• Cəmiyyət • Bölgə

Goranboy rayonunda yeni etnoqrafik tədqiqat (FOTO)

896
5-11-2019, 10:14

2019-cu il oktyabr ayının sonunda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xalçaşünaslıq” sektorunun əməkdaşları Goranboy rayonunda ekspedisiya səfərində olmuşlar.

BAKU.NEWS xəbər verir ki, sektorun müdiri, tarix elmləri doktoru, professor Vidadi Muradov aparılan tədqiqatların nəticələri barədə məlumat verərək bildirib ki, ekspedisiya sektorun “Gəncəbasar bölgəsinin xalçaçılıq tarixi” mövzusunda silsilə araşdırmaları çərçivəsində həyata keirilib.

Professor V.Muradovun bildirdiyinə görə, Gəncəbasar xalçaçılığı ənənələri əsasən Gəncə şəhərində, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Şəmkir, Goranboy rayonlarında XIX əsrin ortları- XX əsrin əvvəllərində toxunan xovsuz və xovlu xalçalar, xalça məmulatları əsasında öyrənilir. Goranboy rayonunda yerləşən Faxralı kəndi Gəncəbasar bölgəsinin ən məşhur xalçaçılıq məntəqələrindən biri olmuşdur. Kənddə xalçaçılıq kütləvi xarakter daşıyan sənət sahələrindən biri idi. Ekspedisiya zamanı kəndin tarixi, etnoqrafiyası, o cümlədən adət-ənənələri, təsərrüfat və məşğuliyyət sahələri, həmçinin xalçaçıları haqqında məlumatlar toplanılmışdır. Xüsusilə kəndin qədim qəbiristanlığı bu yaşayış məskəninin qədim tarixinin şahididir. Burada müxtəlif üslublarda işlənmiş sinə və baş daşlarına rast gəlmək mümkündür. Maraqlıdır ki, qəbirlərin əksəriyyətinin üzərində dəfn olunan şəxsin hansı sənət və peşə sahibi olduğu real piktoqrafik təsvirlərlə göstərilmişdir. Bu Faxralı ərazisində həm həmin peşə sahələrinin inkişaf etdiyini göstərir.

Professor V.Muradov AEİ-nin əməkdaşlarının Gəncəbasar bölgəsinin digər tarixi kəndlərində də tədqiqat işlərini davam etdirəcəklərini və ekspedisiyanın nəticələri haqqında silsilə materialların hazırlanacağını bildirib.

Qeyd edək ki, sektor yarandığı vaxtdan bugünədək Azərbaycan boyaqçılıq sənəti, Naxçıvan xalçaçılığı, Lənkəran-Astara bölgəsinin xalçaçılığı mövzularında tədqiqatlar aparıb. Tədqiqatların nəticələri Azərbaycan, rus, ingilis və ərəb dillərində nəşr olunan kitablarda əksini tapıb.


Goranboy rayonunda yeni etnoqrafik tədqiqat (FOTO)





FACEBOOK ŞƏRH YAZ