• Gündəm • Turizm

Fuad Nağıyev: "Azərbaycanda yeni turizm məktəbinin yaradılması üçün iş aparılır"

75
15-09-2019, 14:59

BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyası Moskvada "Hamı faydalanır: qlobal şəhərlərdə turizmin inkişafı strategiyaları" adlı sessiya keçirib.

BAKU.NEWS xəbər verir ki, işgüzar proqramda iştirakçılar Baş Assambleyanın 23-cü sessiyasında toxunulan turizmin dayanıqlı inkişafı, təhsil, yeni iş yerlərinin açılması, həmçinin turizmdə innovasiyanın vacibliyi mövzularını müzakirə ediblər.

Müzakirələrdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev də iştirak edib.

Agentlik sədri çıxışı zamanı bildirib ki, son illər Azərbaycanın şəhər və regionlarında turizmin inkişafı üçün dövlət tərəfindən geniş infrastruktur işləri görülür. Bununla paralel olaraq agentlik turistlərin Azərbaycana cəlb edilməsi üçün xarici ölkələrdə geniş marketinq işləri aparır.

Fuad Nağıyev, həmçinin Azərbaycanda yeni turizm məhsullarının yaradılmasına və inkişafına, eyni zamanda mədəni irsin qorunub saxlanmasına dövlət tərəfindən xüsusi diqqət ayrıldığını bildirib.

Azərbaycanda turizm sahəsində təhsilə də xüsusi diqqət yetirildiyini bildirən agentlik sədri yeni turizm məktəbinin yaradılması üçün işlərin aparıldığını diqqətə çatdırıb.

Azərbaycan torpaqlarının bir hissəsinin hələ də işğal altında saxlanıldığını deyən Fuad Nağıyev bu səbədən ölkənin turizm potensialını tam göstərə bilməməsini də sessiya iştirakçılarının diqqətinə çatdırıb.

Xüsusi proqramın təşkilatçıları Moskva şəhərinin turizm komitəsi və qeyri-kommersiya təşkilatı olan "Moskvanın Turizm və Qonaqpərvərliyin İnkişafı Layihə Ofisi" dir.

Xatırladaq ki, sentyabrın 9-da Rusiyada turizm nazirləri, dövlət və özəl sektorun rəhbərlərinin iştirakı ilə Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyası işinə başlayıb.

65 turizm naziri və nazir müavini, 31 dövlət katibi olmaqla, 1100-dən çox şəxs iştirak etdiyi sessiyasının gündəliyində turizmin təhsildə və yeni iş yerlərinin açılmasında rolu, beynəlxalq turizmi davamlı etməkdə innovasiya və sahibkarlığın əhəmiyyəti kimi mövzular yer alır.

FACEBOOK ŞƏRH YAZ