• Gündəm • İqtisadiyyat

"Belə sərgilərin keçirilməsi ölkəmiz üçün olduqca əhəmiyyətlidir" - KOBİA rəsmisi

66
12-09-2019, 11:53

"Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) də dəstək göstərdiyi sərgilərdə 50-yə yaxın yerli və xarici şirkətin, o cümlədən mikro və kiçik qadın sahibkarların məhsulları və əl işləri, eləcə də bir sıra sosial sahibkarlıq layihələri təqdim olunur. Azərbaycanda qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi baxımından belə sektoral sərgilərin əhəmiyyətlidir".

BAKUNEWS xəbər verir ki, bunu bu gün Bakıda 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi (“Gift & Promo 2019”) və 2-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri (“AdPrint 2019”) Sərgisində jurnalistlərə açıqlamasında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, müvafiq sahələrdə xeyli sayda mikro, kiçik və orta biznes subyektləri fəaliyyət göstərir.

"KOBİA mikro və kiçik sahibkarlara, xüsusilə də qadın və əlil sahibkarlara, startaplara və gənclərə dövlət dəstəyi mexanizmləri və Agentliyin təqdim etdiyi xidmətlər çərçivəsində dəstək göstərir. Belə dəstək tədbirlərindən biri də mikro və kiçik sahibkarların ölkəmizdə keçirilən müxtəlif sərgi və festivallarda iştirakının təmin edilməsidir" - o qeyd edib.

O. Məmmədov vurğulayıb ki, burada əsas məqsəd KOB-ların öz məhsul və xidmətlərini təqdim etməsinə, satış imkanlarını genişləndirməsinə, biznes əlaqələri qurmasına dəstək olmaqdır.

Qeyd edək ki, KOBİA-nın dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) tərəfdaşlığı ilə yaradılmış xüsusi stenddə əsasən qadın və əlil sahibkarların əl işləri nümayiş olunur. Stenddə suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri, bəzək əşyaları və aksesuarlar, oyuncaqlar və s. olmaqla ümumilikdə 50-yə yaxın çeşiddə əl işləri sərgilənir.

Sərgilər Caspian Event Organisers (CEO) MMC-nin təşkilatçılığı ilə keçirilir və sentyabrın 14-dək davam edəcəkdir.

FACEBOOK ŞƏRH YAZ