• Gündəm • Hadisə

MiQ-29-un qəzaya uğraması ilə bağlı cinayət işi başlanıb

138
25-07-2019, 11:29

Müdafiə Nazirliyinin məlumat yaydığı məlum hadisə ilə əlaqədar, Hərbi Prokurorluqda cinayət işi başlanaraq prokurorluğun təcrübəli, peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilməyə başlanılıb.

Hərbi Prokurorluğun mətbuat xidmətindən BAKU.NEWS-a verilən məlumata görə, hazırda ibtidai araşdırma intensiv davam etdirilir.

“Hadisə yeri müəyyən olunaraq baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və eləcə də digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək. Hərbi Prokurorluğun rəhbərliyi də istintaq qrupu ilə birlikdə hadisə yerinə gedib”, - Hərbi Prokurorluqdan bildirilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin bu gün yaydığı məlumata görə, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin (HHQ) MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müdafiə nazirinin tapşırığına əsasən, yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.

FACEBOOK ŞƏRH YAZ