• Bölgə

Abşeronda dəfn edilən türk əsgərlərinin şərəfinə abidə ucaldılıb

125
31-03-2019, 14:17

Abşeron rayonunda dəfn edilən türk əsgərlərinin şərəfinə abidə ucaldılıb. Baku.News xəbər verir ki, abidənin açılış mərasimi 31 Mart soyqırım günü münasibəti ilə təşkil edilib. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun erməni-rus işğalçılarına qarşı apardığı döyüşlərdə şəhid olan və Abşeron rayonunun Digah qəsəbəsindəki qəbiristanlıqda dəfn edilən naməlum türk əsgərlərinin şərəfinə abidə ucaldılıb.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları və ziyalılar abidənin açılışında iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları naməlum türk əsgəri məzarlığını ziyarət edib, şəhidlərin xatirəsini ehtiramla anıblar. Şəhidlərin ruhuna dualar oxunub.
Bildirilib ki, Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 150 kvadratmetr ərazidə yaradılan abidə müasir üslubda qurulub, şəhidlik kompleksinin ərazisi genişləndirilib, ətrafda abadlıq işləri görülüb.

Mərasimdə çıxış edən İradə Gülməmmədova, Gengiz Günəş və rayon ictimaiyyətinin nümayəndələri Qafqaz İslam Ordusunun 1918-ci ildə ermənilərə qarşı zəfər yürüşündən, azadlıq missiyasından söhbət açıblar.

Qeyd edilib ki, 1918-ci ildə ermənilər Bakı şəhəri ilə yanaşı, Azərbaycanın regionlarında, o cümlədən Abşeron rayonunun kənd və qəsəbələrində də qırğınlar törədərək günahsız insanları vəhşiliklə qətlə yetiriblər. Diqqətə çatdırılıb ki, Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun əsgərləri köməyə gələrək erməni birləşmələrini darmadağın ediblər. Abşeron rayonunun Digah qəsəbəsində ermənilərlə döyüşdə yerli sakinlərlə bərabər, 9 türk əsgəri də qəhrəmanlıqla şəhid olub. Onlar Digah qəsəbəsindəki qədim məzarlıqda dəfn ediliblər.

FACEBOOK ŞƏRH YAZ