• Cəmiyyət • Sosial

Əli Əhmədov Azərbaycanda qida təhlükəsizliyindən danışdı

131
17-05-2019, 12:10

"Azərbaycan əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı çox ciddi konsepsiyanın işlənməsinə ehtiyac var". Baku.News xəbər verir ki, bu fikri baş nazirinin müavini Əli Əhmədov II Bakı Beynəlxalq Ərzaq Təhlükəsizliyi Konfransında çıxış edərkən deyib. O, söyləyib ki, indiki həyatın çox vacib məsələlərindən biri qida təhlükəsizliyi ilə bağlıdır:

"Dünya əhalisinin sayı artıqca resurslar arta bilmir. Buna görə də qida məhsullarının istehsalının yeni üsullarla aparılmasına ehtiyac yaranır. Ona görə qidanın, o cümlədən kənd təsərrüfatı məhsullarının, müxtəlif ərzaq məhsullarının keyfiyyəti, tərkibi, təhlükəsizliyi ilə bağlı məsələlər ortaya çıxır. Qida təhlükəsizliyi problemi bəşəriyyətin üzləşdiyi elə problemlərdəndir ki, onun kəskinliyi getdikcə daha da artacaq, onun həll olunması üçün səylər bundan sonra daha da artacaq. Bununla əlaqədar hər bir ölkə öz strategiyasını müəyyənləşdirib həyata keçirmək haqqında düşünməlidir.

Azərbaycan gənc dövlətdir. Bu müddətdə Azərbaycan ciddi şəkildə dəyişib və iqtisadi inkişaf baxımından yüksəyə qalxıb, dünyada qəbul olunmuş normaları mənimsəyir , öz inkişafının nəticələri ilə dünyaya öz imkanları daxilində töhfələr verməkdədir.

Bu il Azərbaycan ən çox islahat aparan ölkələrdən biri olub. Bu islahatlar həm də qida təhlükəsizliyi sisteminin təkmilləşməsi, onun standartlara uyğunlaşdırılması, insanlarımızın sağlam qida təmininə töhfə verilməsi , ixrac potensialının əhəmiyyətli bir hissəsini təşkil edən kənd təsərrüfatı məhsullarının ayrı-ayrı ölkələrə ixrac edilməsidir.

Ə. Əhmədov qeyd edib ki, Azərbaycanın malik olduğu resurslar insanların layiqli və sağlam qida ilə təmin edilməsinə kömək edir:
"Eyni zamanda , bütün dünyada baş verən proses Azərbaycanda da özünü göstərir.

Azərbaycan əhalisinin sayı ötən illər ərzində 2 milyon artaraq 10 milyona çatıb, amma əhali sayı artsa da, ərazisi artmır. Əksinə, Azərbaycanın ərazisinin 20 faiz işğal altındadır. Bu torpaqlar kifayət qədər münbit torpaqlardır və Azərbaycan onlardan istifadə edə bilmir. Bununla əlaqədar olaraq, Azərbaycanın kənd təsərrüfatı məhsulları ilə bağlı torpaq potensialı 20 faiz azalıb.

Azərbaycanın öz əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə çox ciddi konsepsiyanın işlənməsinə ehtiyac var. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü və çox səmərəli siyasət nəticəsində bu problem Azərbaycanda köklü şəkildə həll edilib. Azərbaycan üçün bu problem mövcud deyil. Təbii ki, növbəti mərhələ olaraq, insanların keyfiyyətli qida ilə təmin edilməsi ilə bağlı düzgün strategiya hazırlanıb. Bu gün Azərbaycan öz daxili istehsalı ilə insanlarımızı daha sağlam qida ilə təmin etmək imkanlarına malikdir. Amma eyni zamanda o da nəzərə alınmalıdır ki, Azərbaycan müasir dünyanın bir parçasıdır. Ölkələr arasında genişlənməkdə olan ticarət əlaqələri nəticəsində Azərbaycanın daxili bazarına çox müxtəlif ölkələrdən qida məhsulları gətirilir. Bununla əlaqədar olaraq, qida təhlükəsizliyi problemi təkcə daxili istehsalla bağlı olan problem kimi qalmır, eyni zamanda, ölkəmizə gətirilən qida məhsullarının nə qədər təhlükəsiz olduğunu ciddi şəkildə təmin etmək kimi vacib problemi də ortaya qoyur. Bu mənada hesab edirəm ki, bu gün Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin üzərinə çox ciddi öhdəliklər düşür. Biz inanırıq ki, Azərbaycan həm daxili istehsal nəticəsində , həm də Azərbaycana kənardan gələn məhsulların daha ciddi standartlara uyğun şəkildə ölkəyə daxil olması normalarını müəyyənləşdirmək əsasında Azərbaycan vətəndaşlarının təhlükəsiz, sağlam qida ilə təmin edilməsinə öz töhfəsini verəcək. Insanlarımız bu baxımdan hər hansı nigarançılıq yaşamağa məcbur olmayacaqlar.

Insanlar arasında qidaların standartlara nə dərəcədə uyğun olması məsələsi, başqa ölkələrdən gətirilən qidaların nə dərəcədə sağlam olması nöqteyi-nəzərindən gərəkli olması məsələsi ilə bağlı çox müxtəlif fikirlər dolaşmaqdadır. Insanlarımızın qida təhlükəsizliyi ilə bağlı daha ətraflı şəkildə məlumatlandırılması, qida təhlükəsizliyi problemi ilə çox ciddi müzakirələrin aparılması fikirlərə aydınlıq gətirə bilər".

FACEBOOK ŞƏRH YAZ