• İdman • Gündəm

Azərbaycanda I Beynəlxalq Turan Oyunları keçiriləcək

961
30-11-2019, 15:30

Azərbaycan daha bir nüfuzlu idman tədbirinə ev sahibliyi edəcək. Ölkəmizdə 2020-ci ildə I Beynəlxalq Turan Oyunlarının keçirilməsi planlaşdırılır. Oyunların təşkili açıq havada nəzərdə tutulduğu üçün gələn ilin təxminən yay aylarına təsadüf edəcək. Bu yarışın təşkilində əsas məqsəd milli döyüş ənənələrimizi inkişaf etdirmək, Turan xalqlarının döyüş sənətini və mədəniyyətini təbliğ etməkdir. Beynəlxalq Turan Oyunları adından göründüyü kimi, bütün Türk ölkələri coğrafiyasını əhatə edərək ta qədimdən türk xalqlarına aid olan idman növlərini özündə əks etdirmək missiyasını qarşıya qoyur. Turnir çərçivəsində döyüş növləri, eləcə də, oxatma, aşıq atma, qartal uçurtma, at çapma və s. yarışların təşkili planlaşdırılır.

Bu sözləri Beynəlxalq Turan Oyunları Komitəsinin prezidenti, Dünya Alpaqut Federasiyasının İdarə Heyətinin üzvü Fərid Əlizadə deyib.

Komitənin rəsmisi deyib: “Xalqlarımıza məxsus bir sıra idman növləri var ki, onların yalnız adı qalıb, özləri isə tamamilə unudulub. Bəzi idman növləri isə bütün qaydaları ilə bu günədək el arasında yaşadılır. Bu oyunlar vasitəsilə unudulmaqda olan idman növlərini yarış qaydaları və qədim ənənələri ilə birgə həyata qaytarmaq istəyirik”.

F.Əlizadə türk xalqlarına məxsus olan alpaqut Turan döyüş sənətinin dünyada geniş yayılmasında Azərbaycanın böyük rolu olduğunu bildirib: “Qədim türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində sistemləşdirən alpaqut Azərbaycanda türk döyüş sənətləri üzrə tədqiqatçı, Beynəlxalq dərəcəli idman ustası, kutsan Vasif Namazov tərəfindən yaradılıb. Qısa müddət ərzində alpaqutun inkişafı istiqamətində çox böyük işlərin görülməsi və onun dünyada yayılması üçün geniş imkanlar yaradıb. Alpaqut döyüş sənəti üzrə birinci dünya çempionatı 2018-ci ildə Bakıda keçirilib. Əgər ilk dünya çempionatında 18 ölkədən komandalar iştirak edirdisə, bu il noyabrın 22-dən 24-dək paytaxt Bakıda təşkil olunan ikinci dünya çempionatında onların sayı 24-ə çatıb. “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən turnirə qatılan 3000-dən çox idmançı, federasiya rəsmisi, eləcə də qonaqlar böyük bir idman bayramına şahidlik ediblər. Xüsusilə qeyd etmək istəyirəm ki, dünya çempionatı Bakıda çox yüksək səviyyədə keçirilib və xarici ölkələrdən ölkəmizə gəlmiş idman qurumlarının rəsmiləri və qonaqlar bunu dönə-dönə qeyd ediblər. Alpaqut üzrə üçüncü dünya çempionatı Türkiyədə keçiriləcək. Ümid edirəm ki, qardaş ölkədə növbəti dünya çempionatı yüksək səviyyədə baş tutacaq”.

Dünya Alpaqut Federasiyasının 2014-cü ildən başlayaraq keçirilən beynəlxalq tədbirlər və yarışlarında kütləviliyin təmin olunması üçün görülən işləri davam etdirdiyini bildirən F.Əlizadə federasiyanın Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Almaniya, Qırğızıstan, Çexiya, Gürcüstan, İran, Pakistan, Hindistan, Livan, Macarıstan, Ukrayna, Əlcəzair, Qazaxıstan, Qırğızıstan, Nepal, Özbəkistan və digər ölkələrdə nümayəndəliklərinin öz fəaliyyətlərini daha da genişləndirdiklərini bildirib.

O qeyd edib ki, I Beynəlxalq Turan Oyunlarında müxtəlif yaş qruplarında idmançılar alpaqutun bütün sistemləri üzrə mübarizə aparacaqlar. (Azərtac)

FACEBOOK ŞƏRH YAZ