAZ