• Gündəm • İdman

Ağdamda keçirilən Alpaqut üzrə yarış başa çatdı - YENİLƏNİB - FOTOLAR

448
7-09-2019, 22:58

Alpaqut Turan döyüş sənəti üzrə açıq Qarabağ turnirinin qalibləri müəyyənləşib.

BAKU.NEWS xəbər verir ki, Azərbaycan Alpaqut Federasiyası (AAF) Qarabağ Regional Nümayəndəliyinin və Ağdam rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə bu gün Ağdam Olimpiya İdman Kompleksində baş tutmuş açıq Qarabağ turniri yekunlaşıb.

Yarış Azərbaycanın Dövlət Himni ilə başlayıb. Rahib Məmmədovun, həmçinin respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan digər Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Zeynalov, Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti Rafiq Qasımov və başqaları çıxış edərək, Azərbaycanda idmanın inkişafına və gənclərə göstərilən dövlət qayğısından, Rahib Məmmədovun mənalı ömür yolundan danışıb, bu cür tədbirlərin gənc nəslin cəsur və vətənpərvər ruhda böyüməsində rolunu yüksək qiymətləndiriblər.

Məlumat verilib ki, Rahib Gülmalı oğlu Məmmədov 1967-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub. Ölümündən sonra “Qırmızı ulduz” ordeni ilə təltif olunub. Təhsil aldığı Mahrızlı kənd tam orta məktəbi onun adını daşıyır. Məktəbin həyətində Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyi yaradılıb. Bakının Xətai rayonunun Əhmədli yaşayış massivində Rahib Məmmədov adına küçə var. Gürcüstanın Çaladidi kəndində cəsur əsgərin abidəsi qoyulub.

Yarışda iştirak etmiş AAF-nin regional inkişaf üzrə vitse prezidenti Rafiq Qasımovun verdiyi məlumata görə altı rayonu təmsil etmiş 120 idmançının (Alpların) qatıldığı turnirdə komanda hesabı üzrə Aypara sistemində Ağdam, Batur sistemində Laçin, Caymaz sistemində Tərtər, Qurçaq sistemində isə Ağcəbədi birinci yeri tutublar.

Yarışın sonunda qalib idmançılara diplom və medallar təqdim edilib.


10:49


Rahib Məmmədovun xatirəsinə həsr edilmiş Alpaqut Turan döyüş sənəti üzrə açıq Qarabağ turnirinə 100 dən artıq idmançı (Alplar) qatılıb.

BAKU.NEWS xəbər verir ki, Azərbaycan Alpaqut Federasiyası (AAF) Qarabağ Regional Nümayəndəliyinin təşkilatçılığı ilə Ağdam Olimpiya İdman Kompleksində açıq Qarabağ turniri artıq start götürüb.

Yarışda iştirak edən AAF-nin regional inkişaf üzrə vitse prezidenti Rafiq Qasımovun verdiyi məlumata görə turnir Alpaqut Turan döyüş sənətinə daxil olan Aypara, Batur, Caymaz və Qurşaq sistemləri üzrə keçirilir.

Turnirdə Ağdam, Ağcəbədi, Laçın, Nərimanov, Bərdə və Tərtər komandaları təmsil edən 120 idmançı qüvvələrini sınayırlar.

Yarışın sonunda qalib idmançılara, diplom və medallar təqdim ediləcək.

Ağdamda keçirilən Alpaqut üzrə yarış başa çatdı - YENİLƏNİB - FOTOLAR





FACEBOOK ŞƏRH YAZ