• Cəmiyyət • Sosial • Köşə

Şeyxülislam Allahşükür Paşazadənin dövlət-din münasibətlərindəki rolu əvəzsizdir

662
21-07-2019, 11:54

Müqəddəs dinimiz olan İslamın gözəl ənənələrinin ölkəmizdə,eləcə də bütün Qafqaz bölgəsində qorunub saxlanılması və möhkəmləndirilməsində xüsusi xidmətləri olan Şeyxülislam Allahşükür Paşazadə dini-ictimai xadim kimi beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Onun Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırması, Qafqazda sülhün və əmin-amanlığın möhkəmləndirilməsi ilə bağlı fəaliyyəti təqdirəlayiqdir. Qurani-Kərimin təbliğ etdiyi haqq, ədalət və humanizm ideyaları Şeyxülislam Allahşükür Paşazadənin islam aləmində taleyüklü problemlərin həlli yolunda atdığı addımlarda öz əksini tapıb. Ulu öndər Heydər Əliyev Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətini qiymətləndirərkən demişdi: “Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsində tutduğunuz əsl vətəndaş mövqeyi ölkədə cərəyan edən mürəkkəb ictimai-siyasi prosesləri obyektiv qiymətləndirmək, yaranmış problemlərin həllində dini amilin gücündən düzgün istifadə etmək bacarığınızı nümayiş etdirdi. Respublikamızda müxtəlif konfessiyalar arasında dini dözümlülük, dostluq və əməkdaşlıq ab-havasının hökm sürməsində də Sizin əməyiniz vardır. Bu sahədə gördüyünüz işlər, digər konfenssiyaların rəhbərləri ilə birgə fəaliyyətiniz Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olmasına xidmət edir”.

Şeyxülislam Allahşükür Paşazadənin xidmətlərini Ulu öndər Heydər Əliyev ilə yanaşı Prezident İlham Əliyev də daim yüksək qiymətləndirib. Ölkə başçısı Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycan dövlətçiliyinin bərqərar olunmasında, onun təməllərinin möhkəmləndirilməsində ardıcıl fəaliyyətini, eyni zamanda dövlət-din münasibətlərinin milli maraqlarımıza uyğun tənzimlənməsini, cəmiyyətdə vətəndaş birliyinin təmin olunması və dini-mənəvi sabitliyin qorunub saxlanması işinə verdiyi töhvəni minnətdarlıq hissi ilə qeyd edib. Çünki,bu gün ölkəmizin dünyada tolerantlıq örnəyi kimi tanınmasında və Azərbaycanın Qafqazda mənəvi mərkəz olaraq qəbul edilməsində Şeyxülislam Allahşükür Paşazadənin müstəsna xidmətləri var. Onun çoxillik uğurlu fəaliyyəti,dünyada gedən mürəkkəb ictimai-siyasi proseslərdə, konfessiyalararası münasibətlərin tənzimlənməsində yüksək fəallığı, dini-mənəvi bəşəri ideyalara sadiqliyi Şeyxülislam Allahşükür Paşazadəyə haqlı olaraq həm ölkəmizdə həm də ölkəmizin hüdudlarından kənarda böyük hörmət qazandırıb. Şeyxülislam Allahşükür Paşazadə Qarabag, məcburi köckünlər və qaçqınların problemini dünyanın tanınmış din və dövlət xadimləri ilə yüksək səviyyəli görüşlərində daim müzakirə edib.Bölgədə sülhün, əmin-amanlığın möhkəmləndirilməsi ilə bağlı geniş təbliğat işi aparıb. Qarabağ probleminin sülh yolu həll olunması üçün rus,gürcü,erməni dini liderləri ilə görüşlər keçirərək,erməni kilsəsinin rəhbərlərini Qarabağ məsələsi ilə bağlı konstruktiv dialoqa dəvət edib.

“Yanvarın 19-dan 20-ə keçən gecə və sonrakı günlər Bakıda törədilən vəhşiliklər heç bir ölçüyə sığmır.Şəhərin küçələri yüzlərlə günahsız qurbanların qanına boyanıb.Qətlə yetirilənlər arasında uşaqlar,qadınlar və qocalar var.Tankların tırtılları altında qalan, pulemyot və avtomatlarla tikə-tikə edilən cəsədlər insanları dəhşətə gətirir.Dövlət başçısı kimi sizin imzanızla törədilən bu qanlı qırğına,bu dəhşətli cinayətə heç bir bəraət ola bilməz”! –bu cümlələr Şeyxülislam Allahşükür Paşazadənin 1990-cı ilin qanlı 20 yanvar faciəsi ilə bağlı Sovet dövlətinin başçısı M.Qorbaçova ünvanladığı məktubdandır. Xalqımıza yaşadılan o dəhşətli hüzn günlərində paytaxt Bakıda bütün binalara bu məktubun mətni yapışdırılmışdı.Sovet dövlətinin başçısını ittiham edən, onu bütün dünyada nüfuzdan salan bu müraciəti yazmaq böyük cəsarət tələb edirdi. Bu cəsarətli addımı atan isə xalqını canından çox sevən,Allahın müqəddəs kəlamları ilə nəfəs alan Şeyxülislam Allahşükür Paşazadə idi. 1990-cı ilin 20 yanvar hadisələrində Şeyxülislam Allahşükür Paşazadənin mübarizliyi nəticəsində xalqımız birlik nümayiş etdirdi.O zaman ki hakimiyyətin tam iflic olduğu dövrdə millətin iradəsini,əzmini möhkəmləndirməyə müvəffəq olan Şeyxülislam Allahşükür Paşazadə həmin vaxtlarda xalqın yeganə nicat və ümid yeri idi. 20 yanar şəhidlərinin dəfn mərasimində Hacı Allahşükür Paşazadə çox böyük cəsarətlə sinəsini qabağa verib xalqın önündə gedərək bir sərkərdə kimi xalqı arxasınca aparırdı.Elə o zaman o dünya ictimaiyyətinin gözü qarşısında özünü bir daha xalqın və müsəlmanların dini başçısı kimi təsdiq etdi.

Şeyxülislam Allahşükür Paşazadə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal altında qalan doğma torpaqlarımızın işğaldan azad olunması üçün dünya dövlətlərinin başçılarına,parlamentarilərinə, beynəlxalq təşilatların nümayəndələrinə müraciətlər ünvanlayaraq onları Ermənistanın işğalçılıq siyasətinə hüquqi qiymət verməyə çağırıb.Onun fəaliyyəti təkcə Azərbaycanda göstərdiyi xidmətlər ilə məhdudlaşmır. 1992-ci ildə Qafqaz Xalqları Ali Dini Şurasının sədri seçilən Şeyxülislam Allahşükür Paşazadə Çeçenistan və İnquşetiyada dini təfriqə salan radikal təmayüllü qüvvələrin xalqa zidd əməllərinin qarşısının alınması üçün tədbirlər görüb. “Qafqaz Evi” çərçivəsində bölgədə barış mühitinin formalaşması istiqamətində gərgin fəaliyyət göstərib.O, Qafqaz müsəlmanlarının ali dini rəhbəri kimi iştirak etdiyi bütün qurum və təşkilatlarda bölgənin maraqlarını həmişə ən yüksək səviyyədə qoruyaraq haqqı müdafiə edib.Allahşükür Paşazadə 1999-cu ildə Rusiya Federasiyasının o zamankı prezidenti B.Yeltsinə müraciət ünvanlayaraq çeçen xalqının məhvinə yönəldilən siyasətini tənqid edib.Yeltsinin islam ekstermizmi və terrorizmi ilə mübarizə şüarından sui-istifadə edərək,bütöv xalqın terrorçu,ekstermist,cinayətkar adlandırılmasını qətiyyətlə pisləyib. Şeyxülislam Allahşükür Paşazadə müsəlman həmrəyliyi prinsipindən çıxış edərək İraqda baş verən hadisələrə,Fələstin xalqının başına gətirilən müsibətlərlə bağlı da öz etiraz səsini ucaldaraq,sivilizasiyanın beşiyi sayılan həmin torpaqlarda müqəddəs ziyarətgahların yerləşdiyi,qədim tarixi abidələrin mühafizə olunması üçün beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb. Şeyxülislam Allahşükür Paşazadə hər zaman din xadimi olaraq dünyada sülhə və əmin-amanlığa nail olunması istiqamətində fəaliyyət göstərməyi ozünün müqəddəs borcu hesab edib.

1998-ci ildə Bakıda Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə “Müasirlik və dini-mənəvi dəyərlər” mövzusunda beynəlxalq konfrans keçirilib. Müstəqilliyinə qovuşduqdan sonra Azərbaycanda dini-mənəvi dəyərlərin dirçəldilməsi istiqamətində görülən işlər, dövlətin dinə göstərdiyi qayğı o konfransda rəğbətlə vurğulanıb. Şeyxülislam Allahşükür Paşazadə 2003-cü ildə “Allahın lütfü, xalqın xilaskarı”, 2004-cü ildə “Qloballaşma və islam” , 2005-ci ildə “Qloballaşan dünyada islam”, 2006-cı ildə “Tolerantlığın örnəyi-Azərbaycan” , “İslamda dözümlülük” mövzularında keçirilən beynəlxalq elmi konfransların təşəbbüskarı və təşkilatçısı olub. Şeyxülislam Allahşükür Paşazadə mötəbər beynəlxlaq konfransların ən yüksək kürsülərində dinlərarası dialoq və əməkdaşlıq,xalqlar və dövlətlər arasında münaqişə yaradan problemlərin sülh yolu ilə nizamlanması ideyasını, tolerantlığı daim ardıcıl təbliğ edib. Postsovet məkanında xalqlar və dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin qorunub saxlanılması, inkişaf etdirilməsi naminə daim xoş məram nümayiş etdirərək fəaliyyət göstərib.
Azərbaycanda dini mərasimlər içərisində xüsusi önəm daşıyan Aşura mərasimi ilə Şeyxülislamın uğurlu təşəbbüsü müasir islam mənəviyyatı tarixində mühüm yer tutur. O, Aşura günlərində simvolik qan çıxarılması ayinin mahiyyətinin saxlanılması şərti ilə,onun cəmiyyət üçün daha əhəmiyyətli bir tədbirə çevrilməsinə nail olub. Məhz Şeyxülislamın təşəbbüsü ilə Aşura günlərində Azərbaycanın bir çox məscid və ziyarətgahlarında İmam Hüseyn (s.a.) xatirəsinə qanvermə aksiyalrında istirak edən müsəlmanlar həm müqəddəslərə olan ehtiramını nümayiş etdirir həm də xəstə insanlara real kömək göstərmələrindən məmnun olurlar.İrsi qan xəstəliklərindən əziyyət çəkən insanların xüsusilə talesemiyalı uşaqların ehtiyaclarının ödənilməsi istiqamətində təmannasız qan verilməsi aksiyalarının təşkili və həyata keçirilməsi məhz Şeyxülislam Allahşükür Paşazadənin adı ilə bağlıdır.
Şeyxülislam Allahşükür Paşazadənin daha bir təşəbbüsü ilə 2005-ci ildə “Şeyxülislam ordeni” təsis edilib. Bu ordenə ilk dəfə sülhün,tolerantlığın mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafındakı xidmətlərinə görə Ümummilli lider Heydər Əliyev layiq görülüb. Dini maarifi, İslamın elmi şəkildə tədris olunmasını önə çəkən Şeyxülislam Allahşükür Paşazadənin digər təşəbbüsü ilə 1991-ci ildə Bakı İslam İnstitutu, 1997-ci ildə isə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində görkəmli elm və din xadimlərindən ibarət Elmi-Dini Şura yaradılıb. Qafqaz Müsəlmanlar İdarəsinə rəhbərlik etdiyi 40 il ərzində bu dini qurum islam dəyərlərinin geniş təbliğ olunması,müsəlmanların dini-mənəvi birliyin möhkəmləndirilməsi,onların cəmiyyətin həyatında fəallığının artırılması işində böyük rol oynayan mühüm mərkəzlərdən birinə çevrilib.İslamın elmi əsaslarının mənimsənilməsində,ümumiyyətlə bu dinin dünyəvi və əxlaqi mahiyyətinin təbliğində Şeyxülislam Allahşükür Paşazadənin rolu danılmazdır.Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycan xalqı qarşısında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycanın ali mükafatları olan “Şöhrət” , “İstiqlal” və “Şərəf” ordenləri ilə təltif edilib. Ölkəmizlə yanaşı dünyanın bir sıra böyük dövlətləri və dini qurumları da Şeyxülislam Allahşükür Paşazadənin çoxsahəli fəaliyyətini yüksək qiymətləndirilərək ali mükafatlara layiq görüb.İslam Konfransı Təşkilatının Baş Katibi Ekmələddin İhsanoğlu Şeyxülislam Allahşükür Paşazadəni “İslamın ulduzu” adlandırıb.Bu ad ona boşuna verilməyib.Çünki,o İslam dininin düzgün anlaşılaraq layiqli şəkildə təbliğ olunmasında,Qafqazda dini tolerantlıq mühitnin formalaşmasında,dini liderlərin daim bir araya toplanması istiqamətində böyük işlər görüb.Ona görə də Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə həqiqətən tək Qafqazın deyil bütün İslam dünyasının ulduzudur. Şeyxülislam Allahşükür Paşazadə bu gün də Azərbaycan xalqının taleyi ilə bağlı,nəinki müsəlman aləmində, hətta dünyada gedən ictimai-siyasi proseslərin,qlobal məsələlərin həllində də var-qüvvəsi ilə yaxından iştirak edir. Hidayət yolunu seçən və bu yolla adımlayaraq ardınca minlərlə dindarı aparan Şeyxülislam Allahşükür Paşazadə həqiqətən dünya müsəlmanlarının iftixarıdır. Çağdaş dünyamızın nüfuzlu din xadimləri və dövlət adamları tərəfindən ehtiramla qəbul edilən,böyük nüfuza sahib şəxsiyyətdir.

Müəllif: Fidan Cəfərova

Məqalə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi “İmam Rza” məscidi dini icmasının Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi ilə əlaqədar “Şeyxülislam Allahşükür Paşazadə-70” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsinə təqdim olunur.

FACEBOOK ŞƏRH YAZ