• Bölgə

Şimal bölgəsindən olan 510 məzun Xaçmazda yaradılan imtahan mərkəzində biliklərini sınayıb

164
31-03-2019, 17:09

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlarda şimal bölgəsindən olan 510 məzun iştirak edib. Baku.News-un məlumatına görə, AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz şəhər akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseydə yaradılan mərkəzdə imtahanlar 4 imtahan rəhbəri və 48 nəzarətçi-müəllim tərəfindən idarə olunub.

İmtahanda ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar, üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarının (IX sinif) birinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları, orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları biliklərini sınayıblar.

DİM-in Xaçmaz regional bölməsinin müdiri Faiq Buzurki AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Xaçmaz, Quba, Qusar və Şabrandan olan məzunların iştirak etdikləri imtahanlar mövcud təlimata uyğun aparılıb və heç bir qanun pozuntusuna yol verilmədən müəyyən olunmuş vaxtda uğurla başa çatıb.

İmtahan mərkəzlərində şagirdlərin biliklərini sərbəst şəkildə nümayiş etdirmələri üçün hər cür şərait yaradılıb.

İmtahan Xaçmazla yanaşı, Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan və Lənkəranda da təşkil olunub.

FACEBOOK ŞƏRH YAZ