• Elm

Gənc alim və mütəxəssislərin II beynəlxalq elmi konfransı keçirilir

241
4-03-2020, 11:26

Azərbaycan Milli Elmlər Akademiyasında Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə “Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda II beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Elm Fondunun maliyyə dəstəyi ilə keçirilən tədbir AMEA-nın 75 illiyinə həsr olunub.

Beynəlxalq konfransda AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, akademiyanın elmi müəssisə və təşkilatlarının direktorları, həmçinin 12 ölkədən 300-dən çox gənc alim iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Ə.Sadıqov tədbir iştirakçılarını AMEA rəhbəri, akademik Ramiz Mehdiyevin adından salamlayıb. O, son illərdə ölkəmizdə aparılan gənclər siyasətindən, onların inkişafı ilə bağlı qəbul edilən qərarlardan, cəmiyyətin bütün sahələrində gənclərin aktiv fəaliyyətindən danışıb. Qeyd edib ki, ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, eləcə də “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı mühüm əhəmiyyət kəsb edir və bu gün keçirilən konfrans respublikada gənclər siyasətinə dair aparılan tədbirlərin tərkib hissəsindən biridir. 2011-ci ildə AMEA ilə ARDNŞ arasında memorandumun imzalandığını xatırladan Ə.Sadıqov sözügedən sənəddən irəli gələrək Elm Fondunun yaradıldığını, ötən müddər ərzində təşkilat tərəfindən beş müsabiqənin keçirildiyini və 160-a yaxın layihənin maliyyələşdirildiyini diqqətə çatdırıb.

Fundamental və tətbiqi elmlərin müasir problemlərinə də toxunan Ə.Sadıqov müasir dövrdə multidissiplinar yanaşmaların ciddi elmi nəticələrin əldə edilməsində mühüm rol oynadığını deyib. Bir neçə sahəni əhatə edən alimlər qrupu tərəfindən aparılan tədqiqatların zəruriliyindən danışıb. O, tədbirin gənc alimlərin öz elmi nəticələrini ictimaiyyətə təqdim etmələri, həmçinin gələcək fəaliyyətləri üçün beynəlxalq əməkdaşlıqlarını genişləndirmələrinə töhfə verəcəyini söyləyib.

Sonra ARDNŞ-nin Elm və texnika şöbəsinin müdiri, texnika elmləri doktoru Nazim Vəliyev çıxış edərək təmsil etdiyi qurum barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, ARDNŞ respublikanın bütün ərazisində, o cümlədən quru və dəniz ərazilərində neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın, qaz kondensatının çıxarılması, emalı və nəqli, o cümlədən onlardan alınan məhsulların daxili və xarici bazarlarda satışı ilə məşğul olur. O, şirkət tərəfindən böyük həcmdə elmi-tədqiqat və layihə işlərinin yerinə yetirildiyini, kadr hazırlığına xüsusi önəm verildiyini və bunun davamı olaraq beynəlxalq standartlara uyğun ən müasir tədris proqramları və tədris texnologiyaları ilə təmin olunmuş Bakı Ali Neft Məktəbinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

2014-cü ildə bu mövzuda keçirilmiş ilk tədbirin Neftçilər Gününə həsr olunduğunu xatırladan N.Vəliyev gənclərin elmə cəlb edilməsi və onların stimullaşdırılması yönündə birgə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirərək konfransın işinə uğurlar arzulayıb.

Daha sonra çıxış edən AMEA GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov Azərbaycanda elmin koordinasiyası, inkişafı və gələcək perspektivlərinin müəyyənləşdirilməsi baxımından AMEA-nın müqayisəedilməz rola malik olduğunu söyləyib. Qeyd edib ki, Akademiya Azərbaycan elminin dünya elminə inteqrasiyası ilə əlaqədar bir sıra ümdə hədəflər müəyyənləşdirib və onların gerçəkləşməsi istiqamətində böyük irəliləyişlərə nail olub. Bu gün AMEA-nın gənc alimlərinin xarici həmkarları ilə birgə tədqiqatlar apardığını deyən F.Salmanov qlobal miqyaslı tədbirlərin təşkilinin yeni yanaşma və metodologiyaların mənimsənilməsi baxımından əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Şura sədri II beynəlxalq elmi konfransın çoxşaxəli tədqiqatların fundamental və tətbiqi aspektlərininin müzakirəsi baxımından mühüm elmi yığıncaq olduğunu vurğulayıb, tədbirin təşkilinə görə AMEA rəhbərliyi və ARDNŞ-nin Elm Fonduna öz minnətdarlığını bildirib.

Konfransda, həmçinin Rusiya Elmlər Akademiyasının Gənc Alimlər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Andrey Kotelnikov, Belarus Milli Elmlər Akademiyasının Gənc Alimlər Şurasının sədr müavini Stanislav Yuretski, İstanbul Texniki Universitetinin əməkdaşı, yer elmləri üzrə fəlsəfə doktoru Nedim Gökhan, qazaxıstanlı gənc alim Suxrab Japarov və digərləri çıxış edərək tədbirin birgə araşdırmalar üçün zəmin yaradacağını söyləyiblər.

FACEBOOK ŞƏRH YAZ