• Cəmiyyət

İlk zərbəni öz üzərinə gömrükçülər götürdü

7-04-2020, 21:49

Hazırda dünyada koronavirus tüğyan edir. Bu bəla Azərbaycandan da yan keçməyib. Pandemiya bizim cavab axtardığımız çoxlu suallar yaradıb.

BAKU.NEWS bu gün bizi maraqlandıran sualları Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru, əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Ceyhun Məmmədova verib.

- Bu gün Azərbaycanda koronavirusun yayılmasına qarşı indiyə qədər görülməmiş tədbirlər tətbiq edilir. Sizin Xidmətin bu tədbirlərdə necə iştirak etdiyini bizə söyləyə bilərsinizmi?

- Şübhəsiz ki, koronavirus tərəfindən vurulan zərbəni Azərbaycanda ilk olaraq öz üzərinə götürən gömrükçülər və sərhədçilər olmuşdur. Xatırlatmaq istəyirəm ki, 2008-ci ildən başlayaraq gömrük-sərhəd buraxılış məntəqələrində sanitariya nəzarəti üçün məsuliyyəti məhz Gömrük Komitəsi daşıyır. Ona görə də Çində koronavirus infeksiyasının yayılmasının digər ölkələr üçün də təhlükə törətdiyi aydın olan kimi, Gömrük Komitəsi tərəfindən buraxılış məntəqələrində və ilk növbədə H.Əliyev adına Bakı Beynəlxalq Aeroportunda sanitar nəzarətin gücləndirilməsi üçün təcili tədbirlər görülmüşdü. Tez bir zamanda buraxılış məntəqələrinin texniki təminatı gücləndirilmiş, əlavə stasionar və mobil termovizorlar alınmış və quraşdırılmış, təmassız elektron termometrlər əldə edilmiş, aeroportda Gömrük Komitəsi Tibbi Xidmətinin xüsusi personalının 24-saatlıq növbəsi təşkil edilmiş, yüksək hərarəti olan şəxslərin burada təcrid olunması üçün xüsusi otaq ayrılmış və təchiz edilmişdi. Bundan bir qədər sonra, İranda koronavirus epidemiyasının başlamasına cavab olaraq ölkənin quru sərhədlərində, xüsusilə də cənub istiqamətində qabaqlayıcı tədbirlər gücləndirilmişdi. Hətta bizim mobil səyyar hospitalımız da İranla sərhəd bölgəsinə göndərilmişdi.
Onu da qeyd edim ki, qısa bir müddət ərzində Səhiyyə Nazirliyi sanitariya xidmətinin epidemioloqları bizim sanitar müfəttişlərinin köməyinə gəlmiş, buraxılış məntəqələrində TƏBİB-in tibb işçiləri fəaliyyətə başlamış, sərhəd zonalarında FHN-nin səhra hospitalları açılmış, tullantıların zərərsizləşdirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin insineratorlarından istifadə edilməyə başlanmışdı. Birmənalı olaraq sizə bildirirəm ki, həm epidemiyanın lap yeni başladığı vaxtda, həm də indi, bütün ölkədə sərtləşdirilmiş məhdudlaşdırıcı tədbirlər qüvvədə olduğu zaman, sərhəd-buraxılış məntəqələrindəki sanitar vəziyyət daim ciddi nəzarət altında olmuşdur.

- Bəs Siz nə ilə izah edə bilərsiniz ki, görülmüş bütün tədbirlərə baxmayaraq, koronavirus yenə də Azərbaycan ərazisinə keçmişdir?

- Sizi əmin edirəm ki, əgər vaxtında görülmüş bu genişmiqyaslı tədbirlər olmasaydı, bu gün Azərbaycanda epidemioloji vəziyyət indikindən qat-qat mürəkkəb olardı... Artıq məlumdur ki, koronavirus infeksiyası adi qripə nisbətən daha məkrli xarakter daşıyır. Təhlükə ondadır ki, virusun kifayət qədər yüksək virulentliyə malik olmasına baxmayaraq, xəstəliyin çox uzun inkubasiya dövrü vardır. Yəni nəzəri olaraq, fevralda-martın əvvəlində epidemioloji cəhətdən təhlükəsiz hesab edilən ölkələrdən Azərbaycana gəlmiş və həmin vaxt COVID-19 üçün xarakterik olan heç bir əlaməti olmayan şəxslər xəstəliyə yoluxmuş ola bilər və sonradan bu infeksiyanı ölkə daxilində yaya bilərdilər. ...Əlbəttə sərhədi keçənlərin içində vaxtında aşkar edilərək təcrid olunmuş və sonradan test nəticələri müsbət çıxmış şəxslər də var idi.

- Yeri gəlmişkən, testlər haqqında… Siz necə hesab edirsiniz, istisnasız olaraq bütün əhalinin test edilməsinə ehtiyac varmı?

- Bilirsiniz, birincisi bunun üçün praktiki olaraq dünyanın heç bir ölkəsinin resursları çatmaz. RT PСR testinin aparılması texniki cəhətdən mürəkkəb və bahalı prosesdir. Buna baxmayaraq, ölkəmizdə artıq 45 mindən çox test aparılmışdır və cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan dünyada aparıcı ölkələrdəndir ki, bu qədər test keçirib. İkincisi, reallıqdan çıxış edərək bu testlərin ilk növbədə klinik əlamətləri olan xəstələrdə, həmçinin karantində olan şəxslərdə və yaxud risk qrupuna daxil olan, yəni işinin xarakterinə görə yoluxmuş insanlarla daha böyük ehtimalla təmasda olan şəxslərdə – gömrükçülər, sərhədçilər, tibb işçiləri – aparılması daha məqsədəuyğundur. Yeri gəlmişkən, qeyd edim ki, hal-hazırda biz Mərkəzi Gömrük Hospitalında PCR laboratoriyasının yaradılması üzrə işləri başa çatdırırıq. Əminəm ki, əhali arasında RT PCR testlərinin aparılması ilə bağlı genişmiqyaslı prosesə bizim laboratoriya da öz payını verəcəkdir.

- ÜST koronavirus testinin nəticəsi müsbət olan, lakin zəif klinik əlamətlər müşahidə edilən şəxslərin ev şəraitində müalicə olunmasını tövsiyə edir. Azərbaycanda isə müsbət nəticəli bütün insanlar xəstəxanaya yerləşdirilir. Sizin buna münasibətiniz necədir?

- Bu məsələyə münasibət epidemioloji vəziyyətdən asılı olaraq dəyişə bilər. Hesab edirəm ki, hazırkı mərhələdə bu Azərbaycan üçün düzgün yanaşmadır, çünki yoluxmuş şəxslərin təcrid olunmasına imkan verir, onların bütün təmaslarını və bununla da ətrafdakı digər insanların yoluxma riskini sıfıra endirir. Digər tərəfdən, COVID-19 epidemiyası eskalasiya etdiyi təqdirdə xəstəxanalarda ilk növbədə və yalnız ağır xəstələrin, intensiv müalicəyə ehtiyacı olanların yerləşdirilməsi zərurəti yaranacaqdır.

- COVID-19 xəstələrinin təxminən 20%-nin belə bir intensiv müalicəyə ehtiyacı ola biləcəyi haqqında indi çox danışılır. Siz necə hesab edirsiniz, Respublikada koronaviruslu xəstələrin müalicəsi üçün ayrılmış 20 xəstəxana buna kifayət edəcəkmi?

- Siz bilirsiniz ki, ölkədəki epidemioloji vəziyyət dövlət başçısının və birinci vitse-prezidentin şəxsi nəzarəti altındadır. Hökumət yoluxmuş şəxslərin sayını minimuma endirmək üçün bütün zəruri tədbirləri həyata keçirir. Ölkədə tətbiq edilən konstruktiv və irimiqyaslı qabaqlayıcı tədbirlər ümid etməyə imkan verir ki, biz virusun yayılması üzrə əyrinin hamarlaşmasına nail ola biləcək və bununla da tibb müəssisələrinin həddən artıq yüklənməsinin qarşısını alacağıq. Belə bir halda ayrılmış xəstəxanalar bu epidemiyanın öhdəsindən gəlmək üçün kifayət edəcəkdir. Bundan başqa, cənab Prezidentin yaxın zamanlarda Bakıda və bir neçə bölgədə yeni yığma texnologiyaları əsasında inşa ediləcək müasir xəstəxanalar barədə sözləri də bizdə ümid yaradır.

- Yenə də, Siz necə düşünürsünüz, digər xəstəxanaların da COVID-19 xəstələrini qəbul etməyə hazırlaşmasına ehtiyac varmı?

- Düşünürəm ki, bu gün həm COVID-19 xəstələrini qəbul edəcək xəstəxanaların, həm də bu xəstələri qəbul ETMƏYƏCƏK xəstəxanaların müəyyən edilməsi çox vacibdir. Bunun niyə belə vacib olduğunu izah etməyə çalışacağam. Artıq yaxşı məlumdur ki, 5% hallarda koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün süni tənəffüs aparatları və hazırlıqlı reanimatoloqlar komandası tələb olunur. Adətən belə imkan yüksək texnoloji səviyyədə tibbi xidmət göstərən aparıcı xəstəxanalarda mövcud olur. İndi təsəvvür edək ki, müəyyən şərtlər daxilində belə xəstəxanaların HAMISI yalnız koronaviruslu xəstələrin müalicəsinə cəlb edilib. Lakin axı insanlar digər xəstəliklərlə xəstələnməyə davam edirlər! Onlarda yenə infarktlar, insultlar, sınıqlar baş verir, onlarda təcili şəkildə transplantasiya, endoprotezləşdirmə, şuntlama və digər əməliyyatların aparılmasına, hemodializ kimi prosedurlara ehtiyac yarana bilər. Ona görə də hətta ən kəskin epidemiya dövründə bu cür “qeyri-kovid” tibbi yardımın göstərilməsini davam etdirə biləcək xəstəxanaların ehtiyatda saxlanması çox vacibdir.

- Son olaraq bizim oxuculara daha nələri söyləmək istərdiniz?

- İndiki halda vətəndaş həmrəyliyi nümayiş etdirmək və Operativ Qərargahın tələblərinə dəqiq əməl etmək çox vacibdir. Karantin şərtlərinin yerinə yetirilməsi və özünütəcrid - bu tələblərin içərisində ən vacib olanlarıdır! İnanıram ki, biz birlikdə bu böhranın öhdəsindən gələ biləcək və bu sınaqdan qalib çıxacağıq! Bizim Prezidentin dediyi kimi, “Biz birlikdə güclüyük!”.

FACEBOOK ŞƏRH YAZ