• Gündəm • Siyasət • Qarabağ

Deputatlar bu sessiyada da Qarabağla bağlı sənədi müzakirə etməyəcək - AÇIQLAMA

67
30-08-2019, 16:17

Milli Məclisin payız sessiyasında "Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında" qanun layihəsi müzakirəyə çıxarılmayacaq.

BAKU.NEWS xəbər verir ki, bu barədə Oxu.Az-a qanun layihəsinin müəllifi, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Qüdrət Həsənquliyev məlumat verib.

"Təəssüf edirəm ki, qanun layihəsi Milli Məclisin 2019-cu il payız sessiyasında da müzakirə olunmayacaq", - deyə Q.Həsənquliyev əlavə edib.

Qeyd edək ki, Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər edənlər Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısına salınır. İşğalda olan ərazilərlə bağlı isə ayrıca qanun yoxdur.

Q.Həsənquliyevin müəllifi olduğu qanun layihəsi isə 12 maddədən ibarətdir. Sənəd Gürcüstanın işğal altında olan ərazilərlə bağlı qanunvericiliyi bazası əsasında yaradılıb.

Sənəddə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin hüquqi statusu müəyyən olunub. Həmin ərazilərə xarici ölkə vətəndaşlarının daxil olması, şirkətlərin fəaliyyət göstərməsinin qanunsuz olması əksini tapıb.

Eyni zamanda, həmin ərazilərə Azərbaycan vətəndaşlarının daxil olması üçün xüsusi hüquqi rejimin yaradılması əks olunub.

Sənəddə işğal altındakı ərazilərin hüquqi baxımdan işğalçı dövlətin nəzarəti altında olduğu qeyd edilib.

Layihədə göstərilib ki, işğal olunmuş ərazilərimizə giriş-çıxış həmin qanunla tənzimlənə bilər.

Bundan başqa, sənədə görə, istənilən ölkə vətəndaşlarının, şirkətlərin həmin ərazilərə girməsi birbaşa olaraq qanunla qadağan olunur və məsuliyyət yaradır.

FACEBOOK ŞƏRH YAZ