• İqtisadiyyat • Gündəm

"Azərişıq" vətəndaşlara müraciət edib

504
6-11-2019, 16:02

"Son zamanlar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən ötən ay Bakının Nizami rayonunda yüksək gərginlikli transformator məntəqəsinə daxil olaraq yanıq xəsarətləri almış 9 yaşlı Zəhra Əliyevanın müalicəsinə "Azərişıq" ASC tərəfindən heç bir maddi və mənəvi yardım göstərilməməsi ilə bağlı əsassız məlumatlar yayılır. "Azərişıq" olaraq bildirmək istəyirik ki, bu xoşagəlməz hadisə baş verdiyi gündən etibarən 9 yaşlı Zəhra balamız rəhbərliyimizin daim diqqət mərkəzində olub".

Bunu BAKU.NEWS-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayev qeyd edib ki, məlum hadisədə yanıq xəsarətləri almış körpənin müalicəsi və ayağa qalxması üçün "Azərişıq" əməkdaşları xəstəxanaya ezam olunub:

"Onlar həmin müalicə müəssisəsində növbəli şəkildə yerləşdirilib. Hadisə baş verəndən bu günə qədər Zəhra Əliyevanın müalicəsi üçün tələb olunan bütün vəsaitlər Səhmdar Cəmiyyət tərəfindən qarşılanıb. Sosial şəbəkələrdə iddia olunduğu kimi bu məsələdə heç bir kənardan vəsait cəlbi olmayıb.

Onu da açıqlamaq istəyirəm ki, bundan sonra da "Azərişıq" Zəhra Əliyevanın müalicəsi üçün lazım pıan bütün zəruri tədbirləri görməkdə davam edəcək".

"Azərişıq" sözçüsü vətəndaşlara da müraciət edib:

"Vətəndaşlarımızdan, sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, heç bir əsası olmayan bu tipli məlumatların yayılmasına yol verməsinlər. Biz də bu ölkənin vətəndaşlarıyıq və Zəhra balamızın başına gələn bu xoşagəlməz olay insan olaraq bizi də incidir. Bədbəxt hadisələrdən heç birimiz sığortalanmamışıq və hamımız bir-birimizə dəstək verib belə çətinlikləri dəf etməliyik".

FACEBOOK ŞƏRH YAZ