• Sosial • Gündəm

Qurbanlıq əti necə paylanılmalıdır? – İlahiyyatçı ilə müsahibə

745
9-08-2019, 15:58

Bildiyimiz kimi, qarşıdan İslam aləmi və xalqımızın müqəddəs günlərindən biri, uca insani keyfiyyətlərin təntənəsini simvolizə edən Qurban bayramı gəlir. Bu il Qurban bayramı avqustun 12-nə təsadüf edir. Bu münasibətlə ölkədə dini ocaqlarda bayram namazları qılınacaq, dualar ediləcək. Bəs bayram günü hansı əməllərə diqqət edilməlidir. Mövzuyla bağlı Bakının Yasamal rayonunda yerləşən “Hacı Cavad” məscidinin axundu, ilahiyyatçı Hacı Əhliman Rüstəmov BAKU.NEWS-a müsahibə verib.

Hacı, öncə Qurban bayramının tarixcəsinə qısaca nəzər salaq.

- Bağışlayan və rəhmli Allahın adı ilə! Mən də öz növbəmdə xalqımızı dinimizin müqəddəs bayramlarından sayılan Qurban bayramı münasibətilə təbrik edirəm. Uca Allahdan hər birinin dualarının qəbulluğunu diləyirəm. Ümumiyyətlə, Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan sayılır. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulurdu. Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Müqəddəs Qurani-Kərim də də yazılıb. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər. Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı da yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil.

Bayram namazı necə qılınır?

- Bayram namazı həm fərdi qaydada, həm camaatla (rəcaən niyyətilə) qılına bilər. Bayram namazının vaxtı gün çıxan vaxtdan zöhrə qədərdir. Qurban bayramı namazı eynilə Fitr namazı kimidir. Lakin niyyətləri fərqlidir. 2 rükətdir. Birinci rükətdə “Fatihə” surəsindən və ikinci surədən sonra 5 təkbir deyilir, hər təkbirdən sonra qunut tutulur. Beşinci qunutdan sonra təkbir deyilir (bu, artıq 6-cı təkbir olur), sonra rüku və səcdələr yerinə yetirilir. İkinci rükətdə “Fatihə” surəsindən və ikinci surədən sonra 4 təkbir deyilir, hər təkbirdən sonra qunut tutulur. Dördüncü qunutdan sonra təkbir deyilir (bu, artıq 5-ci təkbir olur), sonra rüku və səcdələr yerinə yetirilir, təşəhhüd və salamlar deyilir. Bayram namazı (Fitr və Qurban namazları) İmam Mehdi Sahib-əz-Zamanın (ə.f.) zühuru zamanı vacib olacaq. Hazırda İmam (ə.f) qeybdə olduğu üçün bu namazın qılınması vacib deyil, müstəhəbdir.

Hansı heyvan növlərindən qurban kəsmək olar?

- İslam şəriətinə görə, dəvə, inək, keçi və qoyun cinsindən qurban kəsmək olar. Bunun sübutu Qurani-kərimin Həcc surəsinin 28-ci və 34-cü ayələridir. Həmin ayələrdə qurbanlığın “ənam” adlanan ev heyvanlarından olması şərt sayılıb. Quranın Ənam surəsinin 143-144-cü ayələrində isə “ənam” qisminə aid olan heyvanların yuxarıda adları çəkilən dörd cinsdən olduğu vurğulanıb. Bəziləri qurbanlıq adı ilə toyuq, xoruz və s. kəsir. Bu doğru deyil və qurban sayılmaz. Onu da deyim ki, qurbanlıq heyvanın erkək olması vacib şərt deyil.

İslam şəriətində qurban kəsimi ilə bağlı hansı şərtlər mövcuddur?

- Qurbanlıq heyvan hər şeydən əvvəl sağlam və nöqsansız olmalıdır. Kor, buynuzsuz, şikəst, axtalanmış, hər hansı bədən üzvündə eyib olan heyvanı Allah yolnda qurban kəsmək ədəbsizlikdir və günahdır. Heyvan xəstə və zəif olmamalıdır, qocalıb əldən düşmüş sayılmamalıdır.

Qurbanlıq ətini necə bölüşdürmək lazımdır?

- Qurbanlıq sahibi əti üç hissəyə bölüb birini özü və ailəsi üçün götürə bilər. Yerdə qalan iki hissədən birini də öz qonşularına və dostlarına verə bilər. Bir hissəni isə mütləq ehtiyacı olanlara paylamalıdır. Lakin qurban sahibi istəsə, ətdən özünə pay götürmədən, hamısını ehtiyaclılara yaxud yaxın adamlara paylaya bilər. Həzrət Mühəmməd Peyğəmbər (s) vida həcci zamanı kəsdiyi dəvələrin ətini bütünlükdə paylamış, hətta dərisini və yəhər-ovsarını da sədəqə vermişdi. Özü isə həmin ətdən bişirilmiş xörəkdən bir az dadmaqla kifayətlənmişdi.

Qurbanlıq heyvanın hansı bədən üzvlərini yemək olmaz?

- Qurban niyyətilə yaxud başqa niyyətlə kəsilməsindən asılı olmayaraq, heyvanın bədəninin bəzi üzvlərini yemək İslam şəriətində haram sayılır. Bu bədən üzvlərinin sayı əksər alimlərin fikrincə 14-dür: qan, peyin, erkək heyvanın cinsiyyət üzvü, dişi heyvanın cinsiyyət üzvü, balalıq, düşul adlı vəzi, xayalar, beyindəki noxud formalı hissə, onurğa beyni, onurğanın iki tərəfindəki piy, öd kisəsi, dalaq, sidik kisəsi, gözün hədəqəsi. Qurbanlıq heyvanın da yuxarıda adı çəkilən bədən üzvlərini yemək haramdır.

Qeyd edək ki, Azərbaycanda bu il Qurban bayramı namazı avqustun 12-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 09:00-da isə Təzəpir məscidində qılınacaq. Eyni zamanda, Azərbaycanın bütün məscidlərində bayram namazı qılınacaq. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin bayram namazını Təzəpir məscidində qılacağı gözlənilir.

Xatırladaq ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür.

FACEBOOK ŞƏRH YAZ