• Köşə • Gündəm

Unutqanlıq, yaxud tarixi unutqanlığın ibrət dərsi - BİRİNCİ YAZI

1 009
25-11-2019, 16:44

“Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər.Azərbaycanlılara qarşı zaman- zaman tördilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifəsidir”.
Ulu öndər Heydər Əliyev

“Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur.”
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Əsrlər boyu ən ağır cinayətlərə əl atan erməni faşistləri öz çirkin niyyətlərinə nail olmaq məqsədilə millətçiliyi və şovinizmi, qonşu türk xalqına nifrət ideologiyasını rəhbər tutaraq azərbaycanlılara qarşı sistemli, planlı şəkildə vəhşiliklər törətmiş, mərhələli olaraq müxtəlif vasitələrlə Azərbaycan ərazilərinin zəbt olunmasına, 100 minlərlə azərbaycanlının öz doğma torpaqlarından deportasiya olunmasına və zəbt olunmuş torpaqlarımızda süni yollarla müxtəlif ərazi vahidlərinin, o cümlədən erməni dövlətinin yaradılmasına nail olmuşlar.

Tarixə nəzər salsaq görərik ki, hələ 1813-cü və 1828-ci illərdə Rusiya imperiyası və İran arasında imzalanan Gülüstan, Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulmuş və xalqın bu milli faciəsinin davamı olaraq, torpaqlarımızın zəbt edilməsi prosesi başlanılmışdır.

Qeyd etmək lazımdır ki, XIX əsrə qədər Qafqazda ermənilərin hər hansı bir yaşayış məntəqəsi və ya ərazi vahidi mövcud olmamışdır . Lakin, XIX əsrin əvvəllərindən başlayaraq, Rusiya imperiyası tərəfindən yürüdülən etnik təmizləmə siyasəti nəticəsində Qacarlar İranından və Osmanlı imperiyasından yüz minlərlə erməni bizim doğma torpaqlarımıza köçürülmüş, öz tarixi dədə-baba torpaqlarında yaşayan azərbaycanlılar isə deportasiyaya məruz qalmışlar. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarların himayəsi ilə «erməni vilayəti» adlı inzibati bölgünün yaradılmasına nail olmuş və bununla da, azərbaycanlıların öz torpaqlarından qovulması siyasətinin bünövrəsi qoyulmuşdur.

Hər bir azərbaycanlı üçün qədim Bakı, Gəncə, Bərdə, Şəki, Dərbənd, Naxçıvan, Təbriz, Ərdəbil şəhərləri nə qədər əzizdirsə, İrəvan şəhəri də bir o qədər əziz və doğmadır. Müxtəlif dövrlərdə İrəvan şəhərinin yerləşdiyi ərazi Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, İlxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar, çar Rusiyası dövlətlərinin tərkibinə daxil olmuşdur. Yalnız 1918-ci ildə Cənubi Qafqazda ilk erməni dövləti yarandıqdan sonra İrəvan şəhəri Ermənistanın paytaxtına çevrilmişdir.

İrəvan şəhərinin Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi tərəfindən 1918-ci ildə Ermənistana hədiyyə edilməsi, yumşaq dillə desək, böyük bir siyasi səhv idi. Bu səhvin doğurduğu yanğı hələ də, hər bir azərbaycalının qəlbində alovlanır. Tarix boyu qəlbindəki bu yanğını söndürə bilməyən böyük ziyalılarımız, bu tarixi ədalətsizliyin gələcək nəsillərimizə çadırılmasından ötrü zaman-zaman əsərlər yazmış, kitablar dərc etdirmişlər. Lakin bu gerçəklik bütün çılpaqlığı ilə yeni ərsəyə gəlmiş “Azərbaycanın əzəli və əbədi torpağı İRƏVAN XANLIĞI” adlı genişhəcmli dördcildlik ensiklopedik topluda daha dolğun, daha dəqiq və tarixi faktların xronoloji ardıcıllığına riayət edilməklə işıqlandırılmışdır.

Əsərlə tanış olduqda aydın görünür ki, görkəmli ziyalı Xanlar Vəliyevin ideya rəhbərliyi, Teymur Əhmədovun tərtibatı və elmi redaktorluğu ilə nəşr olunan dördcildlik kitab Azərbaycan ictimaiyyəti üçün ciddi hadisədir. Dörd cilddən, on üç fəsildən ibarət olan bu ensiklopedik toplu struktur etibarilə iki metodologiya əsasında təsnifatlaşdırılmışdır: məntiqilik və ardıcıllıq.

Topluda irəli sürülən ideyalar ilk növbədə əqli mühakimələrə uyğun olaraq tarixi həqiqətlərə, rəsmi sənədlərə və arxiv materiallarına əsaslandırılmışdır.

Topluda, qələmə alınan mövzular uzlaşdırılmış şəkildə ardıcıl tərtib edilmişdir.
Hazırkı nəslin və gələcək nəsillərin öz tarixi keçmişi barədə dürüst maariflənməsi milli mövcudluğun vacib şərtlərindəndir. Bu baxımdan topluda əsaslandırılır ki, “tarixi, həqiqətlə qurmaq üçün təkcə hadisələrin və faktların tarixini deyil, həm də bunları nəzəri cəhətdən, aşkar - necə və hansı yöndə şərh edildiyini və ermənilərin xristian dünyasına öz şəxsi qurumlarını necə təqdim etdiklərini bilmək lazımdır”. Azərbaycanın ümummilli problemi olan erməni təcavüzü ilə əlaqədar əsərlərin konseptuallığına dair bir neçə istiqamət nəzərdə tutulur ki, bu da əsərin əsas prioritet süjet xəttinin gerçək tarixi faktların xronoloji ardıcıllığa riayət edilrək verilməsi ilə bərabər, həm də milli məfkurəmizin əsasını təşkil edən milli özünüdərk, milli özünütəşkil və milli özünütəsdiq prosesinin daha da müffəssəl tədqiq olunmasına yönəlmişdir.

Kitabın birinci cildi azərbaycanlıların soyqırımı haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə açılır, qədim tarixi mənbələr əsasında İrəvan xanlığının əzəli Azərbaycan torpağı olması əsaslandırılır. XIX-XX əsrlərdə Cənubi Qafqazda təlatümlü ictimai-siyasi hadisələr fonunda ermənilərin kütləvi köçürülməsi, erməni problemi şərh edilir. Azərbaycan şəhəri İrəvanın kameral təsviri, əyalət dəftərinin icmalı verilir, İrəvan xanlığına qarşı erməni mifi və ərazi uydurmaları ifşa olunur.

Topluda erməni kütləsinin İrəvan xanlığına köçürülməsi ilə əlaqədar xarici ölkələrdə nəşr edilən ədəbiyyatlardan geniş istifadə edilmiş, hətta sübut əhəmiyyəti kəsb edən erməni müəlliflərinin yazılarından da sisatlar göstərilmişdir.

Toplunun əsas qayəsi İrəvan xanlığının yerləşdiyi ərazinin qədim türk-müsəlman torpağı olmasını və yaxın tarixdə ermənilərin başqa yerlərdən həmin əraziyə köçürülməsini sübut etməkdən ibarətdir. Ona görə də bu missiya daha çox təqdim və təqdir edilməlidir.

FACEBOOK ŞƏRH YAZ