• Dünya • Texnologiya

“iPhone 5” sahibləri öz smartfonlarını yeniləməyə məcbur edilir

254
28-10-2019, 16:21

“Apple” şirkəti “iPhone 5” sahiblərini tezliklə smartfonun funksionallığının məhdudlaşdırılacağı ilə bağlı xəbərdarlıq edib. “iOS” sisteminin köhnə versiyasından istifadə edənlər xoşagəlməz halların qarşısını almaq üçün 3 noyabr tarixinədək 10.3.4 versiyasını quraşdırmalıdırlar.

Əks halda istifadəçilər veb səhifələrə və “App Store”yə baxa, e-poçt göndərə, “iCloud” sisteminə daxil ola, vaxt və tarixin düzgün göstərilməsi ilə əlaqəli digər funksiyalardan istifadə edə bilməyəcəklər.

Xatırladaq ki, “iPhone 5” smartfonu 2012-ci ildə satışa çıxarılıb. “Apple” korporasiyası bu yaxınlarda “iOS 13” mobil əməliyyat sistemi ilə bağlı statistikasını paylaşıb.

Oktyabrın 15-nə olan məlumata görə, şirkətin smartfonlarının 50%-i sözügedən sistemin idarəetməsi altında işləyir. Smartfonların 41%-i “iOS 12”, 9%-i isə əvvəlki versiyaların idarəetməsi altında işləyir. (ICTnews)

FACEBOOK ŞƏRH YAZ