• Cəmiyyət • Sosial • Gündəm

“Azərsu” sədri yağışdan sonra əmələ gələn gölməçələrdən danışdı

318
7-11-2019, 19:44

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Bakıda yağış yağanda bəzi ərazilərdə gölməçələrin yaranmasına münasibət bildirib.

BAKU.NEWS-un məlumatına görə, ASC sədri bildirib ki, Bakıda bütün kanalizasiya xətləri mütəmadi təmizlənir:

“Xüsusilə yağış barədə məlumat alan kimi bu kanalizasiyalar yenidən təmizlənir. Kanalizasiya xətlərinə yad tullantlar atılır. Ona görə də belə problemlər yaşanır. Gölməçələrin yaranmasına bir neçə problem səbəb ola bilər. Burada kanalizasiyalarda problem ola bilər. Kanalizasiya tutulur, yağış suları çox olduğuna görə kanalizasiya sistemləri çatdıra bilmir”.

“Bakıda əhalinin çoxalması, yeni yaşayış sahələrinin tikilməsi, sudan istifadənin çoxalması kanalizasiya xətlərinin həddən artıq yüklənməsinə səbəb olur. Buna görə də yeni kollektorlar tikilir ki, bu da xətlərə düşən yükü azaldacaq. Yağış barmaqlıqlarının artırılması, su toplayıcılarının tikintisi işləri aparılır”, - deyə sədr qeyd edib.

Q.Hüseynov bildirib ki, kritik yerlər müəyyən edilib:

“Həmin qəsəbələrdə yağış sularının çəkilməsi üçün layihələr icra edilir. Bu işlərin gələn il başa çatması gözlənilir. Bakının Ramana, Biləcəri, Zabrat qəsəbələrində, Abşeron rayonunun Məhəmmədi qəsəbəsində gələn il yağışdan sonra gölməçələrin yaranmasının qarşısı almaq mümkün olacaq”.

FACEBOOK ŞƏRH YAZ