• Gündəm • Cəmiyyət

Bu gündən Məhərrəm ayı başlayıb

226
1-09-2019, 00:01

Müsəlman dünyası hicri-qəməri təqviminin yeni ilinə keçib. Bu gün məhərrəm ayının biridir.

BAKU.NEWS xəbər verir ki, hicri-qəməri (h.q) təqvimi ilə 1440-cı ilin sonuncu ayı zilhiccə sona çatıb və müsəlman dünyası h.q təqviminin 1441-ci ilinin məhərrəm ayına keçib.

Məhərrəm ayı h.q tarixi ilə yeni təqvim ilinin başlanğıcı olduğu kimi, müsəlman dünyasında böyük əhəmiyyət kəsb edən bir sıra tarixi hadisələri də özündə ehtiva edir.

Azərbaycan da daxil olmaqla bir çox müsəlman ölkələrində bu ay hüzn və əzadarlıq ayı kimi yadda qalıb. Buna səbəb isə müsəlman tarixində ən böyük faciə olan Aşura faciəsinin baş verməsidir.

Aşura faciəsi h.q təqvimi ilə 61-ci ilin məhərrəm ayında baş verib. Aşura 10 ədədini ifadə edir. Bu, hadisənin ayın 10-da törədilməsinə görədir. Faciə İraqın Kərbəla səhrasında Bəni-Üməyyə dövlətinin başçısı Yezid ibni Müaviyə və onun İraq valisi Ubeydullah bin Ziyadın göstərişilə törədilib. Bu faciə İmam Hüseynin (ə) zalım Yezidlə beyət etməməsi və Bəni-Üməyyə hakimiyyətinə qarşı etirazlara qalxan İraq xalqının mübarizəsinə başçılıq etmək üçün Kufəyə yollandığı zamanı baş verdi. İmam Hüseynin (ə) karvanında 72 - 150 nəfərin olduğu halda, onları mühasirəyə alan və qətliam törədən Bəni-Üməyyə ordusunun sayı 30 min civarında olduğu deyilir. Faciə nəticəsində İmam Hüseyn (ə) də daxil olmaqla onun karvanında olanlardan 70 nəfər qətliam edildi. Qalan ailə üzvləri qadın və uşaqlar əsir götürüldü. Öldürülənlərdən əksəriyyətinin başları bədənlərindən ayrılıb nizələrə taxıldı və Şama aparıldı.

Tarixi fakrlar göstərir ki, bu cinayət təkcə şiə aləmini deyil, digər məzhəblərin və dinlərin olduğu məmləkətlərdə də böyük sarsıntıya səbəb olub.

Qeyd edək ki, bu il Məhərrəm ayının 1-i miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə, Aşura günü isə sentyabrın 10-na təsadüf edir. QMİ, məzhəbindən asılı olmayaraq ölkə müsəlmanlarına İmam Hüseyn (ə) mərasimlərində birgə iştirak etməyi, İmam (ə) və Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ və Xocalı şəhidlərinin də ruhlarına dualar etməyi tövsiyə edir.

FACEBOOK ŞƏRH YAZ