• Dünya • İdman

ABŞ boksçusu "Tokio-2020"də iştirak edəcəyi təqdirdə diskvalifikasiya oluna bilər

5 560
1-10-2019, 20:18

Dünya Boks Şurası (WBC) ABŞ təmsilçisi Endi Ruisi Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcəyi təqdirdə diskvalifikasiya ilə hədələyib.

BAKU.NEWS "The Sun" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı boksçu Britaniya idmançısı Entoni Coşua ilə keçirəcəyi təkrar görüşdən sonra olimpiadada iştirak etmək arzusunu dilə gətirib. WBC isə onun bu təşəbbüsünü tənqid edib.

Qurumun prezidenti Maurisio Suleyman məsələyə münasibət bildirib. O, həvəskar boksun peşəkardan fərqli olduğunu deyib: "Bunlar iki fərqli idman növüdür və çox təhlükəlidir. Bunu edə bilmərik. Hansısa peşəkar boksçu, indiki titul sahibi və ya keçmiş çempion olimpiadada çıxış etmək qərarına gəlsə, WBC-dən ən azı iki il cəza alacaq".

Qeyd edək ki, 2016-cı ildən peşəkar boksçuların olimpiadada iştirakına icazə verilir. Ruis ağır çəkidə dünya çempionudur. O, E.Coşuanı məğlub etdikdən sonra 4-cü kəmərin sahibi olub. Tərəflər arasındakı cavab görüşü dekabrın 7-də Səudiyyə Ərəbistanında baş tutacaq. Ruisin karyerası ərzində 33 qələbəsi var. O, yalnız bir dəfə məğlub olub.

FACEBOOK ŞƏRH YAZ