• Cəmiyyət • Gündəm

ASCO-da 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı tədbir keçirilib

345
18-01-2020, 21:52

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı tədbir keçirilib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən ASCO-nun sədri Rauf Vəliyev bildirib ki, 30 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri dinc əhaliyə qarşı vəhşiliklər törədib, günahsız insanları qətlə yetirib, yaralayıb, yüzlərlə azərbaycanlı əlil olub, itkin düşüb.

Rauf Vəliyev bildirib ki, o dövrdə nəinki hadisələrə siyasi qiymət verilməyib, əksinə, səbəbkarların və günahkarların adları belə xalqa açıqlanmayıb. Hadisəyə ilk münasibətini bildirən Ümummilli lider Heydər Əliyev olub. Ulu öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək hadisəni humanizm və hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib. Hadisələrə əsl hüquqi, siyasi qiymətin verilməsi də Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olub. Dahi şəxsiyyət 20 Yanvar faciəsinin səbəblərinin, günahkarlarının aşkarlanması üçün yaradılan komissiyanın işini bərpa etməklə əsl həqiqəti üzə çıxarıb, xalqla birliyini bir daha təsdiqləyib.

Rauf Vəliyev Prezident İlham Əliyevin də Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə və sağlamlıqlarını itirmiş şəxslərə xüsusi qayğı ilə yanaşdığını vurğulayıb. Sədr onu da qeyd edib ki, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemləri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da hər zaman diqqət mərkəzindədir.

ASCO sədri əlavə edib ki, 20 Yanvar, eyni zamanda, qürur, şərəf günümüzdür. Bu hadisələr zamanı şəhid olan oğul və qızlarımız Vətənin azadlığı, suverenliyi uğrunda göstərdikləri şücaətlə hər kəsə örnək olublar.

Rauf Vəliyev həmin günlərdə dənizçilərin göstərdiyi fədakarlıq və qəhrəmanlıqlardan da danışıb. Dənizçilər hadisə baş verən zaman və ondan sonrakı günlərdə daim xalqla həmrəy olublar. Gəmilərin gülləbaran edilməsi belə milli birliyə və qəhrəmanlıq tarixinin yazılmasına maneə ola bilməyib.

Sədr qeyd edib ki, şəhidlərin xatirəsi hər zaman əziz tutulur, daim anılır, adları əbədiləşdirilir. O, ASCO-nun təşəbbüsü və dəstəyi ilə 20 Yanvar faciəsi zamanı dənizçilərin göstərdiyi qəhrəmanlıqlara həsr olunmuş bədii filmin çəkilməsini də bunun bariz nümunəsi olduğunu deyib. Bildirib ki, gələn il təqdimatı nəzərdə tutulan ekran işi faciəni ilk dünya ictimaiyyətinə çatdıran, sovet imperiyasının törətdiyi qırğın və vəhşiliyin qarşısını almağa çalışan dənizçilərimiz haqqında aydın fikir formalaşdıracaq. Sədr qeyd edib ki, bədii film tanınmış yerli və xarici aktyorlarının iştirakı ilə təcrübəli mütəxəssislər tərəfindən çəkilir. Filmin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərov, bədii rəhbəri və eyni zamanda baş rollardan birini canlandıran Xalq artisti Fəxrəddin Manafovdur. Filmdə əsas rollarından birini də Xalq artisti Rasim Balayev canlandıracaq. Ekran işinin quruluşçu operatoru Avropanın aparıcı mütəxəssislərindən biri latviyalı Qint Berzinş, quruluşçu rəssamı isə Gürcüstanın tanınmış incəsənət xadimi Mamuka Esadzedir.

Çıxışının sonunda Sədr bütün yaradıcı heyətə uğurlar arzulayaraq ortaya keyfiyyətli işin çıxacağından əminliyini ifadə edib.

Sonra Qanlı Yanvar hadisələrinin canlı şahidi, veteran dənizçi Ağalar İbrahimov həmkarlarının şücaətindən və qəhrəmanlığından iftixarla danışıb. Bildirib ki, o günlər dənizçilər dünyanın diqqətini Bakıdakı qanlı faciəyə yönəltmək üçün gəmilərdən hər saat “SOS” siqnalı veriblər. Bununla da, dənizçilər həyatlarını riskə ataraq Bakı buxtasında imperiya ordusu ilə qeyri-bərabər mübarizəyə qalxıb. Həmin dövrdə əksər gəmilərimiz ciddi zədə alıb, bəzi gəmilərdə mindən çox güllə, mərmi izləri olub.

Daha sonra filmin yaradcı heyətinə söz verilib.

Filmin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Elxan Cəfərov deyib ki, 20 Yanvar hadisələri zamanı dənizçilərin düşmənə qarşı birlik nümayiş etdirməyi qürurverici məqamlardandır. Dənizçilər çətin vəziyyətə düşsələr də, hər tərəfə məlumat ötürüblər. Quruluşçu rejissor qeyd edib ki, bədii filmin məqsədi də 20 Yanvarda dənizdə yaşanan hadisələri, dənizçilərin göstərdiyi qəhrəmanlıqları geniş auditoriyaya çatdırmaq, bu tarixi gələcək nəslə doğru-düzgün ötürməkdir.

O, filmin istehsalat prosesindən də danışıb. Bildirib ki, artıq bədii və rejissor ssenariləri hazırdır. Ssenari tarixi araşdırmalar nəticəsində üzə çıxan arxiv sənədlər, şahidlərin və ekspertlərin söylədiyi faktlar əsasında hazırlanıb.

Quruluşçu rejissor qeyd edib ki, ekran əsəri təkcə 20 Yanvar faciəsinin ağrı-acılarını özündə əks etdirməyəcək, həm də Azərbaycan xalqının, dənizçilərin göstərdiyi bu qəhrəmanlığı, vətənə sevgisindən yaranan müqavimət hərəkatının miqyasını dünyaya çatdırmağa kömək edəcək.

Elxan Cəfərov qəhrəman dənizçilərə həsr olunmuş filmin çəkilməsinə dəstək olduğu üçün ASCO rəhbərliyinə təşəkkürünü bildirib.

Xalq artisti Fəxrəddin Manafov bildirib ki, 20 Yanvar hadisəsi tariximizə ən faciəli günlərdən biri və eyni zamanda qəhrəmanlıq səhifəsi kimi daxil olub. 20 Yanvar qətliamı böyük qəddarlıqla törədilməsinə baxmayaraq, xalqın yenilməzliyini, Vətənə, torpağa sədaqətini, azadlığa qovuşmaq istəyini sübut edib.

Fəxrəddin Manafov o ağır günlərdə dənizçilərin göstərdiyi qəhrəmanlıqlardan da danışaraq çəkiləcək filmin əsas qayə və məramında da bu fədakarlığın dayandığını bildirib. Xalq artisti qeyd edib ki, əsas hadisələr faciə zamanı yaradılmış 7 nəfərdən ibarət Kapitanlar şurasının ətrafında cərəyan edəcək. Həmin 7 nəfəri canlandıran obrazların dilindən baş verənlərin əsl mahiyyəti aydın olacaq.

Fəxrəddin Manafov 20 Yanvar hadisələrinə işıq salmaq, tariximizi qorumaq, dənizçilərin qəhrəmanlıqlarını gələcək nəslə çatdırmaq məqsədilə çəkilən filmə dəstək göstərdiyi üçün ASCO rəhbərliyinə təşəkkürünü bildirib, ortaya uğurlu ekran işinin qoyulacağını deyib.

Sonda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin dənizçilərinin 30 il əvvəl 20 Yanvar faciəsi günlərində göstərdikləri şücaət və qəhrəmanlığından bəhs edən sənədli film nümayiş olunub.

FACEBOOK ŞƏRH YAZ