• Cəmiyyət

"Azərbaycan və Türkiyə qardaş ölkələrdir və bu qardaşlıq əbədidir"

865
3-03-2021, 19:55

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılması bölgədə istər davamlı  sülhün, istərsə də  sürətli iqtisadi uğurların əldə
olunması üçün əlverişli şəraitin yaradılmasına xidmət edəcəkdir.


Otuz ilə yaxın müddətdə işğal altında qalan Ölkəmizin ayrılmaz hissəsi olan Qarabağın və ətraf ərazilərin Azərbaycana qaytarılmasına və bununla da münaqişənin həll olunmasına dünya dövlətləri heç bir səy göstərməməklə yanaşı, bu problemin sülh yolu ilə həll olunmasında hətda deyə bilərik ki, etinasızlıq göstərdilər. Belə olan halda bizim yeganə yolumuz hərb yolu idi ki, Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bu məsələni çox qısa müddətdə həll etdik.

Azərbaycan dövləti bu müharibəyə tam hazır idi. İstər hərbi sahədə, istərsə də maddi texniki bazaya görə biz düşmən ölkədən dəfələrlə üstün mövqedə idik. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu Ermənistan və onun mənfur havadarlarının sayqısızlıq və hörmətsizlik hissi ilə heçə saydıqları BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin 44 gün ərzində hərbi yolla icrasını reallaşdırdı və Azərbaycanın ərazi bütövlüyü  təmin edilmiş oldu.

Başda Ali Baş Komandan olmaqla qüdrətli Azərbaycan Ordusunun 44 gün ərzində həyata keçirdiyi ağıllı, düşünülmüş hərbi əməliyyatlar nəticəsində düşmən hərb meydanında sözün əsl mənasında acizliyini dərk edərək kapitulyasiya sazişini imzalamağa məcbur oldu. Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 10 noyabr 2020-ci il tarixində imzaladıqları birgə bəyanatla regionda atəşkəs elan olundu və düşmən bu akta imza atmaqla rəsmən məğlub olduğunu elan etmiş oldu.

Hərbi əməliyyatların sona çatması regionda davamlı sülhün və sabitliyin təmin olunmasına zəmanət verə bilməzdi. Belə olan halda müharibədən sonrakı dövrdə regionda baş verə biləcək hər hansı xoşa gəlməz hallara, sülhün qorunmasına və digər  proseslərə tam nəzarət etmək üçün xüsusi quruma ehtiyac var idi. Üç tərəfli imzalanmış bəyanatda bu məsələlərin həlli məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması nəzərdə tutulurdu. Qeyd olunan proseslərə nəzarət etmək üçün Azərbaycana dost və qonşu dövlətlər olan Türkiyə və Rusiya arasında Birgə Monitorinq Mərkəzinin yaradılmasına dair razılıq əldə olundu və 2021-ci il yanvar ayının 30-da Ağdam rayonu ərazisində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başladı. Yaradılmış Monitorinq Mərkəzi təkcə Qarabağda deyil, hətda deyə bilərik ki, bütün Cənubi Qafqaz regionunda sülhün təmin olunmasında və bu regionda əlverişli  iqtisadi mühütün formalaşmasında müstəsna əhəmiyyət kəsb edəcəkdir. Birgə Monitorinq Mərkəzində qardaş Türkiyə Respublikasının yer alması bir daha dünyaya göstərdi ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir və bu qardaşlıq əbədidir, sarsılmazdır.

İdris Xammədov
Vətən Müharibəsi iştirakçısı,
ehtiyatda olan hərbi qulluqçu

FACEBOOK ŞƏRH YAZ