• İqtisadiyyat • Texnologiya • Gündəm

Sabah Bakıda "Bakutel" sərgisinin açılışı olacaq

276
2-12-2019, 11:34

Sabah Bakı Ekspo Mərkəzində “Bakutel-2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi keçiriləcək.

BAKU.NEWS xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında sərgi təşkilatçıları məlumat veriblər.

Bildirilib ki, hər il olduğu kimi, bu il də tədbirdə bir-birindən maraqlı layihələr təqdim edən stendlər qurulacaq. Sərgi Xəzər bölgəsində innovasiya və yüksək texnologiyalar sahəsində ən böyük hadisə olmaqla yanaşı, həmçinin işgüzar əlaqələrin qurulması üçün unikal məkandır.

Yubiley sərgisində 23 ölkədən 240-dan çox şirkət iştirak edəcək. ABŞ, Belarus, BƏƏ, Fransa, İran, İsrail, İtaliya, Rusiya, Sloveniya, Türkiyə, Xorvatiya və digər ölkələrin ticarət palataları və səfirliklərinin dəstəyi ilə aparıcı İT şirkətlərindən ibarət milli qruplar sərgidə təmsil olunacaq.
Sərginin debütantlarının sayı ümumi iştirakçıların 30 faizini təşkil edir. Sərgi həm iş, həm də gündəlik həyat üçün “ağıllı” həllər təklif edir.

“Bakutel” sərgisinin işgüzar proqramına kommunikasiya, dialoq və effektiv həll variantlarının axtarışı üçün müasir platformalar: “İnnovasiyalar zonası” və “Təqdimatlar zonası” daxildir. Bu dinamik zonalarda müxtəlif maraqlı tədbirlər keçiriləcək.

Tədbir çərçivəsində “Forbes” jurnalının redaksiya direktoru Nikolay Uskovla qapalı görüş keçiriləcək. Sərginin xüsusi qonağı məhz bu tədbirdə iştirak etmək üçün Bakıda səfərdə olacaq və biznes sahəsində innovasiyalar haqda məlumat verəcək.
Sərgi çərçivəsində 4-5 dekabr tarixlərində “Bakutel Tech Talks” Beynəlxalq Müzakirə Platforması təşkil ediləcək. Dolğun məzmun, yüksək səviyyəli məruzəçilər və qızğın müzakirələr rəqəmsal texnologiyalar aləminə dalmaq, bununla da sərginin iştirakçı və ziyarətçilərinə gələcəyə nəzər salmaq və sektorun ən vacib təmayüllərini izləmək kimi unikal fürsət verəcək.

“Bakutel-2019” sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 9 qurumunun təqdimatında müxtəlif yenilikləri özündə əks etdirən stendlərdə xidmətlər və layihələr nümayiş olunacaq. “Azərpoçt” MMC, “Aztelekom” MMC, “AzInTelecom” MMC, “Azərmarka” MMC, “Baktelecom”, Dövlət Radiotezliklər İdarəsi, İnnovasiyalar Agentliyi, Məlumat Hesablama Mərkəzi, Yüksək Texnologiyalar üzrə Tədqiqatlar Mərkəzinə məxsus stendlər bu il də seçiləcək.

“Azərpoçt” MMC-nin stendində yeni “Postman” xidməti təqdim olunacaq. “Android” sistemi ilə çalışan mobil tətbiq poçtalyonların işini asanlaşdırmaq və onların fəaliyyətinə nəzarət etmək məqsədi daşıyır.

“Azərpoçt”un digər yeniliyi “Postpay” – elektron pul kisəsidir. “Android” sistemi ilə çalışan qurğuların dəstəklədiyi mobil tətbiq vasitəsilə başqa elektron pul kisələrindəki hesablara, bank kartlarına, beynəlxalq pulköçürmələri sistemləri vasitəsilə istənilən şəxsə pul köçürmək, mobil rabitə ödənişləri, kommunal xidmət haqları, gömrük rüsumlarını təhlükəsiz və rahat şəkildə həyata keçirmək mümkündür.

Azərbaycanda ilk dəfə Avropa regionu Sürətli Poçt Rabitəsi Xidmətləri rəhbərlərinin beynəlxalq simpoziumu da məhz “Bakutel-2019” çərçivəsində keçiriləcək.

“Aztelekom” MMC-nin stendində məlumatın yüksək sürətlə ötürülməsini təmin edən müasir və səmərəli ayrılmış xətt xidməti, GPON və LTE texnologiyaları üzərindən göstərilən genişzolaqlı xidmətlər, İPTV və SAF – internetdə olan məzmunun filtrasiya xidməti təqdim olunacaq.
“AzInTelecom” MMC öz stendində “Hökumət buludu” layihəsini, yeni məhsullarını və layihələrini təqdim edəcək. Eyni zamanda, “SaaS ili” (proqram təminatı xidmətləri) çərçivəsində təqdim etdiyi yeni məhsullarla və layihələrlə bağlı təqdimatlar planlaşdırıb. Bundan əlavə, Yevlaxda ehtiyat Data Mərkəzi, “Azcloud Hackathon” yarışması, “Azcloud Kinetic” əməkdaşlıq proqramı haqqında gələcək planlar açıqlanacaq. Sərgi çərçivəsində “AzInTelecom” stendində bulud texnologiyaları üzrə ən son xidmətlərin “Azcloud MeetUp” adlı emalatxanası yaradılacaq. İnteraktiv emalatxana çərçivəsində əsasən məlumatların qorunması və təhlükəsizliyi mövzusunda 2 saat ərzində 5 təqdimat, 3 demo nümayişi və sual-cavab sessiyaları təşkil olunacaq.

“Baktelecom”a məxsus stenddə sərgi ziyarətçilərinə Bakı şəhərini əhatə edən “Evədək optika” layihəsi və paytaxt ətrafı ərazilərdə tətbiq edilən “Simsiz rabitə” şəbəkəsinin növbəti mərhələsi haqqında məlumat veriləcək.

“Baktelecom” GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının imkanlarından yararlanaraq “Evədək optika” layihəsi çərçivəsində müştərilərə bir optik xətt üzərindən telefon rabitəsi, internet və rəqəmsal televiziya xidmətlərini təklif edir. Şirkət Bakı və ətraf ərazilərdə əhalinin telefon, internet və digər multimedia xidmətləri ilə təmin edilməsinə imkan yaradan yeni nəsil “Simsiz rabitə” şəbəkəsi olan LTE – (Long Term Evolution) texnologiyasını tətbiq edir.

“ViTv” – “Baktelecom” internet şəbəkə üzərindən televiziya siqnalını effektiv ötürməyə imkan verən müasir IPTV (İnternet Protokol Televiziyası) texnologiyası ilə müştərilərə rəqəmsal televiziya xidmətini təqdim edir.

Mobil və stasionar telefonları ümumi şəbəkəyə birləşdirməyə imkan yaradan “Virtual ATS” xidməti də sərgi iştirakçılarına təqdim olunacaq.

FACEBOOK ŞƏRH YAZ