• Cəmiyyət • Gündəm

Hüquq mühafizə orqanları inkişafının məzmun və keyfiyyətcə yeni mərhələsini yaşayır

867
5-11-2019, 12:26

Məlum olduğu kimi ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi özünün yüksək zirvəsinə çatdı. Ulu öndərin Azərbaycanı xaosdan xilas edərək yenidən ölkəyə rəhbərlik etməsindən sonra bir sıra peşə sahibləri və xidmət orqanları ilə yanaşı prokurorluq orqanlarının da fəaliyyətində yeni bir dövr başlandı. Həmin dövrdə müstəqil dövlətçiliyimizin əleyhinə olan cinayətlər, görkəmli ictimai və dövlət xadimlərinə qarşı törədilən terror aktları, dövlət əmlakının mənimsənilməsi, bank-maliyyə sistemində baş vermiş ağır cinayət hadisələri, o cümlədən sadə vətəndaşlarımızın əmanətlərinin talan edilməsi kimi ağır cinayət hadisələri məhz prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarcasına istintaq edilmiş, təqsirkar şəxslər layiqli cəzalarını almışdılar. Bu dövrdə ölkəmizdə 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət və hərbi çevrilişlərinə cəhdlərin də qarşısı alındı. Məlum hadisələrlə bağlı cinayət işlərinin istintaqının aparılmasında prokurorluğun bir qrup əməkdaşı xüsusi ilə fərqlənmişdi.

Bu gün də prokurorluq orqanlarının əməkdaşları öz peşələrinin öhdəsindən uğurla gəlir, ölkəmizdə qanunun aliliyinin təmin olunmasında öz töhfələrini verirlər. Bir xatırlatmanı da edək ki, prokuroruq işçilərinin peşə bayramı da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair imzaladığı 17 iyul 1998-ci il tarixli Sərəncamı bu əlamətdar tarixi əbədiləşdirib ki, bununla da o, zamanında prokurorluğun demokratik və hüquqi cəmiyyətdə statusu məsələsinə dövlət səviyyəsində münasibət bildirmişdi.

Prokurorluq orqanlarının əməkdaşlarının xidmətlərindən danışarkən hərbi prokurorluqların şəxsi heyətinin xidmətlərini də unutmamalıyıq. Bir məqamı xatırladaq ki, vaxtilə Müdafiə Nazirinin müvafiq əmrinə əsasən Hərbi prokurorluqların şəxsi heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ştat sayına daxil edilmiş və müəyyən edilmişdi ki, Hərbi prokurorluqların şəxsi heyəti həqiqi hərbi xidmətdə olmaqla hərbi xidmət keçmənin qaydalarını müəyyən edən Nizamnamə və Əsasnamələr onlara da şamil edilsin.
Hərbi prokurorluqların prokuror və istintaq işçilərinin vəzifə ştatlarının siyahıları və bu vəzifələrə uyğun hərbi rütbələr isə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı ilə Silahlı Qüvvələrin Baş Ştabı tərəfindən təsdiq olunurdu. Hərbi prokurorluqların maliyyələşdirilməsi isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən həyata keçirilirdi. Əvvəlki dövrlərdə Azərbaycan Respublikasının Hərbi prokurorluğu sistemində müəyyən dəyişikliklər olmuşdu. Konkret olaraq Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Daxili Qoşunlar, Sərhəd Qoşunları hərbi prokurorluqları, İxtisaslaşdırılmış Hərbi prokurorluğu, Abşeron Hərbi prokurorluğu yaradılmış, sonradan həmin prokurorluqlar ləğv edilmişdi.

Hazırda respublikamızda Hərbi prokurorluqların yaradılması və fəaliyyəti üçün hüquqi baza rolunu Azərbaycan Respublikasının 1995-ci il tarixdə qəbul edilmiş Konstitusiyası, 7 dekabr 1999-cu il tarixli «Prokurorluq haqqında» Azərbaycan Respublikasının Qanunu, 29 iyun 2001-ci il tarixli «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanunu, həmçinin «Hərbi xidmət haqqında», «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunları və digər normativ aktlar oynayır.
Günümüzdə Azərbaycan Respublikasının Prokurorluq orqanları sistemində Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının hərbi prokurorluğu, Bakı, Sumqayıt, Gəncə, Qazax, Tərtər, Qarabağ, Füzuli, Lənkəran və Zaqatala hərbi prokurorluqları fəaliyyət göstərir.

Artıq zaman dəyişib, dünya 90-cı illərdən fərqli olaraq daha da irəliləyən, inkişaf edən və islahatlar ölkəsi kimi tanınan bir dövləti-Azərbaycanı müşahidə edir. Bu gün ölkədə həyata keçirilən islahatlar prokurorluq sistemində də özünü göstərir. Ümumiyyətlə son illərin Azərbaycanına nəzər salsaq, ölkəmizin Cənubi Qafqazın aparıcı dövləti kimi dünya birliyində mövqelərini daha da möhkəmləndirdiyini görərik. Bu isə, ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin gərgin əməyi, yürütdüyü müdrik xarici və daxili siyasətin nəticəsi kimi qiymətləndirilməlidir. Daim digər ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq ölkəmizin xarici siyasət strategiyasının əsas prinsiplərindən birini təşkil edib. Artıq neçə ildir ki, beynəlxalq aləmlə qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq, geostrateji maraqların reallaşması, terrorizmlə mübarizə, vətəndaşlarımızın firavan və təhlükəsiz şəraitdə yaşayışının təmin olunması istiqamətində uzaqgörən xarici siyasət həyata keçirilir. Eyni zamanda uğurlu və insanların rifah halının yüksəlməsinə hesablanmış daxili siyasət, reallaşdırılan islahatlar xətti də təqdir edilməlidir. Çünki ölkə başçısının həyata keçirdiyi çoxşaxəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir.

Qeyd edək ki, hazırda da davam edən islahatlar bütövlükdə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə reallaşan çoxşaxəli islahatlar konsepsiyasının əsas istiqamətlərindən birini təşkil edir. İslahatlar sürətli sosial-iqtisadi inkişafa, əhalinin sosial rifahının yüksəlməsinə mühüm təkan verməklə yanaşı, həm də Azərbaycanı beynəlxalq aləmdə islahatçı dövlət kimi tanıtmaqdadır.
Azərbaycanda aparılan islahatların əsas strategiyası ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsinə, demokratik dəyərlərin inkişafına və dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinə yönəlib ki, bu məqsədlə cəmiyyətin bütün sahələrində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Bu cür təqdir ediləsi addımlardan biri isə məhkəmə-hüquq sahəsində aparılan ardıcıl islahatlardır. Məhkəmə-hüquq sahəsində aparılan mühüm islahatlardan biri hərbi sahədə görülən işlər, aparılan islahatlardır ki, burada da xüsusilə Hərbi Prokurorluq orqanlarının fəaliyyətini qeyd etmək yerinə düşərdi. Hazırda Prezidentin qayğısı sayəsində bütün hüquq mühafizə, ədliyyə, məhkəmə və xüsusi xidmət, o cümlədən hərbi prokurorluq orqanları inkişafının məzmunca və keyfiyyətcə yeni mərhələsinə qədəm qoyulub, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan həmin təsisatların işinin müasirləşdirilməsi istiqamətində çox mühüm addımlar atılır.

Azərbaycan Respublikası Prokurorluğu orqanlarının bu gün dünya standartlarına uyğun fəaliyyəti qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan və vətəndaş hüquqlarının təmin olunması prinsiplərinə əsaslanan, demokratik cəmiyyətdə özünəməxsus yer tutan orqan kimi formalaşması və prokurorluq orqanlarının konstitusion statusa malik olmaqla dövlət idarəetməsində mühüm əhəmiyyət daşıması yalnız ulu öndər Heydər Əliyevin rəhbərliyi altında başlanan və Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilən məhkəmə-hüquq islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində mümkün olub.

Cənubi Qafqazın ən güclü ordusuna malik ölkəmizdə Silahlı Qüvvələrlə bağlı qanunvericilik bazasının möhkəmləndirilməsi, bu sahədə mövcud qanunların icra və tətbiq olunmasına nəzarət edilməsi də xüsusi əhəmiyyət kəsb edir. Hazırda ən məsuliyyətli və şərəfli işi görən hərbi prokurorluqlar isə öz uğurlu fəaliyyətləri ilə yalnız qanunun aliliyinin təmin edilməsində deyil, eyni zamanda hərb sahəsinin inkişafına da müəyyən mənada verilən töhfələri ilə seçilirlər. Çünki onların çiyinlərinə düşən ağır yük ilbəil daha da artır, bu mənada görüləcək işlər və hərbi, hüquqi sahənin inkişafı daim prioritet olaraq qalır. Həmçinin bu gün ölkəmizdə bütün sahələrdə aparılan islahatlar ordu quruculuğu və hüquq mühafizə orqanları ilə iş sahəsində də mühüm tədbirlərin görülməsinə geniş imkanlar açır. Bununla yanaşı, ölkədə prokurorluq orqanlarında, o cümlədən hərbi prokurorluq sahəsində çalışanların sosial problemlərinin həlli də diqqət mərkəzində saxlanılır, onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər görülür. Bundan əlavə, hərbi prokurorluq orqanlarına daxil olan inzibati binalarda əsaslı yenidənqurma işlərinin aparılmasına, yeni binaların inşasına xüsusi diqqət göstərilir.
Bundan əlavə, digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının artırılması, yeni nəsil hərbi prokurorluq işçilərinin yetişdirilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki təminatın yaxşılaşdırılması üçün də konkret tədbirlər görülür.

Yəni bütün bu və digər sadalanmayan görülmüş müsbət işlər hərbi prokurorluğun şəxsi heyətinin daim diqqətdə saxlandığını deməyə əsas verir. Yaradılan imkanlar bir daha təsdiqləyir ki, ölkəmizdə ordu quruculuğunun, insan hüquq və azadlıqlarının qorunmasında mühüm rola malik olan hərbi prokurorluq orqanlarının fəaliyyətinin günün tələbləri nəzərə alınmaqla qurulması bu sahədə ciddi keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olur.
Bu gün ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolu danılmazdır. Çətin və şərəfli bir təkamül yolu keçmiş prokurorluq orqanları bu gün dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirir, qanunun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsində öz xidmətlərini göstərir.
Fəxr olunası haldır ki, prokurorluq işçiləri onların üzərinə düşən işlərin öhdəsindən uğurla gəlir, prokurorluq orqanlarının qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi üzərində əzmlə çalışırlar.

FACEBOOK ŞƏRH YAZ