• Gündəm • İqtisadiyyat • Maliyyə

Azərbaycanın xidmətlər balansında yaranan kəsir 1,6 dəfə azalıb

101
30-03-2019, 09:27

2018-ci ildə Azərbaycanın xarici dövlətlərlə iqtisadi əlaqələrində 11,5 mlrd. ABŞ dolları dəyərində qarşılıqlı xidmət formalaşıb.

Baku.News bildirir ki, “Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 6,8 mlrd. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 4,7 mlrd. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.

Nəticədə xidmətlər balansında 2,1 mlrd. dollarlıq kəsir yaransa da, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə azalıb. Bunun 80,9%-i (1,7 mlrd. dollar) neft-qaz sektoru ilə əlaqədardır.

Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri idxalın artması ilə əlaqədar olaraq, ötən ilin eyni dövrü ilə müqayisədə 26,5% artaraq 350 mln. dollar təşkil edib. Qarşılıqlı xidmətlər dövriyyəsinin 24%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 2,7 mlrd. dollar olan nəqliyyat xidmətlərinin 45%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat sistemlərindən istifadə etmələri ilə əlaqədardır. Azərbaycanın 4 rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 1,2 mlrd. dollar, qeyri rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1,5 mlrd. dollar təşkil edib. Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 42% artib.

2018-ci il üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 13,3% azalaraq 4,9 mlrd. dollar təşkil edib. Hesabat dövrü ərzində turizm xidmətləri üzrə ixracın (2,6 mlrd. dollar) idxalı (2,3 mlrd. dollar) üstələməsi nəticəsində 349,8 mln. dollar həcmində profisit yaranıb (2018-ci il ərzində Azərbaycana gələn xarici vətəndaşların sayı 6% artıb). Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 2,3 mlrd. dollar məbləğində olub. Bunun 87%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür.

Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən tikinti xidmətlərinin dəyəri ötən ilin eyni dövrünə nisbətən 30% azalaraq 25,1 mln. dollar təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə illik müqayisədə 3,8% azalaraq 799,4 mln. dollar olub.

FACEBOOK ŞƏRH YAZ