• İdman • Gündəm

Qurban Qurbanov: Meydandan kənar aqressivlik lazım deyil

188
30-07-2019, 18:45

Bu oyuna ciddi hazırlaşırıq. Belə rəqiblərə qarşı cavab oyunları həmişə böyük iş tələb edir. Rəqib mərhələ keçmək üçün çox istəklidir.

BAKU.NEWS xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bildirib.

Sabah “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda İrlandiyanın “Dandok” klubu ilə qarşılaşacaq.

Cavab oyunu öncəsi Qurban Qurbanov zədəlilərin durumu ilə bağlı danışıb: “Bədəvi Hüseynovun durumu heç də yaxşı deyil. O, məşqlərə başlasa da, daha çox müalicəyə ehtiyacının olduğunu hiss etdik. Dünən MRT-dən keçdikdən sonra daha beş gün də müalicə almalı olduğu bəlli oldu. İlk oyunda oynamayan digər futbolçular - Dani Kintana, Miçel və Filip Ozobiç artıq qaydasındadır. Yeni transferlərimizdən Maqay Qey və Rerras Faysaldan birini isə sabah start “11-lik”də görə bilərik. Oyunda bir qədər aqressivlik lazımdır. Ümumən kollektiv şəkildə özümüzü təmkinli aparmalıyıq. Meydandan kənar aqressivlik futbolçuya lazım deyil. Biz hər zaman bununla bağlı futbolçuları təlimatlandırırıq”.

Qurban Qurbanov Mahir Emrelinin (Mədətov) İspaniyanın I divizion klublarından təklif alması ilə bağlı suala cavab verərkən bu xəbəri nə təsdiq, nə də təkzib edib: “Mahirin İspaniya klubundan təklif alması barədə indi danışmaq istəməzdim. Çünki indi bütün diqqətimiz sabahkı oyunadır”.

Qeyd edək ki, “Qarabağ” – “Dandok” matçı sabah saat 21:00-da başlayacaq.

FACEBOOK ŞƏRH YAZ